Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çevriliş cəhdindən sonra qarşıdurmaların davam etdiyi Sudanda silahlı qruplaşmanın poliomielit və qızılca kimi xəstəliklərin nümunələrinin tapıldığı milli səhiyyə laboratoriyasını ələ keçirməsi ilə "son dərəcə təhlükəli" vəziyyətin yarandığını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, ÜST-nin Sudandakı nümayəndəsi Nima Səid Abid döyüşçülərin laboratoriyaya daxil olduqlarını, bütün texniki işçiləri çıxararaq ərazidən hərbi baza kimi istifadə etməyə başladıqlarını bildirib.
Nima Səid Abid müxtəlif virus nümunələrinin saxlandığı laboratoriyanın Sudanda qarşıdurmada iştirak edən nizami ordu birlikləri, yoxsa çevriliş cəhdini həyata keçirən Çevik Dəstək Qüvvələri tərəfindən ələ keçirildiyi barədə məlumat paylaşmayıb. Abid onu da bildirib ki, hərbçilərin laboratoriyanı ələ keçirməsi kimyəvi təhlükə ilə yanaşı, böyük bioloji risk də yaradır.
ÜST öz bəyanatında Sudandakı münaqişələr nəticəsində ölənlərin sayının 459-a yüksəldiyini açıqlayıb.