Operativ Qərargahın son brifinqi və TƏBİB-in əməkdaşı Yaqut Qarayevanın verdiyi açıqlamalar əhalini toyların təşkili ilə bağlı bir qədər ümidləndirib. Bir ildir toysuz qalan insanlar, hətta o qədər tələsir ki, indidən şadlıq sarayları ilə danışıb gün təyin edənlər də var.
Yayılan xəbərlərin doğru olub-olmadığı bir kənara, şadlıq saraylarında yaranmış vəziyyət indi tamam başqadır. Sosial şəbəkələrdə isə şadlıq saraylarının qiymətləri qaldırdığı müzakirə edilir. Hafta.az paytaxtın bir sıra tanınmış şadlıq evləri ilə əlaqə saxlayıb, yaranmış vəziyyətlə bağlı araşdırma aparıb.
Aralarında “Ağ çiçəyim”, “Qəsr”, “Neptun”, “İnci” kimi məşhur restoranların da olduğu bir sıra şadlıq saraylarında hazırda gələn ayın 10-u, 15-i tarixlərindən sonra üçün günlər indidən tutulub. Qiymətlərə gəldikdə, artım olduğunu qəbul edənlər də var, “Təki toy olsun” deyib əvvəlki qiymətlə davam edəcəklərini iddia edənlər də...
Gəlin ümumi vəziyyətə birgə nəzər salaq:
İlk olaraq əlaqə saxladığımız məkan “Yeganə” şadlıq sarayı oldu. Buradan deyildi ki, hələ toylara icazə ilə bağlı dəqiq qərar olmadığı üçün boş yerlər var:
“Düzdür, əvvəlcədən danışanlar da olub, ancaq hər halda hər kəsə bir qədər gözləməyi tövsiyə edirik. Bizdə 300-600 nəfərlik zallar var. Toy edib, qiymət danışan adam gərək ora gələcək qonaqların da sayını bilə. Birdən 100-150 nəfərlik toylara icazə verildi, onda necə olacaq? Buna görə də qərarlar açıqlanmayana qədər heç kəslə dəqiq toy günü təyin etmirik. İstəmərik ki, qanunsuz iş görək, sonra da bizi televizorda göstərsinlər”.
Restoran rəhbərliyi qiymətlərin pandemiyadan öncə, yəni 2020-ci ilin mart ayındakı ilə müqayisədə dəyişdiyini də dolayı yolla dilə gətirdi:
“Qiymətlər menyudan asılı olaraq 55, 60, 70, 85 arası dəyişir. Bizdə qiymət elə əvvəl necə idisə, indi də elədir. Bahalaşmaya gəldikdə isə nə deyə bilərəm? İndi hansı məhsulun qiyməti qalxmayıb ki?”.
Digər tanınmış şadlıq evi “Xəmsə” şadlıq sarayından isə bildirildi ki, hazırda restoran kimi fəaliyyətlərini davam etdirirlər. Gələn ayın 10-dan sonra toylara icazə veriləcəyi deyilir. İndidən yazılanlar var, ancaq hələ nəyin necə olacağı bilinmir:
“Qiymətlər 50 manatdan başlayaraq dəyişir. Demək olar ki, köhnə illərlə müqayisədə artım yoxdur. Adam sayı çox olduğu halda, endirim də ediləcək. Neçə nəfərlik toylara icazə verilsə, ona görə dəqiq qiymət danışmaq mümkün olacaq”.
“Xudafərin” şadlıq sarayında da vəziyyət, demək olar ki, oxşar idi. Restoran əməkdaşının sözlərinə görə, iyun ayının 10-dan sonrasına zallara görə boş gün var. Qiymətlər isə menyulardan asılı olaraq 40 manatdan başlayır:
“Hələ qayda-qanunlar necə olacaq, bilmirik. Hər halda insanlar çoxdandır, bu günləri gözləyirlər. Ona görə də hamı toy gününü indidən təyin edib, restoran danışmağa tələsir”.
Əməkdaş onu da əlavə etdi ki, iyunun 10-dan sonra açılan fəaliyyət sahələrinin şadlıq evinə aidiyyəti yoxdur. Çox güman, toyların təşkilinə və şadlıq evlərinin fəaliyyətinə ayın 15-dən sonra icazə veriləcək:
“Həmin tarixdən sonra da hansı şərtlərlə olacağını hələ dəqiq bilmirik. Böyük ehtimalla, qonaqların sayı da peyvənd pasportuna görə tənzimlənəcək. Fikrimcə, vaksinasiyasız 150 nəfərə kimi adamın iştirakına icazə olunar. Kimin ki, vaksin pasportu olacaq, yəqin, onların sayına məhdudiyyət qoyulmaz. Onda da qapıda pasportları yoxlayan nəzarətçi qoyulacaq. Bunlar mənim təsəvvürlərimdir, yenə də heç nə dəqiq deyil”.
Qiymətlərə gəldikdə isə restoran əməkdaşı əvvəllə müqayisədə fərq olacağını ehtimal edir. Təbii ki, buna başlıca səbəb gələn qonaqların az olmasıdır:
“Əvvəl 28-30 manat arası hesabladığımız qiymət indi, təxminən, 30-35 arası dəyişəcək. Menyularda, azı, 3-5 manat qiymət fərqi yaranacaq. Əvvəl 400-500 nəfərlik toy edirdimsə, indi 150 nəfərlik edəcəyəm, buna görə qiymət fərqi olmalıdır”.
Şadlıq evləri arasında keçirdiyimiz sorğudan belə qənaətə gəldik ki, hələ hansı formada təşkil ediləcəyi məlum olmayan toylar, deyəsən, əhaliyə baha başa gələcək. Onsuz da olduqca göstərişli toy adətlərimiz var, bir də üstünə bahalaşan qiymətlər əlavə edildi. Bəs görəsən, artan qiymət amilinə mütəxəssis yanaşması hansı formadadır? Ümumiyyətlə, qiymət artımına əsas var, yoxsa süni qiymət artımı bizləri gözləyir?
İqtisadçı ekspert Fuad İbrahimov məsələyə münasibət bildirərkən bunları söylədi:
“İlk öncə onu nəzərə almaq lazımdır ki, Azərbaycanda manatın məzənnəsi sabitdir. Hər hansı ucuzlaşma baş verməyib ki, bu respublikaya idxal edilən ərzaq məhsullarına təsir etsin. Bundan başqa, elə yerli ərzaq məhsullarında bahalaşma baş verib ki, onların toy mərasimlərində kütləvi şəkildə istifadəsinin xüsusi çəkisi yoxdur. Misal üçün, ötən illə müqayisədə ət və ət məhsullarının bahalaşması baş verməyib. Bu göstəriciləri nəzərə alsaq, onda şadlıq saraylarında qiymətlər niyə qalxmalıdır? Burada artıq insan faktorundan söhbət gedir. Uzun müddət xidmətlər istifadə edilməyib, şadlıq evlərinin borcları yaranıb və onlar da bu yolla borclarını aradan qaldırmağa çalışırlar. Yəni makroiqtisadi səviyyədə hər hansısa qiymət artımına şərait yoxdur”.
Həmçinin ekspert qiymət artımını tələbatın çoxluğu ilə də əlaqələndirdi:
“Klassik nəzəriyyədə tələb və təklif anlayışları var. Bu gün toylara tələbat yüksək səviyyədədir. Ona görə də şadlıq evi sahibləri bu tələbatdan istifadə edəcəklər, ta ki toy sırası səngiyənə qədər... Buna da inhisarçılığın birinci dərəcəli diskriminasiyası deyirlər”.
Qeyd edək ki, ölkədə kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin təşkilinə ötən ilin mart ayından etibarən qadağa qoyulub.