Koreya Dövlət İnsan Hüquqları Komissiyası 1 ildən artıqdır İnçon Beynəlxalq Hava Limanının yola salınma terminalı binasında yaşayan 3 Rusiya vətəndaşı üçün onların “humanitar yardım” almağa layiq olduğunu təsdiqləsə də, həmin şəxslərin sığınacaq üçün müraciətlərinə hələ cavab verməyib.
Hafta.az-ın Cənubi Koreyanın "Yonha" agentliyinə istinadən yazdığına görə, İnsan Hüquqları Komissiyası hava limanının rəhbərliyinə qida və yaşayış şəraitini yaxşılaşdırmaqla yanaşı, “yaşayış sahələrini genişləndirməyi” tövsiyə edib.
Komissiya hava limanında gözləmə zalında uzun müddət qalmağın konstitusiya ilə qorunan insan ləyaqətini alçalda biləcəyinə diqqət çəkib.
Rusiyanın Seuldakı səfirliyi bildirir ki, İnçon hava limanında qapalı qalan Rusiya vətəndaşları barədə məlumatı yoxdur. “Nə ərizəçilərin özləri, nə də Koreya rəsmiləri bu məsələ ilə bağlı bizimlə əlaqə saxlamayıblar”, - diplomatik nümayəndəlik vurğulayıb.
Səfirliyin konsulluq şöbəsi izah edib ki, əgər əcnəbi qaçqın statusu almaq üçün müraciət edərsə, Cənubi Koreya hakimiyyəti milli qanunvericiliyə uyğun olaraq bu barədə diplomatları məlumatlandırmır.
Ruslar keçən il hava limanına gələn kimi sığınacaq istəyiblər. Lakin Koreya Respublikasının Ədliyyə Nazirliyi əsaslandırılmaması səbəbindən bu sorğuları rədd edib. Müraciət edən Rusiya vətəndaşları məhkəməyə şikayət edib və məhkəmə qərarın ləğvinə qərar verib. Lakin buna cavab olaraq Ədliyyə Nazirliyi yuxarı instansiya məhkəməsinə müraciət ünvanlayıb. Bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib. Ölkəyə buraxılmayan ruslar da ölkədən çıxmaqdan imtina edirlər.