“Ölkənin siyasətini “Məsihçi radikallar” formalaşdırır” – İsrailli politoloq

10:15 04.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailli politoloq Qayl Talşir bildirib ki, fələstinlilərin Qəzza zolağından qovulması ilə bağlı kəskin fikirlər irəli sürən ifrat sağçı “messianist radikallar” ölkəni və baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin siyasətini formalaşdırır.

Hafta.az-ın “Haaretz” qəzetinə istinadən yazdığına görə, Qüds İvrit Universitetində çalışan politoloq Talşir ölkədəki məsihçi radikal qrupların İsrailin siyasi rəhbərliyini və siyasətlərini necə formalaşdırdığına dair qiymətləndirmələr edib.

Yanvarın 28-də Qüds Beynəlxalq Konqres Mərkəzində ifrat sağçıların təşkil etdiyi və “Fələstinlilərin Qəzzadan çıxarılması” ideyasını dəstəkləyən çıxışların səsləndirildiyi konfransa işarə edən Talşir, iştirakçılar arasında Likud, Dini Sionizm, Otzma Yehudit (Yəhudi Gücü) və Birləşmiş Tövrat Yəhudiliyi kimi dörd partiyadan ən azı 10 nazir və 27 millət vəkilinin olduğuna diqqət çəkib ki, bu da İsrail parlamentinin təxminən dörddə birinə uyğundur.

Talşir, ekstremist ideyaları ilə tanınan maliyyə naziri Bezalel Smotriçin “dini” sionist hərəkatı öz üzərinə götürdüyünü və ifrat dini mesajların İsrail siyasətinin əsas axınına yerləşdiyini deyib: “Yəhudiliyin əksər məktəblərində ifrat akt hesab edilən bu hərəkət bu gün sağ tərəfdə millətçi-simvolik bir hərəkətə çevrilib. Eyni şey fələstinlilər tərəfindən xüsusi mülkiyyətdə olan və indi “gənc qəsəbələr” adlandırılan torpaqlarda tikilmiş qanunsuz məskunlaşma məntəqələri üçün də keçərlidir. Bu gün bunlar Netanyahu hökumətinin xəttini diktə edirlər".

Netanyahunun siyasi maraqları üçün rəhbərlik etdiyi Likud Partiyasını ifrat sağçıların partiyasına çevirdiyinə işarə edən israilli politoloq, “İndi Netanyahuya nəzarət edənlər, necə idarə olunacağına dair genetik kodu sındırmış insanlardır” deyib.

Qayl Talşir İsrailin Səudiyyə Ərəbistanı, Misir və Fələstinlə geostrateji razılaşma imkanının iyun ayına qədər davam edəcəyini və bu tarixdən sonra ABŞ administrasiyasının ölkədəki seçkilərlə əlaqədar diplomatik addımlarının çətinləşəcəyini bildirib.

Talşir bəyan edib ki, Benni Qants və Qadi Eysenkot kimi Müharibə Kabinetinin üzvləri Netanyahuya ultimatum verməlidirlər ki, Netanyahu ölkənin maraqlarına uyğun qərarlar qəbul etməyə məcbur olsun.