Azərbaycan istehsalı olan məhsullara daha çox hansı ölkələrdən maraq göstərilir?
Bu gün Azərbaycanın qızıl bazarında alıcılara xarici brendlərlə yanaşı, yerli brendlərin məhsulları da təklif olunur. Belə ki, təxminən, 10 il bundan əvvəl yerli bazarlarda Azərbaycan brendi olan qızıl məmulatlarına nadir hallarda rast gəlinirdisə, hazırda bazarda kifayət qədər yerli brendlərin məhsulları mövcuddur. Azərbaycan brendi olan zərgərlik məmulatlarına dünya bazarlarında da tələbat yaranıb. Rusiya və Türkiyədən olan müştərilər Azərbaycan brendi olan qızıl məmulatlarına böyük maraq göstərirlər.
Milli naxış və ornamentlərdən ilhamlanan ilk Azərbaycan zərgərlik brendinin təsisçisi və dizayneri Rəsminə Qürbətova hafta.az-a açıqlamasında bildirib ki, onlar müştərilərə təklif olunan bütün məhsulların hazırlanmasına xüsusi diqqət göstərirlər:

“Resm” zinyət əşyaları qədim Azərbaycanın naxış və bəzəklərinin müasir interpretasiyasını təqdim edir. Sadəcə dəbli aksessuar deyil, “Resm” məmulatları Azərbaycanın mədəniyyəti, ənənələri və hər şeydən qabaq, ruhu ilə bir əlaqə yaradır. Aid olduğu dövrdən asılı olmayan bir xarakterə və ən yüksək keyfiyyətə malik olmaqla yanaşı, “Resm” zinət əşyaları adi dəb meyillərindən üstün olmağa, əcdadların yaşadığı bir aləmə qatılmağa imkan verir. “Resm”in istehsal və təqdim etdiyi bütün qızılların ən əsas özəlliyi hər bir məhsulun fərdi olaraq hazırlanması - yəni əlişi olmasıdır. Eyni zamanda bu məhsulların üzərində qiymətli və yarıqiymətli daşlardan istifadə olunur, ən əsası isə Azərbaycanın milli ornamentlərini bu məhsulların üzərində əks etdirməklə onları hər bir alıcı öz üzərində daşıya bilər”.
Qeyd edək ki, hazırda “Resm” brendi alıcılara 17 kolleksiya üzrə məhsullar təklif edir. Bu, “Xalça”, “Keçmişin izləri”, “Tarixin çarxları”, “Nar”, “Mahı”, “Əjdahalı”, “Buta”, “Xülyəvi Quşlar”, “Hərflər”, “Qobustan”, “Laley-Abbasi”, “İlhami”, “Xarıbülbül”, “Şərflər”, “Sikkələr”,"Evimizə qayıtdıq!" və “Naxışlı personajlar” kolleksiyalarıdır. Məhsulların qiyməti 50-10 min manat arasında dəyişir. Bu brendin bir özəlliyi də satışa minalı zərgərlik məmulatları təqdim etməsidir. Hazırda “Resm”in hansı kolleksiyalarına daha çox maraq olduğuna gəlincə, R.Qurbanova bildirir ki, insanların zövqü müxtəlif olduğu üçün demək olar ki, bütün kolleksiyalara tələbat genişdir: “Lakin ən əsas yeri, “Xalça” kolleksiyası və son dövrlərdə Qarabağın azad olunması ilə bağlı olaraq isə Xarıbülbül kolleksiyamız insanların daha çox diqqətinə səbəb olmuşdur. Buna görə də hazırda bu iki kolleksiyaya tələbat daha çox geniş vüsət almışdır. “Resm” brendində hər yaş həddinə uyğun məhsul istehsal edilmişdir. Son olaraq isə uşaqlar üçün nəzərdə tutulan "Naxışlı personajlar" adlı kolleksiyamız 1 iyun "Uşaqların müdafiəsi" gününə həsr olunmuşdur. Burada uşaqların hər zaman diqqətini çəkən maraqlı və əyləncəli heyvan personajlarını əks etdirən zinət əşyaları hazırlanmışdır. Ümumiyyətlə isə “Resm” brendi olaraq demək olar ki, mütəmadi olaraq yeni kolleksiyalarımız yaranır və bir birindən gözəl məhsullarımız istehsal olunur. Bu baxımdan da say hər zaman artmaqdadır. Hazırda isə satışda olan məhsullarımızın sayı 1000 üzərini artıq uzun müddətdir ki keçmişdir. Məhsulların qiymətinə gəlincə, bizdə məhsulların qiyməti ən əsas əl işinə görə dəyərləndirilir, çünki qeyd etdiyimiz kimi hər bir məhsula özəl yanaşılır, fərdi hazırlanır və üzərində qiymətli daşlardan istifadə olunur. Bu baxımdan da müxtəlif məbləğ aralığında olan məhsullarımız mövcuddur. “Resm”də həm 585, həm də 750 əyarlı qızıldan hazırlanmış dəyərli zinət əşyaları təklif olunur”.

Dizayner həmçinin qeyd edib ki, hazırda Azərbaycanın qızıl brendinə yerli müştərilərlə yanaşı, xarici alıcılar da böyük maraq göstərirlər: “Demək olar ki, bizim yerli brendə daha çox Amerika, Rusiya və Türkiyədən kifayət qədər maraq göstərilir və sifarişlər həyata keçirilir”.
“Resm”in təklif etdiyi fərqli, yəni minalı zərgərlik məhsullarından danışan həmsöhbətimiz qeyd edir ki, bu məmulatlar yerli ustalar tərəfindən incəliklə hazırlanır: “Təbii ki zövqlər müxtəlifdir, bu baxımdan həm minalı, həm də sadə qızıldan məhsullar hazırlanır və satışa çıxarılır. Lakin minalı əşyalara xeyli maraq vardır, çünki minadan istifadə olunması eyni zamanda zinət əşyalarına ayrıca özəllik və incəlik qatır. Eyni zamanda, “Resm”də öncədən də qeyd etdiyim kimi, həm qiymətli, həm də yarıqiymətli daşlardan istifadə olunur. Məsələn, qara və ağ brilyant, sapfir, zümrüd və s. kimi daşlardan istifadə olunur ki, bu da ilk növbədə öz təbiiliyi ilə seçilir”.
Yeri gəlmişkən, “Resm” istehsalında istifadə edilən mina davamlı olsa da, müəyyən sadə qulluq tələb edir. Bu məmulatların yaradıcıları minanın çatlamasının qarşısını almaq üçün zərgərlik əşyalarınızı, saxladığınız yerdən götürüb qoyarkən ehtiyatla davranmağınızı tövsiyə edirlər. “Resm” əşyalarının dizayner qutusunda və ya xüsusi konteynerlərdə saxlanması, onların ümumi qutularda digər əşyalarla toqquşmasının qarşısını alacaq. Əşyaların ayrı saxlanması, həmçinin onları zədələnmələrdən də qoruyacaq. Əşyaları təmizləmək üçün mütləq verilmiş parçalardan istifadə edilməlidir. Sizi lazımi alətlərlə təmin etmək məqsədilə hər bir “Resm” zərgərlik əşyasına xırda lifli parça əlavə edilir. Bu xırda lifli kimyasız parçalardan birini hər zaman yanınızda saxlayın və yalnız zərgərlik əşyaları üçün istifadə edin. Bu parçalar əşyaların üzərində qalan barmaq izlərini və digər kiçik ləkələri asanlıqla təmizləyəcəkdir. Parçanın paltaryuyan və ya qurudan maşınlarda yuyulması və ya onun sərtliyini azaltmaq üçün istənilən növ kimyavi yumşaldıcı maddələrdən istifadə edilməsi qəti sürətdə məsləhət görülmür. Ehtiyatla yaxalayın. İlıq suya bir neçə damcı mülayim qabyuyan maddədən əlavə edib zərgərlik əşyalarınızı köpüklü suda yaxalamanız tövsiyə edilir. Əşyanı yaxalamaq üçün plastik konteynerdən və qurutmaq üçün yumşaq parçadan istifadə edin.
Haşiyə
Qürbətova Rəsminə Eldar qızı 1981-ci ildə Bakı şəhərində anadan olub. Milli naxış və ornamentlərdən ilhamlanan ilk Azərbaycan zərgərlik brendinin təsisçisi və dizayneridir. O, Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakültəsini bakalavr və magistr dərəcəli fərqlənmə diplomları ilə bitirib.
Qədim şərq naxışlarından ilhamlanan “Resm” zərgərlik brendini 2012-ci ildə yaratmış və təqdim etmişdir. “Resm”in bütün məmulatları, dizaynın tarixi konteksti, ornament və ənənəvi naxışların mənşəyi barədə məlumat verən, fərdi təsvirlərlə təchiz olunur. “Resm”in məmulatları 14/18 əyar qızıldan və qiymətli daşlardan istifadə etməklə hazırlanır. 2018-ci ildə Qürbətova Rəsminə Amerika Gemoloji Akademiyasının Akkreditasiyadan keçirilmiş zərgər sertifikatını alıb. 2020-ci ilin fevral ayından etibarən Qürbətova Rəsminə Eldar qızı “Azərbaycan zərgərlər assosiasiyası” İctimai Birliyinin İdarə Heyəti Sədrinin müavinidir.