“Dost dar gündə tanınar. Qazaxıstan və Azərbaycan həm sevinci, həm də kədəri birlikdə bölüşür. Prezidentlər Kasım-Jomart Tokayevin və İlham Əliyevin tapşırığına əsasən, hər iki ölkənin aidiyyəti qurumları aviaqəzanın səbəblərinin araşdırılması və ilkin yardımın göstərilməsi üçün birgə lazımi tədbirlər görür”.
Hafta.az-ın yazdığına görə, bu barədə Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel deyib.

Diplomat vurğulayıb ki, qardaş ölkələr yüksək həmrəylik və qarşılıqlı yardım nümunəsi sərgiləyirlər. Dövlət strukturları prosesləri ahəng şəkildə koordinasiya edir, xilasedicilər, tibb və nəqliyyat işçiləri operativ şəkildə öz işini görüblər. Hətta dəhşətli facəyə biganə qalmayan bir çox Qazaxıstan vətəndaşı yaralılar üçün qan verib, Azərbaycanın Aktauda və Astanada yerləşən xarici nümayəndəliklərinin qarşısında gül dəstələri qoyublar.
Səfir Bayelin sözlərinə görə, faciə göstərib ki, Qazaxıstan və Azərbaycan yalnız sözdə deyil, əməldə də müttəfiqdirlər və bu da nikbinlik və gələcəyə inam yaradır.