Rusiya ordusunun polkovniki T-90 tipli döyüş tankının mühərrikini oğurlamaqda ittiham edilərək saxlanılıb.
Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, polkovnik Aleksandr Denisov 2021-ci ilin noyabrından 2022-ci ilin aprel ayına qədər ümumi dəyəri təxminən 250 min dollar olan 7 ədəd V-92S2 model tank mühərrikini oğurlamaqda ittihamlanıb.
Cənub Hərbi Dairəsində tanklara texniki dəstək verməkdə məsul olduğu iddia edilən Denisov “tanklara quraşdırılmalı olan hissələri” oğurlayıb və ötən ay Rostov yaxınlığında saxlanılıb.
Hərbi prokurorluq polkovnik Denisovun oğurlanmış tank mühərriklərini qara bazarda satdığını iddia etsə də, Denisov ittihamlarla razılaşmayıb.
Mayın 28-dək təcridxanada saxlanılacaq Denisov təqsirli bilinərsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, 2019-cu ildə daha iki rus zabit oxşar oğurluqda ittiham olunub.
1990-cı ildə istifadəyə veriləndən bəri T-90 tankları Rusiya zirehli qoşunlarının onurğa sütunu olaraq görülür. Sovet İttifaqı tərəfindən sadə, yüngül və sürətli olması üçün layihələndirilən bu tanklar Çelyabinsk traktor zavodunda istehsal olunan 12 silindrli V-92S2 mühərrikləri ilə işləyir.
Məlumdur ki, hər bir mühərrik 1000 at gücünə malikdir və ağırlığı bir tona yaxındır. V-92S2-lər Rusiya ordusunun ən güclü tank mühərriklərindən sayılır.
Qərb analitiklərinin hesablamalarına görə, Rusiya artıq 14-cü aydır ki, Ukrayna müharibəsində 2000-ə yaxın tank itirib. Böyük Britaniya Xarici İşlər Nazirliyi, ağır tank itkilərindən sonra Rusiya ordusunun 1975-ci ildən əvvəl istehsal olunmuş T-62 tanklarını da meydana çıxardığını iddia edib.