Rusiyada kənd təsərrüfatına nəzarət qurumu “Rosselhoznadzor” xəstəlik səbəbindən bəzi bölgələrdə kartof əkini 3 il müddətinə qadağan edib. Qadağa qərarında adıçəkilən bölgələr arasında Tver və Yarolslavl da var.
Hafta.az-ın yazdığına görə, qurumun dərc etdiyi açıqlamada bu iki bölgədə PSTVd kimi tanınan kartof mil yumru viroidi və Ralstonia solanacearum bakteriyasına rast gəlindiyi bildirilir. Karantinə məruz qalan hər iki xəstəliklə mübarizənin əsas üsulu kartof əkininin dayandırılmasıdır.
Məsələ ilə bağlı məlumat verən “Moskovskiy komsomolets”ə danışan ekspertin dediyinə görə, əvvəllər Rusiyada Hollandiya və Almaniyadan kartof toxumu alınıb, lakin sərhədlər bağlandıqdan sonra Belarus toxumu geniş yayılıb.
Qeyd olunur ki, Rusiyada kartof sahələrinin sözügedən xəstəlik səbəbindən üç il müddətinə ixtisar olunması bazarda bu məhsulun qiymətinin qalxmasına təsir edə bilər.