Niderland polisi "Boris Consonu" sərxoş vəziyyətdə avtomobil sürərkən saxladı

12:26 02.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Niderlandda sərxoş sürücünün avtomobilində Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun adı və şəkli olan saxta sürücülük vəsiqəsi tapılıb.

Hafta.az-ın "The Guardian"a istinadən yazdığına görə, polisin verdiyi açıqlamada, bazar günü gecə şimaldakı Qroningen şəhərindəki Emma körpüsündə bir avtomobilin dirəyə dəyməsindən sonra polis əməkdaşlarının hadisə yerinə getdiyi bildirilib. Polis sözçüsü Thijs Damstra, körpüdəki sürücünün adını açıqlamayıb və onun nəfəs testi verməkdən imtina etdiyini söyləyib. 

Damstra deyib ki, polis 35 yaşlı ukraynalı sürücünü avtomobili sərxoş vəziyyətdə idarə etdiyi saxladıqdan sonra avtomobilində axtarış apararkən sürücülük vəsiqəsini tapıb. Sürücünün əsl şəxsiyyəti açıqlanmasa da, onun Qroningen şəhərinin qərbindəki Zuidhorn qəsəbəsində yaşadığı bildirilir.

Avtomobilin sürücülük vəsiqəsində Consonun adı, soyadı və şəkli var. Həmçinin, Böyük Britaniyanın keçmiş liderinin doğum tarixi - 19 iyun 1964-cü il də düzgün yazılıb. Polis saxta sürücülük vəsiqəsinin harada hazırlandığını müəyyən etmək mümkün olmadığını bildirib.

Niderland ictimai yayımı NOS-un keçmiş Rusiya üzrə müxbiri Kyisa Hekster bu lisenziyaların Ukraynada turistlərə mal satan mağazalardan asanlıqla alına biləcəyini deyib. Hekster Twitter hesabındakı paylaşımında Ukraynadan Fransa prezidenti Emmanuel Makron və Almaniyanın keçmiş kansleri Angela Merkelin adına hazırlanmış saxta sürücülük vəsiqələri aldığını da yazıb.