Pilotu olduğu helikopterlə Ukraynaya qaçdıqdan bir neçə ay sonra İspaniyada öldürülən rus qırıcı pilot Maksim Kuzminovun öldürülməsinə dair yeni təfərrüatlar ortaya çıxıb.
Hafta.az-ın “El Mundo”ya istinadən yazdığına görə, fevralın 13-də törədilmiş qətl hadisəsindən sonra İspaniyanın müdafiə naziri Marqarita Robles səlahiyyətli bölmələrin Kuzminovun əsl şəxsiyyətindən və ölkəyə gəlməsindən xəbərsiz olduğunu iddia edib.
Lakin “El Mundo” qəzeti yazıb ki, İspaniya hökuməti rus pilotun gəldiyini ilk gündən bilib.
Xəbərdə prokurorluğun nəzərdən keçirdiyi ən çox ehtimal olunan ssenari də yer alıb.
Müvafiq olaraq, Kuzminov sevgilisi ilə əlaqə saxlamağa çalışarkən onu tapıb və suiqəsdçilər onu izləyiblər. Çox sayda rusun yaşadığı Alikanteyə gedən və anasını da özü ilə aparmağa çalışan Kuzminovun kimliyinin də bu zaman üzə çıxdığı iddia edilib.
İddia olunub ki, rusiyalı pilotun anası İrina Kuzminova oğlunun idarə etdiyi helikopterlə qaçmasından bir müddət əvvəl Rusiyadan getməsi tələb olunub və bunun üçün Koreyaya saxta səfər təşkil edilib.
Bildirilib ki, Kuzminova əvəzində Ukraynaya gedib və hələ də Kiyev administrasiyasının himayəsi altında orada yaşayır.
“El Mundo”nun reportajında qətldə rus pilotun keçmiş sevgilisi Yelizaveta Ponomarevanın rolunun ola biləcəyi irəli sürülüb. Sui-qəsddən bir qədər əvvəl çəkilmiş fotoşəkillərə görə, Ponomareva Kuzminovla ictimaiyyət arasında görünən yeganə şəxs olub.
İspaniya prokurorlarının fikrincə, Kuzminovun ölümcül səhvi keçmiş münasibətdən yaxınları ilə əlaqə saxlamaq və dinlənildiyi güman olunan Ukrayna xəttinə zəng etmək olub.
İspaniya hakimiyyəti sui-qəsdin Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) tərəfindən həyata keçirildiyinə inanır. Moskva isə ittihamları rədd edir.
SVR rəisi Sergey Narışkin sui-qəsdlə bağlı açıqlama verməsə də, Kuzminovu “satqın və cinayətkar” adlandırıb və rus pilotun qaçmaq qərarına gəldiyi an mənəvi meyitə çevrildiyini bildirib.
Rusiya qırıcı pilotu Maksim Kuzminov ötən ilin avqustunda Ukrayna kəşfiyyatı ilə razılaşaraq idarə etdiyi Mi-8 tipli helikopterlə Ukrayna ərazisinə qaçıb. Onun Kuzminovla birlikdə helikopterdə olan iki yoldaşının Ukrayna qüvvələri tərəfindən öldürüldüyü iddia edilib.
Kuzminov qaçmasının səbəbi kimi müharibəyə qarşı çıxmasını göstərib, lakin Rusiya mətbuatında çıxan xəbərlərdə Kuzminovun Kiyevdən 500 min dollar mükafat və pasport aldığı bildirilib.