Proporsional seçki tələbi - Müzakirə

12:26 27.05.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, bir müddət əvvəl Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri bir araya gəldi. Hökumətin siyasi partiyaları dialoqa çağırışı 26 siyasi partiyadan 25-i tərəfindən adekvat qarşılandı.

Tədbirə Hesablama Palatası, Maliyyə və Ədliyyə nazirliklərinin nümayəndələri, eləcə də Ədliyyə və Maliyyə nazirliklərinin, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının məsul işçiləri də qatılaraq məruzə ilə çıxış etdilər. Hakimiyyətlə siyasi partiyalar arasında keçirilən görüşün ölkədə siyasi sabitlik, siyasi dialoqun inkişafı, qarşılıqlı işbirliyinin qurulması üçün hansı imkanları yaratdığı geniş müzakirə olunur. Eləcə də bu iqtidar-müxalifət dialoqunun qarşıdan gələn parlament seçkilərində rolu, əhəmiyyəti, siyasi partiyaların parlament seçkilərinə nə dərəcədə hazır olması, partiyaların özlərini cəmiyyətə qəbul etdirmələri üçün malik olduqları kadr potensialının səviyyəsi və digər məsələlər də aktualdır. “Həftə İçi”nə açıqlama verən siyasi partiya mənsubları görüşlə bağlı fikirlərini bildirib, müəyyən məsələlərə toxunublar. 

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa hesab edir ki, ölkəmizdə partiya demokratiyasının inkişafı önəmlidir. Onun sözlərinə görə, idarəetmədə partiya kadrlaşmasının böyük önəmi var və həm də keyfiyyətli idarəetmənin təminatıdır. Partiya sədri bildirir ki, hakimiyyətin dialoq formasında bu partiyalarla görüşü müsbət tendensiyadır və bu, son 3-4 ildə daha çox genişlənməyə başlayıb.

F.Mustafa tədbirin bilavasitə seçki ilə bağlı düzənlənmədiyini bildirib:

“Görüş parlament seçkilərində partiyaların daha mobil iştirak etməsinə köməklik göstərə bilər. Bu, birbaşa seçki ilə əlaqəli deyil. Hesab edirəm, bu cür qarşılıqlı əməkdaşlıq həm partiyaların xeyrinədir, həm də dövlətin siyasi partiya modelində demokratik institutların inkişafı mənasına gəlməkdədir”.

F.Mustafa bildirib ki, siyasi partiyaların parlament seçkilərinə ümumiləşmiş formada necə hazır olduğunu söyləmək çətindir:

“Böyük Quruluş Partiyası iyun ayında növbəti qurultayını keçirəcək və burada seçki strategiyasını bir daha gözdən keçirəcək.  Partiya olaraq bu il prezident seçkilərində də çox fəali iştirak elədik.  Bu da bizim gücümüzü göstərən əsas amillərdən biridir. Bütün partiyalar da yəqin ki, seçki prosesinə əhəmiyyət verəcəklər və burada da proseslərə ciddi hazıraşacaqlar. Siyasi partiyaların özlərini cəmiyyətə təqdim etmələri üçün proporsional seçki sisteminə keçid önəmlidir. Seçkilərdə partiyanın kadr bazasına daxil olan insanları təqdimetmə fürsəti olur. Bütün hallarda biz siyasi partiyalar arasında müqayisə aparsaq görərik ki, kadr məsələsində hamı hakim partiyaya uduzur. Bu o demək deyil ki, partiyalarda yetkin kadrlar yoxdur. Bu proseslər daha çox demokratik məzmun aldıqca, partiya təmsilçiliyi genişləndikcə partiyalar daha çox kadrlarla təmsil olunacaqlar”.

Azərbaycan Milli İstiqlal Partiyasının  (AMİP) sədri Arzuxan Əlizadə bildirib ki, siyasi partiyaların bir masa arxasında oturub mövcud problemlərlə bağlı müzakirələr aparması mühüm hadisədir. Sədr bildirib ki, 2019-cu ilin noyabr ayında Prezident Admnistrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə işləyən yeni struktur yarandıqdan sonra siyasi partiyalara diqqət artıb. Onun sözlərinə görə, 4 il ərzində siyasi partiyalarla müxtəlif ranqlı görüşlər keçirilib. Son tədbir bu qəbildən olsa da, Admnistrasiyanın müvafiq şöbəsi ilə yanaşı bir sıra dövlət qurumlarının rəhbər vəzifəli şəxslərinin iştirakı məlum görüşün əhəmiyyətini bir qədər də artırıb: 

“Tədbirdə mövcud siyasi partiyalar haqqında qanunun izahı, onların fəaliyyəti, istiqamətləri izah olundu. Partiya sədrləri də çıxış edib, fikir və təklifərini bildirdilər”.

Bununla yanaşı A.Əlizadə hesab edir ki, bütövlükdə bütün partiyaları bir çətir altında eyniləşdirmək olmaz:

“Siyasi partiyaların müxtəlif elektoratları, cəmiyyətə müxtəlif təsir imkanları var.  Eyni zamanda, seçki təcrübəsi olanlar, yeni yaranan partiyalar, seçki təcrübəsi olmayanla da var. AMİP ilk yaranan siyasi təşkilat olaraq kifayət qədər siyasi, seçki təcrübəsinə malikdir. Bütün bunlar seçkilərdə bu və ya digər formada öz sözünü deyəcək”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Prezident Admnistrasiyasının siyasi partiyalarla keçirdiyi görüşü yüksək dəyərləndirib. Onun sözlərinə görə, bu dialoq bütün partiyaların maraqları, dövlət, xalq arasında işbirliyi, ölkədə yaranmış sabitliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir: 

“Heç bir vasitəçi olmadan iqtidar-müxalifət dialoqunun baş tutması dövlət, xalq üçün çox müsbət haldır. Bundan sonra xarici kəşfiyyata işləyən partiyaların başqa yerlərdən əli kəsildi. Partiyalarla hökumət arasında böyük dialoq baş tutdu və belə nəticəyə gəlmək olur ki, bundan sonra da belə davam etdirilməsi nəzərdə tutulur. Partiyaların xalq arasında nüfuzunun artırılması və digər məsələlərlə bağlı işlərin görüləcəyi şübhə doğurmur. Partiyalar proporsional seçki sisteminin bərpa olunması, demokratik seçkilərin keçirilməsi, dairələrdə partiya nümayəndələrinin iştirakı, rayonlarda partiyaların qərərgahla təmin edilməsi, dövlət tərəfindən maliyyələşdirilməsi, o cümlədən qarşıdan gələn parlament seçkilərində iştirak məsələsi bir daha müzakirə edildi”.

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHDP) sədr müavini Elçin Mirzəbəyli bildirir ki, hakimiyyətlə siyasi partiyalar arasında keçirilən görüşlər ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi ilə bağlı aparılan islahatların tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Onun fikrincə, son görüşdə ölkəmizin bütün siyasi spektrini təmsil edən partiyaların iştirakı qarşılıqlı münasibətlərin inkişafı, ölkədə sivil münasibətlər sisteminin formalaşması istiqamətində həyata  keçirilən tədbirlərin ardıcıl xarakter daşıdığını sübuta yetirir:

“Siyasi partiyalar haqqında qanun və onun tələbləri qarşılıqlı əlaqələrin inkişafını tələb edən hüquqi sənəddir.  Yeni qanunun mənimsənilməsi və bu istiqamətdə siyasi partiyaların fəaliyyətinin qurulması üçün zəruri addımlar atılmalıdır”.

 E.Mirzəbəyli qeyd edir ki, bir sıra mühüm tədbirlərin keçirilməsinə ehtiyac var və bu, yalnız ölkədə konstitusiya islahatlarının keçirilməsindən sonra mümkündür.  Onun sözlərinə görə, bunlardan biri proporsional seçki sisteminin bərpa olunmasıdır.

E.Mirzəbəyli, o cümlədən məlum görüşün keçirilməsinin parlament seçkiləri ilə bağlı olmadığına diqqət çəkib:

“Bu, ümumilikdə siyasi partiyaların fəaliyyətinin bütün istiqamətlərini əhatə edir. İstənilən halda, bu qəbildən olan görüşlər, həm də siyasi partiyaların cəmiyyətdəki rolunun artırılmasına xidmət edən  faktor kimi  də dəyərləndirilə bilər”.

Partiya yetkilisi hesab edir ki, indidən hansı siyasi partiyanın seçkiyə hazır-olub olmadığını söyləmək  çətindir:

“Siyasi partiyanın fəaliyyətinin təməlini seçkidə iştirak təşkil edir. Partiyalar fəaliyyətdə olduğu dövrlərdə keçirilən bütün seçkilərə hazır olmalı və iştirak etməlidirlər. Bu, həm də onların ideyalarının təbliğ olunması üçün yeganə legitim vasitə hesab olunur”.

E.Mirzəbəyli siyasi partiyaların kadr potensialı ilə bağlı birmənalı fikir bildirməyi mümkünsüz sayıb. Onun fikrincə, siyasi partiyaların fəaliyyətinə real məzmun gətirmədən bu barədə fikir söyləmək doğru olmaz:

“İndiki şəraitdə çoxpartiyalı sistemin olmasını arzulayırıqsa bu, proporsional seçkinin bərpasından keçir. Məhz bu halda siyasi partiyalar arasında rəqabət güclənə bilər”.

E.Mirzəbəyli bildirir ki, indiki halda siyasi partiyaların kadr potensialı ümumi mənzərədən qənaətbəxş görünmür:

“Cəmiyyətdə öz potensialı ilə seçilən, yaxud büruzə verməyə çalışan insanların çoxu siyasi partiyalara can atmırlar. Ona görə də siyasi partiyaların cazibədarlığının çoxaldılmasına ehtiyac var. Buna görə də bir sıra mühüm qərarların qəbul edilməsi, konstitusiya islahatlarının həyata keçirilməsi zəruridir”.

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu iqtidarlı, müxalifətli 26 partiyadan 25 -nin vahid formada, heç bir xarici təsir olmadan masa arxasında oturaraq müzakirələr aparmasını mühüm hadisə kimi dəyərləndirib. Bildirib ki, parlament seçkiləri öncəsi belə görüşün keçirilməsi həm də qarşıdan gələn seçkilərin, azad demokratik keçiriləcəyinin bir qarantıdır:

“Həmrəylik, milli birlik və ölkəmizin sabit inkişafı üçün mühüm işlər bizi bir araya toplayır. Bu, Azərbaycanda siyasi partiyalar arasında münasibətlərin, dialoqun olmasının açıq nümunəsidir. Eyni zamanda, 2020-ci ildən bu yana konstruktiv yanaşma ilə bərabər sağlam münasibətlərin formalaşmasına yönəlik bir növ hesabat tədbiridir. Üstəlik, bu, diqtə prinsipi ilə yaşayıb, özlərini bütün ciddi siyasi proseslərdən izolyasiya etmiş şəxslərin siyasi fiaskosudur”.

Partiya sədri bildirir ki,  qeydiyyata alınmaları üçün tələb olunan 5 min imzanı toplayan siyasi partiyalar seçkilərə hazırdır. Onun fikrincə, əgər bir partiya dövlət qeydiyyatına alınması üçün 5 min imzanı toplaya bilirsə, o 5 minin insanın 50 faizi potensial kadrdır.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev Prezident Admnistrasiyasının dövlət qurumları ilə siyasi partiyalar arasında təşkil etdiyi görüşü faydalı və əhəmiyyətli hesab edib. Onun fikrincə, bu, ölkədə siyasi dialoq, siyasi münasibətlərin nizamlanması istiqamətində atılan növbəti mühüm addımdır. 

“İqtidar-müxalifət görüşü Siyasi Partiyalar Haqqında Qanunun tətbiqi məsələsi ilə bağlı idi. Yeni qanun əvvəlki qanunlardan köklü şəkildə fərqlənir. Siyasi partiyalar haqqında yeni qanuna görə, partiyalar 5 min üzvünün məlumatlarını Ədliyyə Nazirliyinə təqdim etməli, nizamnamə və məramnaməyə əlavə və dəyişikliklər olunmalı idi. Siyasi partiyaların fəaliyyətinin yeni qanunvericiliyə uyğunlaşdırılması məsələsi demək olar ki, öz həllini tapıb. Sadəcə, prosedur məsələlərdə  müəyyən anlaşılmazlıqlar var ki, onların ortadan qaldırılması üçün aparılan belə müzakirələr öz təsirini göstərməlidir. Görüşdə, eyni zamanda,  qarşıda duran problemlər, ölkədəki iqtidar-müxalifət münasibətlərinin tənzimlənməsi və siyasi müstəvidə zəruri islahatların aparılması ilə bağlı təkliflər səsləndirildi. Ümumilikdə, bu görüşü ölkədə iqtidar- müxalifət münasibətlərinin normallaşdırılması və siyasi dialoqun inkişaf etirilməsi istiqamətində atılan pozitiv addım kimi dəyərləndirmək olar”.

ADP yetkilisi hesab edir ki, iqtidar -müxalifət görüşünün parlament seçkilərinə hansı təsir göstərəcəyi ilə bağlı qabaqcadan proqnoz vermək çətindir:

“Hələ ki, parlament seçkilərinin vaxtı müəyyən olunmayıb. Müxalifət camiyəsi arzu edirdi ki, seçkilər proporsional seçkinin tətbiqi ilə həyata keçirilsin”.

T.Əliyev  hesab edir ki, müxalifət bu seçkilərə  hazırdır. Eyni zamanda, bunu yüksək səviyyədə olan hazırlıq kimi dəyərləndirməyi mümkünsüz sayıb.

T.Əliyev partiyaların müəyyən kadr potensialının olduğunu deyib. Onun fikrincə, insanlar partiyaya gəlməklə, seçkilərdə iştirak etməklə dövlət institutlarında təmsil olunma hüququ qazanmalıdır:

“Bu bizdə yoxdur və ona görə də kadrlar siyasi partiyalara meyil göstərmir. Buna baxmayaraq, indiki şəraitdə partiyaların öz fəaliyyətinə uyğun kadr bankı var”.

 

Oxunma sayı 37
Siyasət rubrikasından digər xəbərlər