“İşğalçılar ərazilərimizdən qovulsa da, 8 kəndimiz ermənilərin əlində qalırdı. Nəhayət, həmin kəndlərdən 4-ü danışıqlar nəticəsində Azərbaycana qaytarıldı. Ermənistanla Azərbaycan sərhədində dirəklər basdırıldı və sərhədçilərimiz həmin ərazilərdə dayandı. Bu, Azərbaycanın 2020-ci ildən bu yana ölkəmizin davamlı olaraq atdığı addımların mühüm nəticəsi olaraq dəyərləndirilməlidir”.
Bunu hafta-az-a hərbi ekspert Şair Ramaldanov Qazaxın 4 kəndinin ikitərəfli danışıqlar yolu ilə qaytarılması və sərhədçilərimizin həmin ərazilərdə fəaliyyətə başlaması ilə bağlı bildirib.
Ş.Ramaldanov qeyd edib ki, bütün bu uğurlar Ali Baş Komandan, Prezident İlham Əliyeyin qətiyyəti, möhkəm iradəsi sayəsində gerçəkləşdi. Onun sözlərinə görə, bu uğurlar xalq-dövlət birliyi, milli dövlətçilik maraqlarının ölkə başçısı tərəfindən qorunmasının ən yüksək göstəricisidir.
“Azərbaycan 2020-ci il 44 günlük müharibədə erməni işğalçıları üzərində qələbə çalıb Şuşada zəfər bayrağını qaldırmaqla yanaşı, ötən üç il ərzində ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi istiqamətində mühüm addımlar atdı. Azərbaycan ordusunun 1 günlük antiterror tədbirindən sonra Azərbaycan Ali Baş Komandanı bayrağı Xankəndidə qaldırdı. Cənab Prezident II Qarabağ savaşına qədər “biz işğalla barışmayacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik” deyirdisə, indi öz qətiyyətli iradəsini bidirərək həm daxildə, həm xaricdə Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə nail olacağı haqqında bəyanatlar səsləndirir. O hədəflər beynəlxalq normalar çərçivəsində Azərbaycana aid olan prioritet məsələləri ehtiva edir”.
Hərbi ekspert bu gün 4 kəndin ikitərəfli danışıqlar yolu ilə qaytarılmasını qətiyyətli diplomatiyanın uğuru sayır. Ekspert bundan sonra digər anklav kəndlərlə bağlı məsələnin də həll olunacağına şübhə olmadığını deyib.
“4 kəndin qaytarılması tarixi hadisədir. Biz delimitasiya, demarkasiya komissiyasının fəaliyyətinin faktiki nəticələrini gördük. 4 kəndin geri alınması Ermənistanla Azərbaycan arasında artıq şərti sərhəd yox, iki ölkə arasında razılaşdırılmış dövlət sərhəddinin olduğunu müəyyən etdi”.
Ş.Ramaldanov qeyd edib ki, 13 kilometrə yaxın ərazi sərhəd kimi tanınıb və artıq hər iki dövlətin sərhədçiləri fəaliyyət başlayıb.
Ş.Ramaldanov 4 kəndlə bağlı Ermənistanda baş qaldıran revanşizmə, eləcə də kilsənin sülh prosesinə maneə olmaq üçün davam etdiyi mitinqlərə, etiraza diqqət şəkib. O, bildirib ki, erməni keşişləri bu prosesin qarşısını ala bilməyəcək.
Ekspert qeyd edib ki, Ermənistanla sərhədlərimizin çox hissəsi dağlıq ərazilərdən keçdiyi üçün orada delimitasiya işinin aparılması havaların əlverişli imkanlarından asılı ola bilər.