Silahlı Qüvvələrin Ali Baş Komandanına qarşı informasiya terroru və şər-böhtan kampaniyası aparılır - Zahid Oruc

12:43 05.03.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericilik işləmir və biz hər gün müxtəlif informasiya şəbəkələrində prezident və ailəsi əleyhinə sistemli hücumların şahidi oluruq”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc bildirib.

Z.Oruc qeyd edib ki, xalqın müdafiəsini və təhlükəsizliiyini hifz edən, o cümlədən Silahlı Qüvvələrin Ali Baş Komandanına qarşı informasiya terroru və şər-böhtan kampaniyası aparılır.

Birinci şəxsi səbrini sənağa çəkərək onu quruculuq ideallarından və humanist duyğularından çıxarıb emosional qərarlara çəkmək istəyirlər. Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərində deyildiyi kimi, lidersizləşdirmə, dövlətsizləşdirmə planı ilə prezidentə hücum edənlər əslində ölkəyə silahlı xarici təcavüzçülərdən heç nəylə fərqlənmirlər. Millətin vahidliyi, ərazi bütövlüyü və suverenlyi, Qələbəmizin simvolu olan şəxsi ləkələməyə çalışmaq prezidentə səs verən milyonlarla insanın etimadını və ideallarını aşağılamaq deməkdir. Dövlət başçısının mənəvi zirehi yarılırsa, demək, sadə vətəndaşlar tam müdafiəsizdir”.

Z.Oruc eyni zamanda vurğulayıb ki, Avropa Birliyi ölkələrinin əksəriyyətində ölkə rəhbərinin təhqiri qanunla cəzalandırılır.

“İtaliya, İspaniya, Almaniya, Polşa və digərlərində buna görə müxtəlif növ cinayət məsuliyyəti mövcuddur. Ölkə rəhbərini daim hədəf seçənlərin əsas təhqir coğrafiyası Avropadır və onlar müxtəlif qruplara bölünürlər. Amerika kəşfiyyatına bağlılığı şübhə doğurmayan OCCRP və digər saxta media-məxfi xidmət şəbəkəsi prosesin önündə gedir. Onların yaydıqları 4 P proqramı-Peqasus, Panama, Pandora və Paradise sənədlərinin küfr və cəfəngiyyat olduğunu təmsil etdiyim Mərkəz sənədlərlə sübut edib. Ölkə başçısını müxtəlif xarici siyasət qərarlarından döndərmək, vətəndaş qruplarını onun üstünə qaldırmaq, cəmiyyətdə parçalanmaya nail olmaqla siyasi çevrilişləri həyata keçirmək ən ümdə məqsədləri təşkil edir.

İkinci qrupa, erməni lobbi mərkəzləri, Boqosyan-Qlüksman cütlüyü və Qarabağın zəngin sərvətlərini uzun illər sümürən xarici şirkətlər, onların Avroparlament, Avroşuradakı siyasi lobbiçiləri dayanır. Belə hücumlarla ölkəmizdən sərvət və imtiyazlı neft-qaz, yaxud qiymətli əlvan metal kontraktları qazanmağı düşünən böyük korporasiyalar böhtanın sifarişçiləridir.

Nəhayət, ölkə rəhbərinin kölgəsinə daş atan digər bir dəstə aşağı muzdlu məişət tüfeyliləri, ayaqlarına və beyinlərinə nəzarət çipləri bağlanmış, hər gün səhərdən-axşamadək cılız tezislərlə təlimatlandırılan mühacirlər, Osmanqızı və digər birnəfərlik şər kanallarıdır. Onların çörəyi youtube və digər şəbəkələrdə baxış sayını artırmaq adı altında aldıqları satqınlıq mükafatlarını gizlədirlər.

Biz beynəlxalq qanunvericilik çərçivəsində ən azı sonuncu qrup təmsilçilərini məsuliyyətə cəlb etmək mexanizmlərini gücləndirməliyik. Əgər prezidentin şərəf və ləyaqətini qorumaq üçün məhkəmə və hüquq orqanlarının mexanizmləri nəticə vermirsə, onda təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır”.