Səkkiz tanınmış jurnalist eyni anda işdən çıxarıldı

17:30 29.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə yayımlanan, müxalifət düşərgəsinin əsas yayım orqanı olan "Cümhuriyyət" qəzetinin 8 ştatlı işçisi eyni vaxtda işdən çıxarılıb.

Hafta.az-ın yazdığına görə, bu barədə Türkiyə Jurnalistləri Cəmiyyəti (Türkiye Gazeteciler Sendikası) məlumat yayıb. Məlumata əsasən işdən çıxarılanlar Olcay Büyüktaş Akça, Sami Gürel, Rüya Özkalkan, Hilal Kösə, Tuğba Özər, Ece Piroğlu, Vedat Arık, Mahmut Gündüzdür. 

Jurnalistlər Cəmiyyətinin işdən çıxarılan media təmsilçiləri ilə bağlı yaydığı açıqlamada deyilir ki, sitat: "Cümhuriyyət" qəzetində səkkiz üzvümüzün işdən çıxarılması, qəzet rəhbərliyinin Jurnalistlər Cəmiyyətinə qarşı mövqeyini bir daha üzə çıxardı. Məsləkdaşlarımızın öz işlərinə bərpası üçün "Cümhuriyyət"lə danışıqlara başalayacağıq. 

Bu arada, "Cümhuriyyət" qəzetinin Baş redaktoru Aykut Küçükkaya bildirib ki, uzun illərdir birlikdə çalışdıqları səkkiz həmkarı media şirkəti rəhbərliyinin əmri ilə və təbii ki, baş redaktor olaraq onun razılığı alınmadan işdən çıxarılıb. O, rəhbərliyin sözügedən qərarının ləğvi və jurnalistlərin işlərinə bərpası məqsədilə əlindən gələni edəcəyini bildirib.