Qars müqaviləsi təminat verir: Naxçıvanla bağlı narahatlıq olmayacaq!

10:20 01.12.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın ordusunun, Ermənistan tərəfindən 30 ildir işğal altında saxlanan torpaqlarımızı azad etməsi bir xalq olaraq bizi içimizi göynədən ağrılardan xilas etsə də, dərindən nəfəs almamış, indi də Naxçıvanın statusu məsələsi gündəmə gətirilib. Yəni gələn il – 2021-ci ilin oktyabrında Naxçıvanın statusunu təsdiqləyən Qars müqaviləsinin 100 ili tamam olur. Məsələni gündəmə daşıyanlar isə iddia edir ki, guya həmin saziş 100 illik dövr üçün imzalanıb və bu səbəbdən də muxtar respublika ilə bağlı hər hansı sıxıntılar yaşaya bilərik. Bəs Qars müqaviləsi əsl həqiqətdə nələr deyir bizlərə?  

Məlumdur ki, I Dünya müharibəsi illərində Türkiyə ordusunun bölmələri Şərqi Anadoluda hərbi əməliyyatlar aparıb. Türklər həmin vaxt Azərbaycan və əlbəttə, Naxçıvan ərazisində də vardı. Amma 1918-ci ildə türk ordusu bu bölgədən çıxsa da, Naxçıvan ərazisində yaradılmış Araz Respublikasının yerli özünümüdafiə qüvvələrinə defakto hərbi dəstək verməkdə davam edib.

1920-ci ilin noyabrında bölgəyə qayıdan Karabəkir paşa Aleksandropolu (indiki Gümrü şəhəri) tutur və Daşnak nümayəndələri ilə danışıqlar apararaq Naxçıvan - Şərur bölgəsinin xüsusi statusunu təmin edir.

Bu arada qeyd edək ki, 1920-ci ilin martında Türkiyə ilə Rusiya arasında bölgənin yeni xəritəsini cızan Moskva sazişi imzalanmışdı.

Üstündən bir il ötməmiş ermənilər, Türkiyə və Rusiya nümayəndələrinin danışıqlar aparmasından istifadə edərək, Qars müqaviləsinin maddələrinin dəyişdirilməsini tələb etməyə başlayırlar. Onlar fikirləşirdi ki, Türkiyə İğdırı ilhaq edib və Naxçıvan üzərində Azərbaycanın suverenlyi məsələsində inadkarlıq göstərir. Bu da gələcəkdə Azərbaycanla Türkiyə arasında dəhliz açılmasına imkan yaradır. Belə düşünülürdü ki, Zəngəzur da Türkiyə və Sovet Azərbaycanını birləşdirən torpaq zolağına daxil ediləcək.

Əlbəttə, ermənilərin sonsuz tələblərinə, böyük iştəhasına cavab olaraq, Türkiyə mövqeyindən geri durmur. Türk nümayəndə heyəti ermənilərin Naxçıvan və Şərur rayonlarına iddialarını birmənalı şəkildə rədd edir. O vaxt isə çox zəif olan bolşeviklər Ankara ilə yaxşı münasibətlər qurmağa çalışırdı. Nəticədə Moskva və Qars müqavilələrinə əsasən bu region Sovet Ermənistanına birləşdirilmir, muxtar statusla Sovet Azərbaycana verilir. Beləliklə, Qars müqaviləsinin Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi təsbit edən 5-ci maddəsini Sovet Ermənistanı da daxil olmaqla bütün tərəflər tanıyırlar.

Bu arada, ilk başda Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında birbaşa sərhəd olmayıb. Ona görə də, Mustafa Kamal Atatürk İran şahı Rza Pəhləvi ilə danışıqlar apararaq bu məsələni həll edir. İki ölkə arasında 1930-cu ildə müəyyən qism ərazi dəyişdirilərək Türkiyə ilə Azərbaycan arasında 11 kilometrlik sərhəd xəttinin yaradılmasına nail olunur. Təbii ki, bunun müqabilində, Türkiyə sərhədyanı başqa ərazilərdən eyni ölçüdə İrana torpaq verir. Beləliklə, 1921-ci ildə bağlanmış Qars müqaviləsi Türkiyə - Azərbaycan birbaşa sərhədlərinin yaradılması istiqamətində atılmış ilk addım olur.

Bir az da müqavilənin təfsilatına nəzər salaq:

Sözügedən müqavilə Türkiyə, Rusiya, eləcə də Cənubi Qafqazın üç respublikası – Azərbaycan, Gürcüstan və Ermənistan arasında 1921-ci il oktyabrın 13-də bağlanıb. Yuxarıda qeyd etdiyimiz kimi, bundan əvvəl də, 1921-ci il mart ayının 16-da Rusiya ilə Türkiyə arasında Moskvada sülh müqaviləsi imzalanmışdı. Cənubi Qafqaz respublikalarının da iştirakı ilə oktyabrın 13-də bağlanan Qars sazişi məhz əvvəlki sənədin müddəalarını yerinə yetirməyi tərəflər arasında öhdəliyə çevirirdi. Qars müqaviləsi 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minib və bu gün bir çoxlarının çaşqınlıq yaradacaq fikirlərinin əksinə olaraq, sənədin nə vaxt qüvvədən düşəcəyinə dair heç bir müddə nəzərdə tutulmayıb.

Ümumiyyətlə, 20 maddədən ibarət Qars müqaviləsinin məhz Azərbaycanı maraqlandıran maddələri qısa təfsilatla aşağıdakı kimidir:

- Üçüncü dövlətlər tərəfindən Cənubi Qafqaz respublikalarına dair bağlanmış bütün müqavilələr qüvvəsini itirmiş hesab edilir. Amma bu maddə Moskvada 16 mart 1921-ci ildə bağlanmış Türkiyə - Rusiya müqaviləsinə tətbiq edilmir;

- Tərəflər onlardan hər hansı birinə zorla qəbul etdirilən istənilən sülh müqaviləsini və sair beynəlxalq aktları tanımamaq barədə razılaşırlar. Yəni Ermənistan, Azərbaycan və Gürcüstan Türkiyəyə dair Türkiyə Milli hökumətinin, eyni zamanda Türkiyə də həmin üç respublika hökumətinin tanımadığı heç bir beynəlxalq aktı tanımamaq öhdəliyi götürür;

- Ermənistan, Azərbaycan və Gürcüstan hökumətləri təslim rejimini hansısa ölkənin azad milli istəkləri ilə, eləcə də onun suveren hüquqlarının tam həyata keçirilməsi ilə bir araya sığmadığını hesab edərək, bu rejimə aidiyyəti olan istənilən hərəkəti və hüququ öz qüvvəsini itirmiş sayırlar;

- Türkiyə, Ermənistan və Azərbaycan hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlər daxilində Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır;

- Tərəflər müqavilə imzalanan gündən sonrakı altı ay ərzində 1918-1920-ci illər müharibələrinin qaçqınlarına dair xüsusi saziş bağlamağı öhdələrinə götürürlər;

- Tərəflər müqavilə imzalandıqdan dərhal sonra Qafqaz cəbhəsində hərbi cinayət və əməllərə görə digər tərəfin vətəndaşlarına tam amministiya elan etməyi öhdəsinə götürürlər;

- Tərəflər müqavilə imzalandıqdan sonrakı iki ay ərzində öz ərazilərindəki köhnə hərbi və mülki əsirləri qaytarmağa razıdırlar;

- Tərəflər müştərək razılaşma yolu ilə dəmiryol, teleqraf və sair rabitə vasitələrinin saxlanması, ölkələr arasında insanların və malların hər hansı ləngidilmə olmadan sərbəst yerdəyişməsini təmin etmək məqsədilə bütün zəruri tədbirləri görməyi öhdələrinə götürürlər;

- Tərəflər arasında dostluq münasibətlərini möhkəmləndirmək üçün ticarət münasibətləri qurmaq, bütün iqtisadi, maliyyə və digər məsələləri tənzimləmək məqsədilə bu müqavilə imzalandıqdan dərhal sonra Tiflisdə tərəflərin təmsilçilərindən ibarət komissiya yaradılacaq;

- Tərəflər müqavilə imzalandıqdan sonrakı 3 ay ərzində Konsul Konvensiyasını başa çatdırmağı öhdələrinə götürülər;

- Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan hökumətləri arasında bağlanmış bu müqavilə ratifikasiya edilməlidir.

Göründüyü kimi, sözügedən müqavilədə sənədin qüvvədən düşəcəyi tarixi göstərən hər hansı müddəa qeyd edilməyib.

Əslində, Ermənistan hökuməti və dünya erməniləri həmişə çalışıblar ki, müqavilə etibarsız sayılsın. Hətta II Dünya müharibəsi başa çatan il ermənilər Stalini müqavilədən imtina etməyə inandırmağa çalışıblar. Təsir altında düşmüş Stalin az qala Türkiyə ilə müharibə edəcək vəziyyətdə qalıb. Amma sonradan tərəflərin soyuqqanlı davranması, eləcə də İngiltərənin, müəyyən qədər də ABŞ-ın Türkiyəyə dəstəyi ermənilərin arzularını ürəklərində qoyub.

Elə dörd il əvvəl - 2016-cı ildə bəzi rus deputatlar da müqavilənin ləğvi ilə bağlı tələblər səsləndirmişdi. Amma bu müqaviləni ləğv eləmək imza atan ölkələrdən birinin səlahiyyətində deyil. Əlbəttə, özbaşına və birtərəfli müqaviləni tərk etmək olar, amma bu həmin ölkənin öz üzərinə götürdüyü məsuliyyətdən qaçması kimi qiymətləndirilər, onsuz da bu addımı ilə heç nə qazanmayacaq həmin ölkəyə çox böyük ziyan vurardı.

Oxunma sayı 2280
Gündəm rubrikasından digər xəbərlər