Rusiya indi də Moldovada Qaqauz münaqiişəsi yaradır

10:29 04.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moldovada birtərəfli müstəqilliyini elan edən Dnestryanıdan sonra başqa bir muxtar bölgə olan Qaqauzdan da Rusiyaya müraciət olunub.

Hafta.az-ın yazdığına görə, Moldovanın Qaqauz Muxtar Vilayətinin prezidenti Yevgeniya Qutsul və Qaqauz Xalq Assambleyasının sədri Dmitri Konstantinov bir sıra görüşlər keçirmək üçün Moskvada olublar.

Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşən Qaqauz rəsmiləri Kişinyovun muxtar vilayətin vətəndaşlarının hüquqlarını pozduğunu bildiriblər.

Qaqauz prezidenti Qutsul Kişinyovun muxtar bölgə vətəndaşlarının hüquqlarını pozduğunu vurğulayaraq Qaqauziyanın Moskva ilə münasibətləri yaxşılaşdırmaq və Rusiyanın dəstəyindən istifadə etmək istədiyini bəyanlayıb.

Qaqauz prezidenti, “Biz onilliklər boyu dost idik, Rusiya ilə yaxşı münasibətlərimiz vardı və indi də bunu davam etdirmək istəyirik. Heç olmasa transfersiz, logistika problemi olmadan Rusiyaya çatmaq istəyirik, çünki indi çox çətindir. Rusiyada çoxlu qaqauzlar yaşayır. Onların arasında bizneslə məşğul olanlar da var. İndi onların evə qayıtması çox çətinləşib. Biz həmçinin Qaqauz kənd təsərrüfatı məhsulları üçün Rusiya bazarına çıxış açmaq istəyirik” deyib.

Federasiya Şurasının sədri Valentina Matviyenko Moldovada baş verənləri, “indiki hakimiyyətin açıq şəkildə ifadə etdiyi rusofob siyasətini” böyük kədərlə izlədiklərini bildirərək, Rusiya və Moldova xalqlarının ortaq tarixə, dostluğa, qohumluq və digər bağlara malik olduğunu qeyd edib.

Matviyenko, “Qaqauz rəhbərliyi əməkdaşlıq istəsələr, biz Federasiya Şurası olaraq hər cür dəstəyi verəcəyik və əlaqələrimizi gücləndirib genişləndirəcəyik. Bunu nə bizə, nə də sizə heç kim qadağan edə bilməz. Rusiya sizin balanslı və praqmatik yanaşmanızı dəstəkləyir” deyə bəyan edib.

Rus dilinə də təzyiq göstərdiyinə diqqət çəkən Matviyenko Moldova əhalisinin 20 faizinin rus dilini ana dili hesab etdiyini, 80 faizinin isə rus dilini bildiyini deyib.

Qaqauz Muxtar Vilayəti Moldovanın sərhədləri daxilində muxtar dövlətdir. Sovet İttifaqının dağılmasından sonra Qaqauz bölgəsi 1990-cı ildə birtərəfli qaydada muxtariyyətini elan edib. Ölkəyə adını qoyan qaqauz xalqı oğuz türk mənşəlidir və qaqauz sözünün Gök-oğuzdan alındığı düşünülür. Hazırda Bucak bölgəsində təxminən 250 min qaqauz yaşayır.