Nərə balığı ovu ilə məşğul olan 20 nəfər saxlanılıb

15:41 13.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə tədbirlər davam etdirilir.

Baş Prokurorluq və Dövlət Sərhəd Xidmətindən hafta.az-a daxil olan birgə məlumata görə, son günlər ərzində Xidmətin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri tərəfindən Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitələrinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nərə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edilib.

Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanıllb. Onlardan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri olmaları müəyyən edilib.

Qeyd edilən hüquq pozmalara yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmaları üçün Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.