Nyu-York merinin cib telefonunda "Türk Evi mesajları" tapılıb

09:10 13.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə vətəndaşlarından ianə topladığı iddiası ilə ABŞ-da FTB tərəfindən elektron cihazları ələ keçirilən Nyu-York meri Erik Adamsla bağlı aparılan istintaqda yeni təfərrüatlar ortaya çıxıb.

Hafta.az-ın “New York Post” qəzetinə istinadən yazdığına görə, federal səlahiyyətlilər Adamsın Türkiyənin Manhettendə tikdiyi Türk Evinin əməliyyatlarını sürətləndirməyə çalışdığını müəyyən edib.

Müsadirə edilən cihazlarda tapılan mesajlar arasında o zaman Bruklin səmtinin rəhbəri və Demokratlar Partiyasından bələdiyyə sədrliyinə namizəd olan Adamsın Türkiyənin Nyu-York baş konsulu Reyhan Özgür və Nyu-York Yanğınsöndürmə İdarəsinin rəisi Daniel Niqro ilə söhbətləri olub.

FTB Erik Adamsa məxsus üç mobil telefon və iki planşet kompüteri ələ keçirib.

Fayldan xəbərdar olan mənbələr bildiriblər ki, mesajlarda cinayət tərkibi yoxdur.

İddiaya görə, baş konsul Reyhan Özgür 5 sentyabr 2021-ci ildə Adamsa mesaj göndərərək, Türk Evinin tikintisinin tamamlandığını, ancaq onu açmaq üçün yanğınsöndürmə idarəsindən istifadə icazəsi tələb olunduğunu və Niqro ilə tanış olub-olmadığını soruşub.

Adamsın bu mesajı Niqroya çatdırdığı və ondan məsələyə diqqət yetirməyi tələb etdiyi iddia olunub. Nyu-York Yanğın Departamentinin rəhbəri Niqro, iddialara görə, sentyabrın 10-da Adamsa zəng edərək lisenziyanın təsdiqlənməsinin sentyabrın 13-də hazır olacağını bildirib.

Erik Adams iddia edilən mesajlaşmadan üç ay sonra, 2021-ci ilin dekabrında Nyu Yorkun meri seçilib.

36 mərtəbəli Türk Evi 21 sentyabr 2021-ci ildə istifadəyə verilib. Bina Türkiyənin Nyu Yorkdakı Baş Konsulluğu kimi istifadə olunmaqla yanaşı, bir çox iclas otaqlarına və yaşayış sahələrinə də ev sahibliyi edir.

Adamsın kampaniya komandası, Niqro və FTB mesajlaşma ilə bağlı şərh tələblərinə cavab verməyib.

Məsələyə münasibət bildirən Bronx rayon meri Ruben Diaz Jr, "Mən bunun açıq sübut olduğunu düşünmürəm və burada problem görmürəm. Seçilmiş hər bir məmur qurumlar, şirkətlər və seçicilər adından şəhərin qurumlarına zəng edə bilər. Bu, etdiyimiz adi şeydir" deyib.

Şəhər Şurasının üzvü Kevin Riley də mer Adamsın səhv bir şey etdiyinə inanmadığını söyləyib.

Ölkənin aparıcı qəzetlərindən olan “New York Times” elektron cihazların Adamsın seçki kampaniyası ilə bağlı aparılan istintaq çərçivəsində ələ keçirildiyini yazıb. İstintaq kampaniya zamanı Adamsın saxta donorlar vasitəsilə Türkiyə hökumətindən və ABŞ-dakı türk şirkətlərindən pul alıb-almadığını araşdırır.

Federal qanuna əsasən, əcnəbi vətəndaşların ABŞ-da seçki kampaniyalarına ianə verməsi qadağandır.

FTB noyabrın 2-də Adamsın kampaniyasına ianələrə cavabdeh olan Brayanna Suggsın evinə də basqın edib. Əməliyyat zamanı iki noutbuk, üç mobil telefon və üzərində “Eric Adams” yazılan qovluq götürülüb.

FTB-nin 25 yaşlı Suggs haqqında verdiyi axtarışda Nyu-Yorkun Bruklin rayonunda yerləşən və sahibləri türk olan KSK Construction adlı şirkətin adı hallanır.

Çərşənbə günü verdiyi açıqlamada Adams, 2014-2021-ci illər ərzində Bruklin bölgəsinin meneceri olduğu dövrdə bir neçə dəfə Türkiyəyə getdiyini və investisiya cəlb etmək üçün iş adamları ilə görüşdüyünü bildirib.