Sabah Bakıda bal yarmarkası açılacaq

15:00 27.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

28 sentyabr-18 oktyabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin Azərbaycan Arıçılar Assosiasiyası ilə birgə təşkilatçılığı ilə Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Aqrar Tədarük və Təchizat ASC-nin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, sabah saat 9:30-da Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinin iştirakı ilə yarmarkanın rəsmi açılış mərasimi olacaq.

Yarmarkaya qeydiyyatı təsdiqlənmiş arıçıların bal və digər arıçılıq məhsulları “Aqrar Tədarük və Təchizat” ASC-nin anbarında qəbul edilib.
Məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Yarmarkada yalnız yüksək keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə veriləcəyi bildirilir.