Tamila Taşevadan Polşanın XİN başçısına etitraz

09:10 20.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Polşanın xarici işlər naziri Radoslav Sikorski bu il 20-ci dəfə keçirilən Yalta Avropa Strategiya Forumunda çıxışında Ukrayna ilə Rusiya arasında sülh şərtlərinə diqqət çəkərkən Krımın əsas məsələ olduğunu bildirmişdi. Demişdi ki, Krım Rusiya və xüsusilə Putin üçün simvolik, Ukrayna üçün isə strateji əhəmiyyətlidir. Ona görə də Krım BMT-nin səlahiyyətinə verilməlidir.

Hafta.az-ın yazdığına görə, Polşanın XİN başçısına Ukraynadan, xüsusilə də Krım tatarlarından sərt reaksiya verilib. Ukrayna prezidentinin Krım Muxtar Respublikası və Akyar (Sevastopol) şəhərindəki daimi nümayəndəsi Tamila Taşeva qeyd edib ki, sözügedən təklif işğal olunmuş Krımda yaşayan insanların hüquqlarının müdafiəsi və ədalətin bərpası qarşısında ciddi maneələr yarada bilər.

“2014-cü ildə Krımın qeyri-qanuni işğalından sonra yarımadanın sakinləri sistematik insan haqları pozuntularına, təqiblərə və təzyiqlərə məruz qalıblar. Bu, xüsusilə ayrı-seçkiliyə, qeyri-qanuni həbslərə, ifadə və din azadlığının pozulmasına məruz qalan Krım tatarları və ukraynalılara aiddir. Rusiyanın beynəlxalq humanitar hüququ pozaraq öz vətəndaşlarını Krım ərazisinə köçürməsi səbəbindən yarımadanın əhalisinin demoqrafik tərkibində qəsdən dəyişiklik baş verir. Kütləvi təbliğat və informasiya təcridinin məqsədi real vəziyyəti təhrif etmək və ukraynayönümlü əhval-ruhiyyənin istənilən təzahürlərini boğmaqdır. Bu şəraitdə belə təkliflər ədalətin bərpasına və Krım sakinlərinin hüquqlarının müdafiəsinə ciddi maneələr yaradır”, - Taşeva deyib.

Buna görə də 2014-cü ildən bəri baş verən hadisələri nəzərə alan Taşeva, Krımın gələcək taleyi ilə bağlı şəxsi də olsa belə açıqlamaların yer aldığı xəbərləri oxumağın çox üzücü olduğunu vurğulayıb və deyib: “Krım Muxtar Respublikası və Akyar şəhəri Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindədir və belə qalacaq. Krımın qorunması və ya yeni referendumun keçirilməsi ilə bağlı istənilən təkliflər beynəlxalq hüququn prinsiplərinə ziddir və Ukraynanın suverenliyinə xələl gətirir”.