Sahibə Qafarova İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb

19:01 02.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İndoneziya Respublikası Nümayəndələr Palatasının İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Muhammad İqbalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən xəbərə görə, Sahibə Qafarova Azərbaycan və İndoneziya arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinin razılıq doğurduğunu bildirib.

Sahibə Qafarova ölkələrimizin BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda yaxın əməkdaşlığından danışıb, İndoneziyanın bu təşkilatlarda həmişə Azərbaycanı dəstəkləməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini qeyd edib.

Dövlətlərimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmli rolunu vurğulayan Milli Məclisin sədri, qanunvericilik orqanlarının səmərəli əməkdaşlığının daha da genişləndirilməsinin, həmçinin dostluq qrupları səviyyəsində əlaqələrin əhəmiyyətindən bəhs edib. Milli Məclisin sədri bildirib ki, deputatlarımız bir sıra beynəlxalq təşkilatların parlament qurumlarında səmərəli əməkdaşlıq edirlər. Spiker Sahibə Qafarova, xüsusilə, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığı qeyd edərək, İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharaninin Parlament Şəbəkəsinin Madriddə keçirilən təsis konfransında, həmçinin, İndoneziya nümayəndə heyətinin bu təşkilatın ötən ilin 30 iyun - 1 iyul tarixlərində keçirilmiş Bakı Konfransında iştirakını yüksək qiymətləndirib. O, eyni zamanda, Milli Məclisin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv qəbul olunmasını xatırladaraq, bu təşkilat çərçivəsində də əlaqələrin əhəmiyyətini vurğulayıb.

Spiker diqqətə çatdırıb ki, Azərbaycan Ermənistana beynəlxalq hüququn prinsipləri əsasında sülh sazişinin imzalanmasını təklif etsə də, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir və sülh müqaviləsini imzalamaqdan boyun qaçırır.

Səmimi sözlər üçün təşəkkürünü bildirən İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Muhammad İqbal nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharaninin salamlarını Milli Məclisin sədri Sahibə Qafarovaya çatdıraraq, bir neçə ay əvvəl İndoneziyada keçirilən “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etdiyinə görə Sahibə Qafarovaya təşəkkürünü bildirib. Dostluq qrupunun rəhbəri, İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani ilə Milli Məclisin sədri Sahibə Qafarova arasında sıx əlaqələrin parlamentlərarası münasibətlərin inkişafında mühüm rol oynayacağını qeyd edib.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev, qrupun üzvləri Hikmət Məmmədov, Elman Nəsirov, Əliabbas Salahzadə, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Oxunma sayı 242