“Türkiyə bu oyunu oynamaqdan çoxdan vaz keçib” - Sergey Lavrov

09:26 14.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa liderlərinin Kiyevin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı ritorikasının güclənməsini “oyun” kimi qiymətləndirsə də, Türkiyənin bu oyundan çoxdan vaz keçdiyini xatırladıb.

Hafta.az-ın “Rossiya 1” kanalına istinadən yazdığına görə, Lavrov, son vaxtlar Avropanın gündəmində olan “Avropa İttifaqı Komissiyasının Ukrayna və Moldova ilə tamhüquqlu üzvlük danışıqlarının başlaması ilə bağlı hesabatını” dəyərləndirib.

Kiyevlə tamhüquqlu üzvlük danışıqlarının başlaması ilə bağlı bəyanatların əsasən Avropa Komissiyasının sədri Ursula fon der Leyen tərəfindən ifadə edildiyinə diqqət çəkən Lavrov, “Bəzi tövsiyələr hazırlayıb göndərirlər. Eyni zamanda, Ukraynanın kriteriyaların əhəmiyyətli hissəsinə cavab vermədiyini özləri də etiraf edirlər. Kiyev, xarici işlər naziri Dmitri Kulebanın ağzından: “Bizi qəbul etmək istəyirsənsə, bu kriteriyalara niyə ehtiyacın var? Bunu qeyd-şərtsiz qəbul edin” deyir. Bütün bunları çox çətinliklə başa düşürəm. Mənə elə gəlir ki, bu, Aİ-nin Sovet İttifaqının dağılmasının ardından böhrandan sonra tutduğu xəttin davamı olan oyundur”.

Bir sıra Baltikyanı ölkələrin şərtləri yerinə yetirə bilməməsinə baxmayaraq Aİ-yə dəvət edilməsi ilə İttifaqa üzvlük prosesinin siyasiləşdiyinə diqqət çəkən Rusiyanın xarici işlər naziri Türkiyə və Serbiyanı misal çəkərək çıxışına davam edib: “SSRİ-nin dağılması zamanı bütün meyarlar da bir kənara atıldı. Baltikyanı ölkələrin Avropa İttifaqına daxil olması ilə bağlı qəbul edilən qərarlar tamamilə siyasi maraqlara əsaslanırdı. Bunun bir oyun olduğuna heç kim şübhə etmir. Üzvlüklə bağlı Ankara qərara gəldi ki, artıq boş və faydasız işlə məşğul olmaq istəmir. Belqrad Aİ-yə daxil olmaq yolunda “Bizi Ukrayna və Moldovanın yanında unutmayın” deyir və “İlk növbədə anti-Rusiya sanksiyalarına qoşulun” cavabını alır. “İqtisadi birlik” adlanan bu birlik (Aİ) indi tamamilə geosiyasi oyun meydanına çevrilib”.

Bu yaxınlarda “2023 Genişlənmə Paketi”ni ictimaiyyətlə bölüşən Aİ Komissiyası Ukrayna və Moldova ilə tam üzvlük danışıqlarına başlamağı və Gürcüstana namizəd ölkə statusunun verilməsini tövsiyə edib.

Aİ üzvlüyünün ləyaqətə əsaslandığı vurğulanan hesabatlarda Ukrayna və Moldovanın son dövrlərdə Aİ istiqamətində islahatlarda ciddi irəliləyişlər əldə etdiyi, bu iki ölkə ilə tam üzvlük danışıqlarının başlana biləcəyi bildirilib və İttifaqa tövsiyə edilib. Aİ ölkələrindən ibarət Şura bu məsələ ilə bağlı qərar qəbul edir.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen mövzu ilə bağlı təşkil etdiyi mətbuat konfransında "Qonşularımız hansı istiqamətə gedəcəklərini seçiblər. Qərbi Balkanlar, Gürcüstan, Moldova və Ukrayna hansı istiqamətə gedəcəklərini açıq şəkildə müəyyənləşdiriblər" deyib.

Ukrayna və Moldova ilə danışıqların bitməsinin islahatların sürətindən asılı olduğunu və prosesin ləyaqətə əsaslandığını bildirən fon der Leyen, danışıqların Aİ liderlərinin siyasi qərarından dərhal sonra başlaya və Aİ-nin Komissiya 2024-cü ilin martında status hesabatı hazırlaya biləcəyini deyib.