“Özbəkistan - Azərbaycan əlaqələri inkişafının pik dövrünü yaşayı” - Baxrom Aşrafxanov

21:36 14.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qardaş Özbəkistan Respublikasının Müstəqillik Günü münasibətilə Bakıda bayram tədbiri keçirilib. Özbəkistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmiş rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, millət vəkilləri, diplomatik korpusun təmsilçiləri, eləcə də Azərbaycan və Özbəkistan ictimaiyyətinin üzvləri iştirak ediblər.

Azərbaycan və Özbəkistanın dövlət himnlərinin səsləndirilməsi ilə bağlayan tədbirdə açılış nitqi ilə çıxış edən Özbəkistanın ölkəmizdəki səfiri Baxrom Aşrafxanov ilk növbədə dostluq və qardaşlıq münasibətlərinin inkişafına göstərdiyi daimi qayğıya və ölçüyəgəlməz töhfələrə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib.

Diplomat deyib ki, müstəqillik illərində Özbəkistan şərəfli inkişaf yolunu qət edib, iqtisadiyyatını və sənayesini gücləndib, turizm potensialını artırıb, demokratik, sosial, inkişaf etmiş vətəndaş cəmiyyətinə malik dövlətə çevrilib. Ötən illər ərzində Özbəkistan dünya birliyinin mühüm subyekti statusunu möhkəmləndirərək xarici tərəfdaşlar dairəsini genişləndirib və onların sırasında Azərbaycan xüsusi yer tutur.

“Baxmayaraq ki, bu gün müstəqilliyimizin 32-ci ildönümünü qeyd edirik, Özbəkistan dövlətçiliyinin dərin tarixi var. Özbəkistan həmişə Cəlaləddin Mənquberdi, Əmir Temur, Mirzə Uluqbəy, Zahirəddin Məhəmməd Babur kimi böyük tarixi dövlət xadimləri, o cümlədən elmi inkişafına töhfələr verən İbn Sina, Əl-Xorəzmi, Əl-Biruni kimi dünya şöhrətli alimlərlə qırılmaz şəkildə bağlı olub. Bu gün Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistan xalqı öz ulu əcdadlarına və adət-ənənələrinə hörmətlə yanaşır, inkişaf yolunu davam etdirir və Yeni Özbəkistanı yaradır” deyən cənab Aşrafxanov xüsusilə qeyd edib ki, Özbəkistan-Azərbaycan münasibətlərinin ortaq tarixə, adət-ənənələrə, dinə, dilə, qarşılıqlı sevgi və etimada əsaslanan sürətli inkişafı ona sevinc və məmnunluq hissi verir.

Səfir qürurla bildirib ki, Özbəkistanla Azərbaycanın qarşılıqlı faydalı əlaqələri öz inkişafının pik dövrünü yaşayır, özbək və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələri günü-gündən möhkəmlənir.

“Təbii ki, ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsində Özbəkistan və Azərbaycan prezidentləri cənab Şavkat Mirziyoyev və cənab İlham Əliyevin xidmətləri böyükdür. Sevindirici haldır ki, dövlət başçılarımızın Özbəkistana və Azərbaycana hər səfəri ikitərəfli münasibətlərin salnaməsinə növbəti tarixi hadisə kimi yazılır və bu vəziyyət xoş ənənəyə çevrilir. O cümlədən, Azərbaycan Prezidentinin 2022-ci ilin iyununda Özbəkistana dövlət səfəri əlaqələrimizin inkişafına güclü təkan oldu. Özbəkistan Prezidentinin bu ilin avqustunda Azərbaycana dövlət səfərinin yekunları ikitərəfli əməkdaşlığın və strateji tərəfdaşlığın möhkəm təməlini daha da möhkəmləndirdi. Yüksək səviyyəli səfərin əsas nəticəsi Dövlətlərarası Ali Şuranın yaradılması haqqında sazişin imzalanması oldu ki, bu, ölkələrimiz arasında yeni və keyfiyyətli qarşılıqlı əməkdaşlıq mexanizminin yaranmasından xəbər verir”, - deyib səfir Baxrom Aşrafxanov.

Gələcəkdə daha yüksək səviyyəli təmasların şahidi olacağımıza əmin olduğunu deyən səfir qeyd edib ki, məhz bu təmasların nəticələri Özbəkistanın və Azərbaycanın uzunmüddətli maraqlarına cavab verəcək, xalqlarımız arasında qardaşlıq əlaqələrini daha da möhkəmləndirəcək.

Azərbaycan hökuməti adında qardaş bayramına qatılan Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, Azərbaycan xalqı Özbəkistanın əldə etdiyi mühüm nailiyyətlərə, beynəlxalq aləmdə qazandığı nüfuza və hər il daha çox uğurlara imza atmasına sevinir.

Azərbaycanla Özbəkistanı əsl dostluq və qardaşlıq tellərinin birləşdirdiyini deyən Şahin Mustafayev bildirib ki, müasir tariximizdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub.

“Bu gün dövlət başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin birgə səyləri ilə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı bütün istiqamətlərdə yüksələn xətlə inkişaf edir. Ölkələrimiz arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, MDB, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq əlaqələri qurulub. Dövlət başçıları arasında şəxsi etimad münasibətləri və daimi təmaslar ikitərəfli əlaqələrin möhkəmlənməsində əsas rol oynayır. Bu baxımdan ötən il çox məhsuldar olub. Belə ki, Azərbaycan prezidenti Özbəkistana üç dəfə səfər edib. Bunlardan ən əsası dövlət səfəri idi ki, bu mühüm sənədlər paketinin imzalanması ilə əlamətdar olub. Dövlət başçıları tərəfindən imzalanmış strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi haqqında Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb” deyən hökumət başçısının müavini əlavə edib ki, səfər çərçivəsində həmçinin Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan küçənin, habelə onun barelyefinin açılışı da Azərbaycan xalqına böyük hörmətin təzahürü kimi qiymətləndirilir.

“Fürsətdən istifadə edərək bu il Özbəkistanda Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Hökuməti adından minnətdarlığımı bildirirəm. Heydər Əliyev Özbəkistanın böyük dostu idi. Biz Özbəkistanda Heydər Əliyevin xatirəsinə göstərilən hörmət və ehtiramı yüksək qiymətləndiririk. Bu il isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana iki səfəri olub. O cümlədən, avqust ayında reallaşmış dövlət səfəri zamanı ümumilikdə 20 sənəd imzalanıb” deyən Şahin Mustafayev dövlət başçıları tərəfindən imzalanan “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”nin əhəmiyyətini xüsusi vurğulayıb.

O, Şuranın yaradılmasını ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin bariz göstəricisi adlandırıb.

Səfəri çərçivəsində Füzulidə Özbəkistan Prezidentinin şəxsi təşəbbüsü ilə Azərbaycana bağışladığı məktəbin açılışı olduğunu xatırladan Baş nazirin müavini qeyd edib ki, bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və Azərbaycan xalqı bu qardaşlıq və həmrəylik jestini çox yüksək qiymətləndirir.

“Ticarət-iqtisadi əməkdaşlıq dövlətlərarası əlaqələrimizin əsas prioritetlərindən biridir. Dövlət başçılarımız tərəfindən verilən tapşırıqlara uyğun olaraq bu istiqamətdə zəngin potensialımızın maksimum dərəcədə reallaşdırılması üçün hökumətlərimiz ardıcıl səylər göstərirlər. Bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu bu məqsədə xidmət edəcək. İyulda Şuşada Hökumətlərarası Komissiyanın növbəti iclası keçirildi. Komissiya əməkdaşlığımızın gündəliyində duran aktual məsələlərin bütün spektrini ətraflı şəkildə təhlil etdi. Nəqliyyat-tranzit sahəsində əlaqələrimizə böyük əhəmiyyət veririk. Yük axınlarının artırılması ilə bağlı dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmalar bizim üçün bir yol xəritəsidir ki, biz bu istiqamətdə birgə səy göstərmək əzmindəyik. Mədəni-humanitar sahədə əməkdaşlıq dövlətlərarası münasibətlərimizin əsasını təşkil edir. Avqustda Azərbaycanda Özbəkistanın Mədəniyyət Günləri böyük uğurla keçdi. Azərbaycan tamaşaçıları bir daha qardaş özbək xalqının nümayəndələrinin yüksək ustalığının və istedadının şahidi oldular. Qarşılıqlı fəaliyyətimizin təməlini məhz nəhəng mədəni zəmin təşkil edir və buna görə də dövlət başçıları razılığa gəldi ki, bu cür tədbirlər müntəzəm keçirilsin. Çünki bu cür mübadilə insanlar arasında əlaqələrin möhkəmləndirilməsinə, xalqlarımızın bir birini daha da yaxından tanımasına xidmət edir”, - deyib Şahin Mustafayev.

Hökumət rəsmisi bildirib ki, Azərbaycan-Özbəkistan qardaşlıq əlaqələrinin əhatə dairəsi çox genişdir. Onun sözlərinə görə, qeyd edilən sahələrdən əlavə neft-qaz, investisiya, sənaye, pambıqçılıq, ipəkçilik, kənd təsərrüfatı, təhsil, səhiyyə - ümumiyyətlə bütün istiqamətlərdə səmərəli əməkdaşlıq edilir. 

Şahin Mustafayev sonda əminliklə deyib ki, dövlət başçılarının müdrik rəhbərliyi ilə Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə dərinləşdirilməsi, əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səyləri bundan sonra da uğurla davam etdiriləcək.

Daha sonra bayram tədbiri bir-birindən gözəl özbək və Azərbaycan mahnılarının sədası altında davam edib.

P.S. "Həftə içi" qəzetinin kollektivi olaraq cənab səfir Baxrom Aşrafxanov başda olmaqla qardaş Özbəkistanın ölkəmizdəki səfirliyinin diplomat heyətini və bütün özbək xalqını təbrik edirik.