Niger Əlcəzairin vasitəçilik təklifini qəbul edib

09:43 03.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzair Xarici İşlər Nazirliyi, prezident Əbdülməcid Tebbunun təqdim etdiyi təşəbbüsə əsasən, çevrilişin baş verdiyi qonşu Nigerdəki hərbi liderlərin Əlcəzairin vasitəçiliyini və “altı aylıq keçid planını” qəbul etdiyini açıqlayıb.

Hafta.az-ın AWP-ya istinadən yazdığına görə, nazirlik bu barədə öz sosial media platformasında açıqlama yayıb. Bəyanatda həmçinin, “Nigerin Əlcəzairin təşəbbüsünü qəbul etməsi ölkədəki böhranın siyasi həll variantını gücləndirib. Bu, regionun maraqlarını qoruyacaq şəkildə böhranın sülh yolu ilə sona çatmasını asanlaşdıracaq lazımi şəraitin təmin edilməsinə yol açır” deyilir.

Bildirilir ki, prezident Tebbun xarici işlər naziri Əhməd Attafa bütün tərəflərlə danışıqlara başlamaq üçün mümkün qədər tez Niameyi ziyarət etmək tapşırığını verib.

Əlcəzair avqustda, Nigerdəki böhranı razılığa əsaslanan vətəndaş hakimiyyətinin nəzarəti altında, 6 ay davam edəcək və ölkədə konstitusiya quruluşunun bərpasını təmin edəcək tənzimləmələrlə aradan qaldıracaq təşəbbüs təklifi verdiyini açıqlayıb.