Bu gün (dekabrın 24-də) Rusiya və Tacikistan prezidentləri Vladimir Putin və Emoməli Rəhmon Leninqrad vilayətində keçiriləcək görüşdə miqrasiya məsələlərini, habelə siyasi, iqtisadi, hərbi sahədə qarşılıqlı fəaliyyətin əsas mövzularını müzakirə edəcəklər.
Hafta.az-ın TASS-a istinadən yazdığına görə, bu barədə jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.
Görüş Leninqrad vilayətindəki İqora kurort kompleksində baş tutacaq.
“Siyasi, ticarət-iqtisadi, hərbi-texniki, mədəni, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafının əsas aspektlərinin müzakirəsi, aktual regional problemlər ətrafında fikir mübadiləsinin aparılması gözlənilir. Təbii ki, miqrasiya sahəsində aktual məsələlər müzakirə olunacaq, artıq prezidentlər bu barədə razılığa gəliblər”, - deyə Uşakov bildirib.
Onun sözlərinə görə, prezidentlər həmçinin Rusiyanın 2024-cü ildə MDB-də sədrliyinin yekunları və Tacikistanın 2025-ci ildə gələcək sədrliyi ilə bağlı fikir mübadiləsi aparacaqlar.
“Biz ikitərəfli münasibətlərimizdəki bütün hazırkı vəziyyəti sakit şəraitdə araşdırmaq, o cümlədən regional məsələlər, ilk növbədə coğrafi yaxınlığından dolayısı Əfqanıstanı müzakirə etmək üçün təkbətək görüşməyə razılaşdıq”, - Rusiya prezidentinin köməkçisi bildirib.
Dekabrın 25-də Emoməli Rəhmon MDB ölkələri liderlərinin Leninqrad vilayətində qeyri-rəsmi görüşündə iştirak edəcək.
Uşakov qeyd edib ki, Rusiya Tacikistanın aparıcı ticarət tərəfdaşıdır. Bu ilin yanvar-sentyabr aylarında qarşılıqlı ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz artaraq 1,08 milyard dollar təşkil edib.
Rusiya 1,6 milyard dollar sərmayə ilə Tacikistan iqtisadiyyatına investisiya yatıran ölkələr arasında Çindən sonra ikinci yerdədir. Rusiya Tacikistan iqtisadiyyatının neft məhsullarına olan tələbatının təxminən 90 faizini təmin edir. Rusiya universitetlərində Tacikistandan 36 mindən çox bakalavr və magistratura tələbəsi təhsil alır.