Subsidiyaların verilməsində yenilik - Yeni dəyişikliklərdən gözləntilər nədən ibarətdir?

13:06 30.03.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilib. Dəyişikliklərə əsasən, ayrılan subsidiya daxilində alınan gübrə və biohumusun dəyərinin 30 faizinin fermerlər tərəfindən nağd şəkildə ödənilməsi qaydası ləğv edilib. Bundan sonra fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə biləcəklər.

Daha bir dəyişikliyə əsasən, təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılacaq. Fermerə verilən subsidiya vəsaiti 2  il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndəriləcək. Bildiriş göndərildikdən sonra fermer 3 ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilməyəcək.

Qaydalara edilən daha bir dəyişikliyə görə, Aqrar Kredit və İnkişaf Agentliyinin monitorinq və qiymətləndirmə funksiyası genişləndirilib. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən çarpaz, yerüstü müşahidə və yerində müşahidə ardıcıllığı ilə monitorinqlər aparılacaq.

Yeri gəlmişkən, kənd təsərrüfatı məhsulu istehsalının subsidiyalaşdırılması qaydası ilə bağlı daha bir yenilik gözlənilir. Belə ki, subsidiyalaşdırılma qaydasının pozulmasına görə cərimə müəyyənləşdirilir.  İnzibati Xətalar Məcəlləsinə bununla bağlı yeni - 411-2 maddəsinin əlavə edilməsi təklif olunur. Layihəyə əsasən, fermer tərəfindən “electron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq olunması nəzərdə tutulur. 

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin payızlıq əkinlərinə görə fermerlərə subsidiya ödənişlərini davam etdirir. Monitorinq nəticələrinə uyğun olaraq müraciətləri təsdiqlənmiş daha 45,348 fermerə əkin subsidiyası ödənilib. Bununla da, müvafiq dövrdə payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 227 998 nəfərə çatıb. Ümumilikdə 335 min nəfərdən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2020-ci il üzrə payızlıq əkinləri bəyan edib. Fermerlərin əkin bəyanları təlimatlara uyğun olaraq yoxlanıldıqca, subsidiya ödənişləri həyata keçirilir.

AKİA-dan bildirilib ki, subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25faiz nağdlaşdırıla bilən və 75 faiz nağdsız hissə şəklində ödənilib. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.

Xatırladaq ki, pandemiya səbəbindən ötən il bir sıra ölkələr aqrar sektora subsidiya ayırmaqda çətinliklərlə üzləşdiyi halda, Azərbaycanda kənd təsərrüfatı subsidiyaları 18,7 faiz artıb. Belə ki, 2020-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 402,7 mln. manat vəsait yönəldilib. Maliyyə Nazirliyinin məlumatına görə, bu, əvvəlki ildən 63,3 mln. manat, yaxud 18,7 faiz çoxdur. Ötən il yanvarın 1-dən fermerlərə subsidiyaların verilməsi üçün tətbiq edilmiş yeni mexanizmə uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarına 6 adda yeni subsidiya, o cümlədən, əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyaları verilməsinə başlanıb. Dizel yanacağının qiymətinin qalxmasının kənd təsərrüfatına təsirini aradan qaldırmaq üçün fermerlərə verilən subsidiyaların məbləği də artırılıb.

Bəs görəsən, yeni dəyişikliklər nə vəd edir? Bu sahədə şəffaflığın təmin olunması üçün daha hansı addımların atılmasına ehtiyac var?

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli deyib ki, Azərbaycanda kənd təsərrüfatı üzrə subsidiyalar 2007-ci ildən verilməyə başlayıb: “Bu məqsədlə ilk dəfə 80 milyon manat ayrılmışdı. İndi bu rəqəm 350 milyon civarındadır. Yəni, dövlət tərəfindən aqrar sektora ayrılan subsidiyanın məbləği dəfələrlə artırılıb. Burada bir məsələ var ki, biz istehsalda ciddi irəliləyiş hiss etmirik. Qeyri-neft sektorunun əsas sahəsi sayılan aqrar sektor ləng inkişaf edir. Ümumi ölkə üzrə məhsuldarlığın artması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir artım görmürük. Bu o deməkdir ki, qeyri-səmərəli biznesi stimullaşdırırıq. Belə olmalı deyil, biz çalışmalıyıq ki, o sahə gəlirli olsun, həm fermerlərə, kəndlilərə gəlir gətirsin, digər tərəfdən ölkə də özünün ərzaq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəsin. Mən isə hesab edirəm ki, buna görə də hökümət çalışmalıdır ki, əmtəəlik məhsula görə, yəni kəndli, fermer istehsal etdiyi məhsulu təhvil verir emal müəssisəsinə, onun əvəzində qəbz əldə edir və yaxud da elə emal müəssisəsinin vasitəsilə kəndliyə subsidiya vermək olar ki, yəni o əmtəəlik məhsul istehsal etməkdə daha da maraqlı olsun. Tutaq ki, fermer istehsal etdiyi buğdanı un istehsalı ilə məşğul olan müəssisəyə satır və onun müqabilində qəbz alır. Həmin məhsulun həcminə görə də fermerə subsidiya ayrılır. Bu zaman fermer əmtəəlik məhsul istehsal etməkdə maraqlı olacaq. Bizdə isə vəziyyət tam əksinədir. Ya nəzərdə tutulan vəsait düzgün istiqamətə yönləndirilmir, ya da fermerə təklif olunan istehsal vasitələri keyfiyyətsiz olur. Məsələn, mən dəfələrlə demişəm ki, istehsalda istifadə olunan gübrə, pestisitlər keyfiyyətsizdir. Keyfiyyətsiz istehsal vasitələri isə torpağın keyfiyyəti aşağı salır, nəticədə də məhsuldarlıq istənilən səviyyədə olmur. Elə bir mexanizm tətbiq etmək lazımdır ki, məhsuldarlıq artsın, məhsulun keyfiyyəti yaxşılaşsın. Əks təqdirdə, atılan addımlardan ciddi müsbət nəticələr əldə etmək qeyri-mümkündür”.

Məsələyə münasibət bildirən sabiq maliyyə naziri, professor Fikrət Yusifovun sözlərinə görə, aqrar sektorun subsidiyalaşdırılması çox önəmli məsələdir: “Məsələ ondadır ki, Azərbaycan aqrar ölkədir. Bir sıra məhsulların istehsalı üçün ölkədə əlverişli iqlim mövcuddur. Bu səbəbdən aqrar sektorun inkişafı üçün çox böyük perspektivlər və ehtiyatlar var. Ona görə də dövlətimiz ölkə iqtisadiyyatının neftdən asılılığını minimuma endirmək üçün qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar sektora xüsusi önəm verir. Nəticədə kənd təsərrüfatına verilən dövlət dəstəyi ilbəil artır. Subsidiyaların artırılması dövlətin aqrar sektora olan münasibətindən irəli gəlir. Məqsəd bu sahənin daha dinamik inkişafını təmin etməkdir. Bundanəvvəlki dönəmlərdə subsidiyaların verilməsində çox böyük pozuntular aşkarlanmışdı. Mexanizmlər nə qədər təkmillləşdirilsə də, nəzarət tədbirləri də bir o qədər artırılmalıdır. Subsidiyaların təyinatı üzrə istifadə olunmasına ciddi nəzarət edilməlidir. İşbazlar həmin vəsaitləri mənimsəmək üçün mütləq  yeni yollar axtaracaqlar” .