Sabah Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü olacaq. Nəhayət, Brüsseldə Ermənistan bu danışıqların fonunda sülh sazişini imzalamağa cəlb oluna bilərmi və Azərbaycanın qarşısına hansı tələb qoyula bilər?
Siyasi elmlər doktoru, politoloq Mətin Məmmədi hafta.az-a bildirib ki, Brüssel görüşündə danışıqlar müstəvisində müəyyən irəlilləyişlər əldə etmək olar. O, bununla yanaşı Brüssel görüşündə sülh sazişinin imzalanacağını gözləmədiyini deyib.
“Amma sülh sazişi üzrə danışıqlar prosesinin başlanacağını, müəyyən bir çərçivə sənədinin qəbul olunacağını ehtimal edirəm”.
M.Məmmədli bildirib ki, artiq hər iki ölkə liderinin görüşündən əvvəl Azərbaycan və Ermənistan hakimiyyət nümayəndələri görüşlər keçiriblər. Bu görüşlər hər iki ölkə liderinin Brüssel görüşünə hazırlıq məqsədi daşıyıb.
Politoloq Azərbaycan XİN-nin sülh müqaviləsinin imzalanması üzrə danışıqların aparılmasında Ermənistana təklif olunan 5 baza prinsipinə diqqət çəkib.
“Məlum 5 baza prinsipi ilə bağlı Ermənistandan müəyyən müsbət mesajlar gəlsə də, özünün əlavələrinin olacağını da bildirib.
Brüssel görüşündə müəyyən bir irəliləyişin əldə olunmasını gözləyirəm. Ən azı sülh danışıqları üzrə bəlli bir prinsiplər müəyyənləşə bilər. Amma ortada ciddi problemlər var. Yenə də Ermənistan Qarabağda yaşayan ermənilərin statusu məsələsini qabardır və bu da Azərbaycanla ciddi fikir ayrılığına səbəb olur”.
Politoloq hesab edir ki, Rusiyanın Ukraynada başının qarışdığı bir vaxtda Avropa İttifaqının yeni bir təşəbbüslə çıxış etməsi də təsadüfi deyil.
“Amma onu da nəzərə almaq lazımdır ki, Aİ-nin bu təşəbbüsü yeni deyil. Təbii ki, danışıqlar prosesinə Avropa İttifaqının da müəyyən təsir rıçaqları var. Rusiyanın başı qarışsa da, yenə də Ermənistan-Azərbaycan arasında həllini gözləyən problemlərdə açar dövət rolunu qoruyub saxlayır”.