“Böyük ehtimalla təyyarə qəsdən vurulmayıb. Amma vurlan təyyarənin yaxınlıqdakı Mahaçqala, yaxud Mineralnıye Vodı hava limanına enməsinə izn verilməməsi, Aktauya göndərilməsi qəsddir və belə görünür ki, məqsəd onu dənizdə batırmaqla izi itirmək olub”.
Bunu hafta.az-a deputat Sahib Alıyev bildirib.
S.Alıyev qeyd edib ki, təyyarəmizin vurulduğu aydın idi. Artıq dəqiqləşib ki, bu, Rusiya mediasının təqdim etməyə çalışdığı kimi Ukrayna dronlarının yox, həmən dronlarla sərnişin təyyarəsini səhv salanların işidir. Təyyarə Qroznı hava limanına enişə hazırlaşarkən "Pantsir-S"-lə vurulub.
“Biz böyük dövlətlərin bu cür xudbincəsinə davranışlarını, kiçikliklərini birinci dəfə görmürük. Onu da yaxşı xatırlayırıq ki, 2020-ci ilin 9 noyabrında Rusiya hərbi helikopteri səhv salınıb vurulanda, Azərbaycan qarşı tərəfdən buna görə üzr istəmiş və gərəkən digər addımları atmışdı. Baxmayaraq ki, burada müəmmalı çox şeylər vardı. Moskvanın baş verənlərə görə üzr istəyəcəyini, təyyarəmizi Ukrayna dronuyla səhv salıb vuranların cəzalandırılacağını, belə hallarda beynəlxalq normaların tələb etdiyi digər addımların atılacağını gözləyirik. Həm də bu, nə qədər tez baş versə, fikrimcə, ikitərəfli əlaqələrə mənfi təsirin azaldılması baxımından bir o qədər yaxşı olar”.