Subsidiyanın məbləği artırılsa da, istehsalda ciddi irəliləyiş hiss etmirik - Ekspert

15:44 30.03.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda kənd təsərrüfatı üzrə subsidiyalar 2007-ci ildən verilməyə başlayıb. Bu məqsədlə ilk dəfə 80 milyon manat ayrılmışdı. İndi bu rəqəm 350 milyon civarındadır. Yəni, dövlət tərəfindən aqrar sektora ayrılan subsidiyanın məbləği dəfələrlə artırılıb.

Bu fikirləri hafta.az-a Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli deyib., Onun sözlərinə görə, burada bir məsələ var ki, biz istehsalda ciddi irəliləyiş hiss etmirik. Qeyri-neft sektorunun əsas sahəsi sayılan aqrar sektor ləng inkişaf edir:

"Ümumi ölkə üzrə məhsuldarlığın artması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir artım görmürük. Bu o deməkdir ki, qeyri-səmərəli biznesi stimullaşdırırıq. Belə olmalı deyil, biz çalışmalıyıq ki, o sahə gəlirli olsun, həm fermerlərə, kəndlilərə gəlir gətirsin, digər tərəfdən ölkə də özünün ərzaq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəsin. Mən isə hesab edirəm ki, buna görə də hökümət çalışmalıdır ki, əmtəəlik məhsula görə, yəni kəndli, fermer istehsal etdiyi məhsulu təhvil verir emal müəssisəsinə, onun əvəzində qəbz əldə edir və yaxud da elə emal müəssisəsinin vasitəsilə kəndliyə subsidiya vermək olar ki, yəni o əmtəəlik məhsul istehsal etməkdə daha da maraqlı olsun. Tutaq ki, fermer istehsal etdiyi buğdanı un istehsalı ilə məşğul olan müəssisəyə satır və onun müqabilində qəbz alır. Həmin məhsulun həcminə görə də fermerə subsidiya ayrılır. Bu zaman fermer əmtəəlik məhsul istehsal etməkdə maraqlı olacaq. Bizdə isə vəziyyət tam əksinədir. Ya nəzərdə tutulan vəsait düzgün istiqamətə yönləndirilmir, ya da fermerə təklif olunan istehsal vasitələri keyfiyyətsiz olur. Məsələn, mən dəfələrlə demişəm ki, istehsalda istifadə olunan gübrə, pestisitlər keyfiyyətsizdir. Keyfiyyətsiz istehsal vasitələri isə torpağın keyfiyyəti aşağı salır, nəticədə də məhsuldarlıq istənilən səviyyədə olmur. Elə bir mexanizm tətbiq etmək lazımdır ki, məhsuldarlıq artsın, məhsulun keyfiyyəti yaxşılaşsın. Əks təqdirdə, atılan addımlardan ciddi müsbət nəticələr əldə etmək qeyri-mümkündür”.