Ermənistan indi yeni müharibəyə hazır deyil. Döyüşlər başlasa, erməni tərəfi uduzacaq. Xüsusilə, Ermənistan Qarabağı və ola bilsin ki, beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsini saxlaya bilməyəcək. Bəlkə daha da pis ssenari reallaşacaq.
Hafta.az bildirir ki, bu fikirləri rusiyalı ekspert Andrey Perla bölgədə vəziyyətin yenidən gərginləşməsi və müharibə ehtimalının artdığı bir zamanda verib.
Onun sözlərinə görə, Rusiyanın göndərdiyi sülhməramlılar yalnız kiçik təxribatların qarşısını almaq üçün kifayət edə bilər. Ancaq yerli standartlara görə böyük olan müharibəni dayandırmaq gücündə deyil.
Ekspert vurğulayır ki, məntiqlə Ermənistan təbii ki, təxribatlarda maraqlı olmamalıdır: “Bütün yuxarıda deyilənlərə baxmayaraq, Ermənistan tərəfindən hərbi təxribat ehtimalını istisna etmək olmaz. Yalnız onun məqsədi yeni müharibəyə başlamaq deyil, “vektoru dəyişdirmək” və ya sadəcə olaraq, himayədarı Rusiyanı ABŞ-a dəyişdirməkdir. Ermənistanın baş naziri Nikol Paşinyan hətta münaqişə baş verəcəyi təqdirdə ABŞ və NATO-nun onun müdafiəsinə qalxacağına inandırdıqları da isitsna deyil.
Əgər onu dəstəkləyəcəyinə inandırdılarsa, o zaman rusların zəifliyini göstərmək üçün təxribat törədə bilər. Amerikalılar onu ciddi şəkildə müdafiə etməyəcəklər. Onların heç nəyi yoxdur, amma yalan danışa bilərlər”.