“Petah Tikva şəhərində Azərbaycana dəstək nümayişi keçirdik” – İsaak Peres

10:12 20.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistan ərazisindən Azərbaycan şəhərlərinin ballistik raketlərlə vurulması və nəticədə mülki insanların həlak olması hadisəsini dünyaya çatdırmaq üçün əlimizdən gələni eləsək də, əksər ölkələr sanki nə eşidir, nə də görür – bir qayda olaraq işğalçı və insan qanına susayan Ermənistanın tərəfini tuturlar.

Bizi maraqlandıran və təəccübləndirən, hətta üzən müsəlman ölkələrinin münasibətidir. İlk başdan qardaş Türkiyə və Pakistan, eləcə də Əfqanıstan Azərbaycana açıq və qəti dəstək versələr də, qapıbir qonşumuz İran, sayı 24 olan ərəb dövlətləri, İndoneziya, Banqladeş kimi iri müsəlman ölkələrindən səs çıxmadı. Amma uzun illər hər birimizə müsəlmanların düşməni kimi tanıdılmağa çalışan, əslində isə hər zaman Azərbaycanın yanında olan, dar gündə dərdimizə şərik çıxan, xoş günümüzə sevinən İsrail ilk gündən Qarabağın erməni işğalından azad edilməsi əməliyyatlarında mövqeyimizi dəstəklədi. Özü də bunu gizlin, dolayısı yolla deyil, açıq-aşkar etdi.

Vaxtilə Azərbaycanda doğulub-böyümüş, amma SSRİ dağılandan sonra İsrailə köçmüş İsaak Peres Hafta.az-a açıqlamasında deyir ki, hərbi əməliyyatların başladığı ilk gündən proseslərin gedişatını izləyir. “Yaşadığım şəhərin sakinlərinə münaqişənin mahiyyəti barədə məlumat verirəm. Dağlıq Qarabağda, Xocalı şəhərində azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdən danışıb, izah edirəm ki, insanlar ermənilərin kim olduğunu başa düşsünlər. Məlumat üçün deyim ki, rus jurnalist Yuri Pompeyevin "Qarabağın böyük hovuzu" adlı kitabı var. Xocalı soyqırımı ilə bağlı həqiqətlərdən, eləcə də 1990-cı ilin Yanvar qırğınlarından bəhs edən bu kitabları tanıdığım hər kəsə verirəm ki, oxuyub Azərbaycanın başına açılan oyunları öyrənsinlər” deyir İ.Peres.

Müsahibimiz fəxrlə bildirir ki, vətəndaşı olduğu İsrail dövləti birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Cənab Peres deyir ki, şəxsən o, doğulduğu doğma Azərbaycan dövlətini hərtərəfli təbliğ və təşviq etməyə çalışır və son nəfəsinədək onun haqqını müdafiə edəcək. “Tək mən deyil, bütün ailəm, bütün Bakı əsilli yəhudilər səmimi ürəkdən Azərbaycana ən qısa vaxtda qələbə və Şuşada, Xankəndidə üçrəngli bayrağını qaldırmağı arzu edirik”, - deyir İ.Peres.

Cənab Peres qeyd edir ki, İsraildə hər bir Azərbaycansevər Azərbaycan dövlətinin haqlı mövqeyini dəstəkləyir və əlindən gələni edir. O cümlədən, üç gün əvvəl Petah Tikva şəhərində Azərbaycanı dəstəkləyən nümayiş keçiriblər. İnsanlar əllərində Azərbaycan bayrağı tutaraq şəhəri gəzib, insanların diqqətini Qarabağ münaqişəsinin mahiyyətinə cəlb etməyə çalışıblar. Əlbəttə ki, sonda hökumətə müraciət ünvanlanıb.