Qiymətləri sürətlə dəyişən kriptovalyutalar

13:06 22.04.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Tövsiyə etməməyin  digər səbəbi isə ondan ibarətdir ki, sürətli valatillik (bahalaşma və ucuzlaşma) müşahidə olunur və nəticədə, iştirakçılar külli miqdarda vəsait itirir

Son zamanlar virtual valyuta olan bitkoinə maraq artmaqdadır. Hazırda ona göstərilən diqqət o qədər böyükdür ki, hər kəs bitkoinin qısa müddətdə necə dəyər qazandığını anlamağa çalışır. Elə isə Hafta.az olaraq bitkoinlə bağlı bilməli olduğunuz bəzi məlumatları sizlərə təqdim edirik.

Belə ki, bitkoin 2008-ci ildə Satoshi Nakamoto tərəfindən icad edilmiş və hər hansı bir mərkəz banka, rəsmi quruluş və s. ilə bağlantılı olmadan, ancaq ölkələrin pul vahidi ilə alınıb-satıla bilən, hər hansı bir üçüncü qurum və ya şəxsə aid olmadan transfer edilə bilən rəqəmsal pul vahididir. Dünya bazarlarında dollar və avroya alternativ olaraq hesab edilən bitkoinin simvolu “฿”, qısaltma adı isə “BTC”dir.

Yeri gəlmişkən bir məqamı diqqətinizə çatdıraq ki, hazırda bir sıra ölkələr vətəndaşlarına bitkoin istifadəsini tövsiyə etməməkdədir. Bizdə isə bu elektron valyutaya marağın hansı səviyyədə olması sual doğuran mövzulardandır. Görəsən, vətəndaşlarımız yatırım olaraq bitkoinə üz tuturmu? Onun güvənliliyi hansı səviyyədədir? Bu və digər suallara cavab tapmaq üçün mütəxəssisə müraciət etdik.

İqtisadçı ekspert Fuad İbrahimov məsələyə münasibət bildirərkən söylədi ki, hazırda Azərbaycanda dünya birjalarına inteqrasiya nöqteyi-nəzərdən əhalinin hələ ki kifayət qədər məlumatı yoxdur. Yəni bizdə maariflənmə prosesi digər ölkələrə baxdıqda çox aşağı səviyyədədir. Elə qonşu Rusiya ilə müqayisə etsək, demək olar ki, kifayət qədər fərq var:

“Əvvəllər dövlət siyasətini həyata keçirilən Qiymətli Kağızlar Komitəsi mövcud idi. Müstəqillik dövründə isə bu qəbildən olan siyasi fəaliyyət lazımi səviyyədə aparılmamışdır. Bu gün istənilən vətəndaşımız çox rahatlıqla internet vasitəsilə birjalara daxil olub seçdiyi əməliyyatı apara bilər. Burada həm əmtəə bazarında, həm fond bazarında, həm də valyuta cütlüklərində iştirak etmək olar. Bundan başqa vətəndaş rahat şəkildə hər hansısa bir miqdarda alqı-satqı həyata keçirə bilər. Bu gün bitkoinlər elektron ticarət platformalarında mövcuddur. Hazırda Azərbaycanda bir sıra özəl şirkətlər  bu platformaların tanıtımını həyata keçirir. Dövlət tərəfindən bu işə heç bir məhdudiyyət yoxdur. Hər bir vətəndaş öz riskini  dəyərləndirib sərbəst şəkildə qərar verir”. 

Bitkoinlərin etibarlı yatırım olub-olmaması mövzusuna gəldikdə isə ekspert “BTC” alışının gələcəkdə nə dərəcədə riskli olduğu, hansı fəsadlar verə biləcəyi haqda da ali bilgilərin formalaşmadığını qeyd etdi:

“Biz bilirik ki, dollar Amerikanın, eləcə də dünyanın etalon valyutasıdır. Bitkoinlər elektron-virtual dünyada yaranmış  vahiddir və onun nominallığı yoxdur. Yəni  biz onu fəzada görə bilmirik, çəkisi, görünüşü və rəngi haqqında təsəvvürümüz yoxdur. Bu baxımdan da bəzi ölkələr onu öz vətəndaşlarına tövsiyə etmir. Tövsiyə etməməyin  digər səbəbi isə ondan ibarətdir ki, sürətli valatillik (bahalaşma və ucuzlaşma) müşahidə olunur və nəticədə, iştirakçılar külli miqdarda vəsait itirir”.

Vətəndaşlarımızın bitkoinə marağının hansı səviyyədə olduğuna gəldikdə isə F.İbrahimovun sözlərinə görə, rəsmi statistik məlumatlar olmadığı üçün bununla bağlı faiz nisbəti ilə nələrisə demək bir qədər çətindir:

“İndiki vəziyyətdə bu daha çox şayiələr üzərində qurulmuş sistemdir. Hamı söhbət  əsnasında bir-biri ilə bitkoinlə bağlı fikir mübadiləsi aparır. Onun sürətli bahalaşması danışılır. Şübhəsiz ki, ölkəmizdə də bitkoin bazarının iştirakçıları var”.

Qeyd edək ki, bu ilin əvvəlində bitkoinin qiyməti 28.982,56 USD idisə, hazırda bu rəqəm 56.507,91 USD-dır.