Ölkəmizdə uzun illərdir həllini gözləyən və tez-tez gündəmə gələn sənədsiz evlərin taleyi məsələsində düyünlər deyəsən yavaş-yavaş çözülür. Hər dəfə problemin tezliklə həll olunacağı deyilsə də, tam olaraq addımlar atılmırdı. Üstəlik, belə evlərdən bəziləri xüsusi riskli hesab edilən ərazilərdə inşa edilib.
Bəs görəsən, sənədsiz evlərin qeydiyyata alınmasına mane olan amillər nələrdir? Proses hansı formada təşkil edilməlidir? Məsələnin həlli əmlak bazarına nə kimi təsir edə bilər? Hafta.az-ın əməkdaşı mövzu ilə bağlı araşdırma aparıb.
İlk öncə nəzərinizə çatdıraq ki, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatında sənədsiz yaşayış evlərinin inventarlaşdırılması həyata keçirilməsi əksini tapıb.
Sənəddə qeyd edilib ki, ölkə ərazisində müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər (əsasən yaşayış evləri) və onların yerləşdiyi torpaq sahələri ilə bağlı problemin həlli məqsədilə Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri tərəfindən 2019-cu il 2 iyun tarixində Tədbirlər Planı təsdiq edilib. Problemin mərhələli həllini nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq yerli ekspert komissiyaları yaradılıb. Komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxildir.
Hesabatda nəzərə çatdırılır ki, hazırda həmin komissiyalar tərəfindən şəhər və rayonlar üzrə müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması həyata keçirilir. Eyni zamanda yaşayış evlərinin və torpaq sahələrinin mühafizə və sürüşmə zonalarına düşüb-düşmədiyi, kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşib-yerləşmədiyi məsələsi də diqqətdə saxlanılır.
Sənəddə bu da deyilir ki, Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb. Mövzunun həlli yollarının Milli Məclisdə müzakirə olunacağı deyildi.
Elə bu səbəbdən də suallarımızı deputat Azər Badamova ünvanladıq. Deputat bildirir ki, problemin həlli Milli Məclisdən asıllı deyil:

Sənədləşdirilməsi mümkün evlərin torpaq təyinatları da dəyişdiriləcək
“Sənədsiz evlərin sənədləşdirilməsi məsələsi uzun illər yığılmış problemdir. Ölkə başçısının bu prosesin sürətləndirilməsi istiqamətində tapşırıqları olmuşdur. Məsələ ilə əlaqədar müəyyən strukturları təmsil olunan komisiya yaradılmışdır və həmin torpqaların inventirizasiyası həyata keçirilir. Hökumətin Milli Məclisə təqdim etdiyi hesabatda da bu məsləyə xüsusi yer verilmişdir. Yəni, bu problemin həllinə hökumət maraqlıdır, amma çox mürəkkəb və vaxt tələb olunan məsələdir. Sənədsiz evlərin çox hissəsi təyinatı başqa olan torpaqlarda, qaz, elektrik və su xətlərin mühafizə zonalarında tikilmişdir. Ona görə də hansı evlərə sənədlər vermək mümkündür müəyyənləşdirilməlidir. Bütün tikililər inventerizasiya olunaraq təhlil olunmalıdır. Biz bu məsələni bir neçə dəfə Milli Məclisin iclaslarında gündəmə gətirmişik. Problemin həlli Milli Məclisdən asıllı deyil. Bunula yanaşı düşünürəm ki, sənədləşdirilməsi mümkün evlərin torpaq təyinatları da dəyişdiriləcək və yaxın zamanlarda mərhələli şəkildə sənədləşdirilmə işlərinə başlanacaqdır”.
Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, çıxarışsız evlərin sənədləşdirilməsi problemi daima aktual olan məsələdir. Həlli ilə bağlı isə, uzun illərdir ki sadəcə çağırışlar olur, ciddi addımlar isə atılmır:

“Təxmini götürsək, Bakı və Abşeronda 500 mindən çox çıxarışsız fərdi həyət evləri var. Hansı ki onlar qanunsuz tikili adlandırılır. Əslində isə həmin evlərin hər birinin müəyyən sənədləri var. Daşınmaz əmlak sektoru və tikinti sahəsi ölkə iqtisadiyyatının inkişafında çox böyük rol oynayır. Bunu elə paytaxtımızın 20-il öncəki ilə müasir görünüşünün müqayisəsi zamanı aydın görmək olar”.
Sənədləşmədə yaranan problem səbəbi ilə indi yalnız ehtiyacı olanlar mənzil alır
Daha sonra ekspert sənədsiz evlər probleminin iqtisadiyyatımıza vurduğu ziyanlardan da söz açdı: “Bu gün vətəndaşlar bələdiyyə sərəncamı ilə tikilən evlərə çıxarış ala bilmir. Əlavə olaraq, bazarda həddindən çox saxta, kökü olmayan sənədlər mövcuddur. Çıxarışın olmamasının iqtisadiyyatımıza vurduğu zərərləri isə saymaqla bitmir. Birinci növbədə, çıxarışı olmayan mülk, ipoteka kreditinə çevrilə bilmir. Bundan başqa, İki il əvvələ qədər Azərbaycana çoxsaylı turistlər gəlirdi ki, onlar da ölkəmizdə ciddi yatırımlar etmək istəyirdilər. Daha sonra gördülər ki, bəyəndikləri əmlakların, xüsusən həyət evləri və villaların əksəriyyətinin çıxarışı yoxdur. Belə əmlakı isə heç bir xarici vətəndaş ala bilməz. Həmin ərəfədə bu sahədəki boşluqlar ucbatından ölkəmiz xaricdən gələ biləcək milyardlarla dolları itirdi. Yaranmış digər problem isə, vətəndaşın öz evində qeydiyyata düşə bilməməsidir. Bunun da fəsadlarına elə yaxın keçmişdə - sərt karantin rejimi dövründə şahid olduq. Çıxarışlı mənzillərin alqı-satqısı zamanı dövlətə hər kvadratmetrə görə müəyyən miqdarda vergi ödənilir. Burada qiymət kvadratı 12 manatdan 60 manata qədər dəyişir. Vətəndaş onsuz da çıxarışsız evini hansısa yolla satmağı bacarır. Əvvəllər evə yatırım məqsədilə baxılırdısa, sənədləşmədə yaranan problem səbəbi ilə indi yalnız ehtiyacı olanlar mənzil alır. Bütün bu səbəblər insanlarda bu sahəyə inamsızlıq yaradıb”.
Yeri gəlmişkən sonda bir məqamı da diqqətinizə çatdıraq ki, Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsindən Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması nəzərdə tutulan ərazilərin müəyyənləşdirilməsi işlərinə başlanılıb. Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda deyilir.
Sənəddə qeyd edilib ki, həmin ərazilərin sərhədləri yerquruluşu qaydasında müəyyən edilərək, onlara dair hüquqların mövcudluğunun real vəziyyətlə müqayisə edilməsi nəzərdə tutulub. Bununla əlaqədar qeyd olunan ərazilər haqqında ilkin mərhələdə elektron formada məlumatlar əldə edilib. Aparılmış monitorinqlər nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində olan və Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonları ərazisində yerləşən 18 min hektar torpaq sahəsi müəyyən edilib və Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması təklif olunub.
Hesabatda bildirilir ki, məsələnin həlli ilə əlaqədar torpaq sahələrinə dair təqdim edilmiş məlumatların araşdırılması, inventarlaşma işlərinin həyata keçirilməsi və torpaqların səmərəli istifadəsi ilə bağlı yekun rəyin hazırlanması məqsədilə aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılmasının məqsədəuyğunluğu barədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət edilib.
Abşeron və Qobustanda üzərində evlər tikilən kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası dəyişdiriləcək. Sənəddə qeyd edilib ki, üzərində fərdi yaşayış evləri inşa edilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi üçün Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na uyğun olaraq torpaq mülkiyyətçiləri tərəfindən Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmalıdır.
Hesabatda nəzərə çatdırılır ki, Abşeron rayonunun bələdiyyələrinin hüdudları daxilində faktiki olaraq tikintilər altında olan 8125 hekar və Qobustan şəhəri üzrə 78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mövcud istifadə vəziyyəti nəzərə alınmaqla kateqoriyasının dəyişdirilməsi məqsədi ilə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasının zəruriliyi barədə İqtisadiyyat Nazirliyi tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinə və Qobustan Rayon İcra Hakimiyyətinə müvafiq məktublar ünvanlanıb. Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlarda mövcud olan tikililərlə əlaqədar aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır, tədbirlər plan tərtib edilib və çölölçmə işləri yerinə yetirilib. Bununla yanaşı, kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində 20 minə yaxın fərdi yaşayış evi, 6 minə yaxın müxtəlif təyinatlı qeyri-yaşayış tikililəri barədə məlumatlar toplanıb, xəritə materialları tərtib edilib, arayışlar və məlumatlar hazırlanıb və adiyyatı qurumlarda baxılır.
Sənəddə bildirilib ki, Qobustan rayonu ərazisində üzərində 300-dən artıq yaşayış evi inşa edilmiş 78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq sənədlər hazırlanır və yaxın vaxtlarda müəyyən olunmuş qaydada aidiyyəti üzrə müraciət ediləcək.