Pakistan Baş nazirin insan hüquqları və qadınların səlahiyyətlərinin artırılması üzrə xüsusi köməkçisi Muşaal Hüseyn Mulliç Hindistanın nəzarətində olan Cammu və Kəşmirdə insanların problemlərini bütün beynəlxalq forumlarda qaldırmağa davam edəcəyinə söz verib.
Hafta.az-ın dunyanews.tv-yə istinadən yazdığına görə, özəl universitetdə keçirilən “Pehchan Pakistan” konfransında çıxış edən Mulliç bildirib ki, kəşmirlilər Birləşmiş Millətlər Təşkilatının vəd etdiyi kimi öz müqəddəratını təyin etmək kimi ayrılmaz hüquqları uğrunda son 70 ildir mübarizə aparırlar.
O, Cammu və Kəşmirdə bir milyondan çox hərbçinin yerləşdirilməsinə baxmayaraq, kəşmirlilərin azadlıq səsini yatıra bilmədiklərini söyləyib.
Xanım Mulliç qadın və uşaqların rüsvay edildiyi, azadlıqsevər gənclərin və digər insanların ağır işgəncələrə məruz qaldığı üçün bu bölgədə heç kimin təhlükəsiz olmadığını vurğulayıb.
Xüsusi köməkçi Kəşmir xalqının soyqırımını davam etdirmək üçün saxta və vaxtı keçmiş dərmanların tədarük edildiyini bildirib. Deyib ki, bölgədə siyasi, dini və sosial azadlıqlar yoxdur və kütləvi insan haqlarının pozulması adi hala çevrilib.
Muşaal Mulliç Pakistan xalqını və Pakistan diasporunu BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz müqəddəratını təyinetmə hüququnu əldə etməkdə Kəşmir xalqını dəstəkləməyə çağırıb.