Türkiyə Rusiyaya qarşı sanksiyaların pozulmasında iştirak edir?

09:32 11.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniya İqtisadiyyat Nazirliyinin sifarişi ilə hazırlanan bir hesabatda Rusiyanın sanksiyalarının qırılmasında Türkiyənin roluna diqqət çəkilib.

Hafta.az-ın yazdığına görə, Münhen Universitetinə bağlı Leibniz İqtisadi Araşdırmalar İnstitutunun (ifo) hesabatında, Avropa İttifaqının sanksiyasına məruz qalan bir çox məhsul Türkiyə də daxil olmaqla üçüncü ölkələr tərəfindən Rusiyaya ixrac edilir.

Türkiyə Rusiyaya sanksiya tətbiq edilən məhsulların ixracında Çindən sonra ikinci yerdədir.

Hesabata görə, Rusiyaya ixrac edilən məhsulların 13 faizi Qərb ölkələrinin sanksiyalarına məruz qalmasına baxmayaraq, Türkiyədən keçir. Hesabatda bu nisbətin Ukrayna müharibəsindən əvvəl, 2021-ci ildə 3 faiz ətrafında olduğu bildirilib.

Məlumata görə, sanksiyaya məruz qalan məhsulların 61 faizi Rusiyaya Çindən gətirilir. 2021-ci ildə bu məhsulların idxalında Çinin payı 35 faiz təşkil edib.

Sanksiyaya məruz qalan məhsulların 1 faizi Ermənistandan Rusiyaya ixrac edilir.

Ifo Beynəlxalq İqtisadiyyat Mərkəzinin direktor müavini Feodora Teti deyib: “Çindən Rusiyaya ixracın artması qismən yerli istehsalın güclənməsi ilə izah oluna bilər. Lakin Türkiyə və Ermənistandan Rusiyaya ixracın birdən-birə və güclü artması sanksiyaların aşıldığına dair şübhələri artırır”.

ABŞ son vaxtlar Rusiyaya qarşı sanksiyaları pozduqları və ya pozulmasına köməklik göstərdikləri üçün xüsusilə Türkiyə, BƏƏ və Çindən olan şəxslərə və şirkətlərə qarşı dəfələrlə sanksiyalar elan edib.

Siyasət rubrikasından digər xəbərlər