Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar “SOVQAT” layihəsi çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunda sahibkarlar üçün “Açıq qapı” günü keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən hafta.az-a verilən məlumata görə, qida zəncirinin müxtəlif mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirak etdiyi “Açıq qapı” gününün keçirilməsində məqsəd "Qida təhlükəsizliyi hamının işidir" şüarı ilə keçirilən Ümumdünya Qida Təhlükəsizliyi Günündə sahibkarların üzərinə düşən məsuliyyəti xatırlatmaq, həmçinin onları qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə laboratoriyalarda aparılan müayinə və analizlərlə yaxından tanış etməkdir.
"Açıq qapı" günündə Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində Bakıda və regionlarda ən müasir tələblərə cavab verən laboratoriyaların yaradıldığı, seçilmiş potensiallı kadrların təlimə cəlb edilərək müvafiq işlə təmin olunduğu, habelə müayinələrin beynəlxalq standartlara uyğun, müasir metodlarla həyata keçirildiyi sahibkarların diqqətinə çatdırılıb.
Daha sonra iştirakçılara institutda aparılan elmi araşdırmalar və keçirilən təlimlər barədə məlumat verilib və sahibkarlar laboratoriyalarda aparılan müayinələri əyani şəkildə müşahidə ediblər.
Görüşdə sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.