Nədən Kəbə Evinə hər kəs buraxılmır?

19:00 16.04.2015
Yazını böyüt
Yazını kiçilt

- İBADƏT

Hər bir müsəlman üçün imkanı olduğu halda vacib buyurulmuş Həcc ziyarətində bir çox maraqlı məqamlar var: Kəbənin təvafı, Qara daş, Zəm-zəm suyu, Mina dağı, Şeytanın daşlanması və s. Təbii ki, hər bir ziyarətçidən ötrü ən maraqlısı belə bir müqəddəs məkanda onun tam görə, sirrinə vaqif ola bilmədiyi nəsnələrdir. Məkkədə müsəlmanların diqqətini daha çox cəlb edən, təbii ki, ətrafına təvaf edilən Kəbə Evidir.

Hər kəsdə təbii bir sual yaranır: görəsən, Kəbənin içində nə vardır? Nədən bu müqəddəs məkanın daxilinə yalnız xüsusi ali qonaqlar buraxılır? Bunu hətta müsəlmanlara qarşı ayrı-seçkilik kimi dəyərləndirənlər də var.

Xatırladaq ki, 1994-cü ildə Azərbaycan dövlət başçısı kimi Heydər Əliyev Ümrə ziyarətində olarkən öz adını Kəbə evinə daxil olmuş nadir şəxsiyyətlərin siyahısına yazdı. Bu günlərdə isə prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının ali qonağı kimi Kəbəyə daxil olmaq şərəfinə layiq görüldü...

Öncə Kəbənin əsas mahiyyəti və sirləri barədə danışaq. Dünyada Kəbədən daha çox şərafətli bir ziyarətgah yoxdur. Elə bir gün, elə bir saat olmaz ki, minlərlə ziyarətçi bu kubşəkilli (kub sözü məhz ərəbcə "kəbə" sözündən götürülüb) məkanın başına dolanmasın.

Kəbə Cənnətdə Adəmin (ə) ibadət etdiyi məbədin oxşarıdır

Rəvayətə görə, Adəm (ə) və Həvva Cənnətdən Yerə endirildikdə bir-birindən ayrı salınmışlar. Adəm Lanka adasına (Seylon), Həvva isə Məkkə şəhəri yaxınlığına, hazırda Ciddə limanının yerləşdiyi əraziyə göndərilmişdir və onlar uzun ayrılıqdan sonra Məkkə ərazisində, Ərəfat dağında bir-birilə tapışır. Adəm Cənnətdə ibadət etdiyi məbəddən ayrı düşdüyünə görə çox darıxırdı. Allah Öz rəhmətini göstərərək Yerə həmin məbədin oxşarını endirmişdir. Adəm orada Allahın buyruğuyla bəşər tarixində ilk ibadət evini tikib-qurmuşdur. O, Haqq dünyasına qovuşandan sonra həmin məbəd yenidən Yerdən götürülmüşdür. Lakin sonra həmin məbədin yerində Adəmin oğlu Sif Kəbə Evini tikmişdir. Nuh Peyəəmbərin (ə) dövründə baş verən tufan nəticəsində bu ibadətgah dağılmışdır. Rəvayətə görə, Hz. İbrahim Peyğəmbər (ə) xanımı Hacərin ölümündən sonra tez-tez Məkkə ətrafına səfər edib orada qalırdı. Növbəti səfərlərinin birində Allah ona Adəmin məbədinin yerində Kəbə Evini tikib bərpa etməyi buyurur. Bu yeri İbrahim peyğəmbərə Mələk Cəbrail göstərmişdir və o, Kəbə Evinin tikilməsində İbrahim və onun oğlu İsmayıla kömək etmişdir. Bununla da ilk insan və ilk peyğəmbər - Hz. Adəmin ucaltdığı ibadət ocağı yenidən bərpa edilmişdir.

Qara daş Cənnətdən endirilmişdir

Qədim zamanlardan müxtəlif tayfalar Kəbə Evini özləri üçün bütxanaya çevirmişlər. Məbədin içərisində yüzlərlə büt var idi. Onların arasında İbrahim peyğəmbərin (ə) və İsa peyğəmbəri (ə) əllərində saxlayan Məryəm Ananın şəkli də var idi. Məkkənin fəthi zamanı Kəbədəki bütlər Məhəmməd Peyğəmbər (s) tərəfindən məhv edildi. Burada yalnız Kəbə Evinə yapışdırılmış Qara dağı saxladılar. Müsəlmanlar bu daşın səmadan, cənnət bağlarından endirildiyinə inanır. Onlar bu daşın Hz. Adəmə Cənnətdən qovulduqdan sonra günahlarının təmizlənməsi üçün göndərildiyini düşünür.

Kəbədə İbrahim peyğəmbərin (ə) məqamı var

Kəbə bütün müsəlmanların ibadətgahı elan edildi. Oranı ziyarət etmək isə İslamın başlıca şərtlərindən biri oldu. Tarixi məlumatlara görə, Məhəmməd Peyğəmbər (s) hələ hicrətdə - Mədinə şəhərində olarkən Allah buyurmuşdur ki, müsəlmanlar namaz qıldıqları zaman üzlərini Kəbəyə çevirsinlər. Həmin vaxta qədər müsəlmanlar ibadət zamanı üzlərini Beytül-Müqəddəsə, Qüds şəhərinə tuturdular. Buna dair Allah-Taala "Bəqərə" surəsinin 149-cu ayəsində belə buyurmuşdur: "Hər hansı bir yerə gəldikdə (namaz vaxtı), üzünüzüMəscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə Haqqdır!..". İslam sivilizasiyasının ərsəyə gəldiyi ilk vaxtlardan - 632-ci ildən başlayaraq Məkkəni və oradakı ən qədim ibadət ocağı olan Kəbə Evini ziyarət etmək mərasimi müsəlmanlar tərəfindən daha geniş icra edilməyə başlanmışdır. Bu ayin Həcc ziyarəti adı ilə məşhurdur. Allah"Ali-İmran" surəsinin 96-97-ci ayələrində buyurur: "Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin Həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur".

Kəbə binasının küncləri düz Yer kürəsinin qütblərinə - şimal, cənub, şərq və qərb istiqamətlərinə istiqamətlənmişdir. Bu künclərin hər birinin öz xüsusi adı vardır. Kəbənin şərq küncündə Həcərül-Əsvəd adlanan Qara daş yerləşir. Şimal küncü İraq, qərb küncü Şam, cənub küncü isə Yəmən küncü adlanır.

"Kəbəni əzəmətli edən sevgili Peyğəmbərimizdir(s)"...

"Kəbə evinin daxilinə yalnız nadir hallarda, özü də mötəbər şəxsiyyətlərin buraxılması ziyarətçilərin hədsiz çoxluğu, yaxud orada hamının görməyi məsləhət olmayan bir sirlə bağlıdır, yoxsa başqa səbəblər var?" sualına Həcc ziyarətində olmuş tanınmış ilahiyyatçı və ziyalılar nədənsə çox ehtiyatla cavab verir. Hətta bəziləri bu barədə dərin məlumata malik olmadıqlarını bildirərək sualımıza cavab verməkdən çəkindilər. İki dəfə Kəbəni ziyarət etmiş Qarabağ Seyid Ocaqları İctimai Birliyinin rəhbəri Seyid Camal Əzimbəyli məsələyə belə münasibət bildirdi: "Təəssüf ki, Kəbənin içərisinə daxil olmaq xoşbəxtliyi bizlərə nəsib olmayıb. Lakin hesab edirəm ki, o müqəddəs məkanın içərisində müsəlmanlardan gizlin saxlanıla biləcək elə bir sirr yoxdur. Biz İslam əhli, Əhli-Beyt davamçıları üçün ən böyük sir və möcüzə Allahdan gələn vəhylə əxz etdiyi Quran vasitəsilə həmin Kəbəni bizlərə tanıdan, bizləri müsəlman olmaq və bu məkanı ziyarət etmək xoşbəxtliyinə çatdıran, o məkanı sirli və əzəmətli edən, Allahın şəninə tərif dediyi sevgili Peyğəmbərimizdir (s). Bununla belə, bu gün milyonlarla müsəlman, o cümlədən yüz minlərlə azərbaycanlı 14 əsr öncə Rəsuli-Əkrəmin(s) bütlərdən və bütpərəstlərdən təmizlədiyi o müqəddəs Kəbə Evinin içərisini də ziyarət etmək həsrətindədir. Və biz qürur duyuruq ki, dünyada həmin məkana daxil olmaq şərəfinə nail olmuş müstəsna şəxsiyyətlərdən biri öncə ulu öndər Heydər Əliyev, bu günlərdə isə hazırkı dövlət başçısı İlham Əliyev oldu. Kəbə Evinin qapılarının Azərbaycan prezidentinin və ailəsinin üzünə açılması onun Allahın nəzərində olmasının bir təzahürüdür. Bu həm də cənab prezidentin İslam dəyərlərinə, müsəlman kimliyinə olan sevgisinin əyani sübutudur...".

"Kəbəyə daxil olmağa məhdudiyyət xüsusi imtiyazla bağlıdır"

MM üzvü Fazil Mustafa sualımızı çox qısa cavablandırdı. Millət vəkili Kəbə evinə daxil olmağa məhdudiyyətin yalnız xüsusi imtiyaz, status, vəzifə ilə bağlı olduğunu bildirdi.

Şəhər məscidlərindən birinin əməkdaşı olan Hacı Rahab isə hesab edir ki, əgər Kəbə Evinə yalnız Heydər Əiyev, İlham Əliyev kimi nüfuzlu dövlət xadimləri, siyasətçilər buraxılırsa, deməli, orada doğrudan da bizlərin bilmədiyi bir sirr var. Bu sirri isə yalnız Allah və Məkkəyə sahiblik edən Səudiyyə rəsmiləri və Kəbənin açarlarına sahib olan Peyğəmbər tayfasına mənsub ailə bilir.

Kəbənin içində nə var

Kəbənin içərisi Türkiyədə çap edilmiş İslam ensiklopediyasında belə təsvir edilir: "İçi dördguşəli bir otaq görünüşündə olan Kəbənin Ruknu-l-İraqi guşəsinə - dama çıxmaq üçün pilləkən və qabağında "tövbə qapısı" adlandırılan bir qapı var. Döşəmə mərmərdəndir. Divarlar 2 metr hündürlüyə qədər mərmərlə döşənib.

Kəbədə aparılan təmir və tikinti işləri ilə əlaqədar olaraq qərb tərəfdəki divara 5, şərq və şimal divarlarına isə 1 kitabə yerləşdirilib. Döşəmənin ortasında Abdulla ibn Zübeyr dövründən qalma cənub-şimal istiqamətində düzülmüş 3 taxta dirək və bunlardan qapının qabağındakının qabağında qərb divarına tərəf Həzrəti Peyğəmbərin(s) namaz qıldığı yer var. Bura səccadə (canamaz) formasında bir mərmərlə işlənib ki, nəzərə çarpsın.

Tavan və divarlar yuxarıdan mərmər üzlüklərə enən qırmızı atlasdan hazırlanmış bir pərdə ilə örtülüb. Tavan ilə damın arasında 1,33 metrlik bir məsafə var". (MƏNBƏ: Sadettin Ünal, "Kəbe (Kəbə)", Diyanet İslam Ansiklopedisi, 24-cü cild, səhifə 15, Türk dilində).

Kəbə həm də planetimizin maqnit mərkəzidir...

Müasir elm Kəbə Evindəki Qara daşın həqiqətən göylərdən enmiş bir daş olduğunu sübut edə bilməsə də, Kəbənin özünün yerləşdiyi məkanın bir sıra həqiqətən sirli xüsusiyyətlərini açıqlamaqdadır. Misir mütəxəssisi, Qahirə Universitetinin professoru doktor Hüseyn Kəmaləddin elmi olaraq sübut etmişdir ki, vulkanik fəaliyyət nəticəsində ilk dəfə quru məkan məhz Kəbənin olduğu yerdə yaranıb. Həmin vaxta qədər isə bütün planet su ilə örtülmüşdür. Quru ərazilər buradan yayılmağa, genişlənməyə başlanmışdır. Uzun araşdırmalar nəticəsində 1977-ci ildə Kəbə və Məkkənin bütün quru ərazilərin mərkəzi olduğu rəsmi surətdə sübut edilmişdir. Məlum olmuşdur ki, Kəbənin dayandığı nöqtədə Yerin maqnit mərkəzi yerləşir. Maraqlıdır ki, Yerin maqnit qütbləri dəyişdiyi halda, Kəbədəki maqnit mərkəzi əvvəlki kimi qalır. Bu, dünyanın hər bir nöqtəsindən Kəbəyə olan istiqaməti (qibləni) ölçəndə müəyyən olunmuşdur. Alimlərin təəccübünə səbəb olan fakt bu olmuşdur ki, qiblə maqnit xətlərinin (onlar bütün istiqamətlərdən Məkkəyə, Kəbəyə yönəlir) istiqaməti ilə üst-üstə düşür. Bütün bunlara görə, bir sıra alimlər sıfır meridianının Londonun Qrinviç rəsədxanasından deyil, məhz Məkkədən hesablanmalı olduğunu vurğulayırlar. Kəbə Evi yeganə yerdir ki, daxilində istədiyin istiqamətə dayanıb namaz qıla bilərsən.

İmam Əli (ə) Kəbə evində dünyaya gəlib

Kəbə Evini müsəlmanlar üçün əziz edən cəhətlərdən biri də onun içərisində Peyğəmbərimizin(s) əmisi oğlu Həzrət Əlinin(ə) dünyaya gəlməsidir. Müqəddəs Evin "Rükn əl-Yəmani" adlanan cənub divarındakı çatlaq bir yer "Əli məqamı" adlanır. Xatırladaq ki, İlham Əliyev son Ümrə ziyarəti zamanı həmin məqama da baş çəkib. Bu məqam Fatimə bint Əsədin İmam Əlini (ə) dünyaya gətirmək üçün müqəddəs Kəbə Evinə daxil olduğu yerdir.

Ən böyük əhli-Sünnə alimlərindən hesab edilən Hakim Nişaburi özünün "Müstədrək" adlı əsərində yazır: "Mötəbər rəvayətlərdə deyilir ki, Fatimə bint Əsəd Əmirəlmöminin Əli ibn Əbu Talibi Kəbənin içində dünyaya gətirib.". Şeyx Müfid (r.ə) mövzuyla əlaqədar belə yazır: "Əmirəlmöminin Əli (ə.s) Rəcəb ayının 13-də Ammul-fil ilinin 30-da Məkkədə Beytullahın içində dünyaya gəldi. Nə Əlidən əvvəl, nə də ondan sonra kimsə o mübarək məkanda dünyaya gəlmə səadətinə nail ola bilməmişdir. Mötəbər tarixi mənbələrdə qeyd edilir ki, Həzrət Əlinin (ə) anası Fatimə bint Əsəd o həzrəti dünyaya gətirmək istədiyi ərəfədə Kəbə Evinin ətrafına gəlib və sözügedən məqamdan ora daxil olub. Bir neçə müddətdən sonra isə dünyaya gətirdiyi İmam Əli ilə (ə) birgə oradan çıxıb. Həmin məqam o vaxtdan etibarən bu cür çat vəziyyətində qalıb. Tarixən mənfur Əhli-Beyt düşmənlərinin həmin məqamı müxtəlif vasitələrlə örtərək aradan aparmaq istəmələrinə baxmayaraq, heç bir şeyə nail ola bilməyiblər. Belə ki, "Rukn əl-Yəmani" məqamının üzəri hər dəfə müxtəlif vasitələrlə örtülsə də (üzləmə), yenidən əvvəlki vəziyyətinə qayıdıb.

Kəbə evinin açarlarını kim saxlayır

Mövzumuz üçün diqqətəlayiq məsələlərdən biri də Kəbə Evinin açarlarının kimlərə etibar edilməsidir. Əslən Həzrəti İslam Peyğəmbərinin tayfasından - Qüreyşlərdən olan Əş-Şeybi nəsli 1400 ildən artıqdır ki, Kəbənin açarlarını özlərində saxlayır və nəsildən-nəslə keçirirlər. Kəbənin açarlarını saxlayan Əş-Şeybi ailəsinin icazəsi olmadan Allah Evinin qapıları açılmır. Yalnız bu ailənin icazəsi ilə müsəlman olan dövlət adamlarının Məkkəyə səfərində və ildə iki dəfə təmizlik üçün Kəbə Evinin qapıları açılır. Bu günədək bütün Ərəbisatan dövlət başçıları da yalnız Əş-Şeybi ailəsinin icazəsi ilə Kəbəyə daxil olur.

Kəbənin sirlərindən biri də məhz bu açarla bağlıdır. Belə ki, açarı Əş-Şeybi ailəsindən başqa birisi əlinə aldığı təqdirdə belə müqəddəs evin qapıları açılmır. Amma Əş-Şeybi ailəsindən kiçik bir uşaq belə açarı götürsə qapı açılar. Kəbə Evinin açarının, örtüyünün, həmçinin Kəbə yaxınlığındakı İbrahim Peyğəmbərin ayaq izinin əks olunduğu daşın yer aldığı Məqami-İbrahim adlı yerin açarı da Əş-Şeybi ailəsindədir.

Məhəmməd Peyğəmbər(s) zamanında Kəbənin açarının kimdə qalmasına dair gərgin müzakirələrin getməsi və Peyğəmbərin(s) bunu Əş-Şeybi ailəsinə verməsi yazılı qaynaqlarda da yer alıb.

Müqəddəs Kəbə Evinin açarlarını saxlayan, Qüreyş qəbiləsindən Əbdüləziz Əş Şeybi 2010-cu ilin noyabr ayının 10-da - 87 yaşında dünyasını dəyişib. Bu gündən sonra keçirilən təhvil-təslim tədbirində açarlar Əbdüləziz Əş-Şeybinin qardaşı Əbdülqədir Əş-Şeybiyə verilib.

Bəzi məlumatlara görə, XX əsrin 90-cı illərinədək Kəbənin qapıları həftədə iki dəfə ziyarətçilər üçün açılırmış. Ancaq 1996-cı ildə Kəbənin ərazisi genişləndirildikdən və ziyarətçiləri sayı qat-qat artdıqdan sonra bunu etmək mümkün olmayıb. Odur ki, hazırda müqəddəs məkanın qapıları yalnız ildə iki dəfə xüsusi ziyarətçilər üçün açılır.

Müsəlmanlar Kəbəyə sitayiş etmirlər...

Son zamanlar İslamı və Həccin mahiyyətini dərindən anlamayan bəziləri müsəlmanları Kəbəyə və Qara daşa sitayiş etməkdə qınayır və onları bütpərəstlikdə ittiham edirlər. Bu cılız məntiqlə biz eyni tərzdə gündəlik yararlandığımız kompas, işıqfor, yol göstəriciləri, mayaklar və s. əşyalara sitayiş edirik. Bu mənada Kəbə də, Qara daş da, sadəcə, Həcc ziyarətçilərinə ziyarətə haradan başlamağı və hansı istiqamətdə hərəkət etməyi bildirən göstərici olmaqla sitayiş deyil, hörmət obyektləridir. Həzrəti Ömər(ə) bir dəfə Qara daşı öpdükdən sonra deyir: "Ey Qara daş, sən sadəcə, bir cansız daşsan. Sən mənə heç nə verə bilməzsən. Əgər Peyğəmbərin (s) səni öpdüyünü gözlərimlə görməsəydim, heç zaman səni öpməzdim"...

Planetin hər tərəfində yaşayan, irqindən, millətindən, dilindən, varlı-kasıblığından, cinsindən asılı olmadan bütün müsəlmanlar hər gün ərzində azı 5 dəfə üzlərini Məkkə - Kəbə istiqamətinə çevirib namaz qılır, Yaradana dualar edirlər. Bu, həm də cəmi müsəlmanların, sonda isə bütövlükdə bəşər əhlinin yersiz və xırda təfriqələrə uymadan hər cəhətdən bir olmalarının vacibliyinə işarədir...

Sultan Laçın

rubrikasından digər xəbərlər