Yüksək rütbəli hərbi rəsmilər bildiriblər ki, Ukrayna Rusiyanın nəzarətində olan Baxmut şəhəri yaxınlığındakı əraziləri geri almaq əməliyyatını davam etdirir və cənub cəbhəsində də Rusiya qüvvələrini ağır itkilərə məruz qoyur.
Hafta.az-ın yazdığına görə, Ukraynadan verilən açıqlamalar göstərir ki, Şərq Cəbhəsinin bir çox yerlərində mütəmadi toqquşmalar başlayıb, lakin üç aydır davam edən əks-hücum əməliyyatında ciddi irəliləyiş əldə olunmayıb.
Ukraynanın son bir ildə qazandığı uğurlara baxmayaraq, onun şimal-şərqdəki əraziləri geri almaqda irəliləyişləri səngiyib.

Ukrayna prezidenti Vladimir Zelenski və digər rəsmilər Qərbin əks-hücumun çox ləng getdiyi və qoşunların yanlış yerlərdə yerləşdirilməsi kimi strateji səhvlər etməsinə dair ittihamlarını sərt tənqid edib.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Ukrayna qüvvələri Baxmutun cənubunda Andriivka da daxil olmaqla 3 kənd ətrafında yeni əraziləri azad edib. "Biz orada irəliləyiş əldə etdik", - dedi Malyar Telegram kanalında.
Malyar əvvəllər Andriivkanın Ukraynanın nəzarətində olduğunu bildirsə də, sonradan ordunun kəndə nəzarəti elan etməsinə qədər ətraf ərazilərdə döyüşlərin hələ də davam etdiyini dəqiqləşdirib.
Rusiya qüvvələri aylarla davam edən qanlı döyüşlərdən sonra ötən may ayında Baxmuta nəzarəti ələ keçirib. O vaxtdan bəri Ukrayna qüvvələri xüsusilə Baxmutun cənubunda Rusiyanın mövqelərinə sızıb.
Ukrayna qüvvələrinin Azov dənizinə doğru irəliləyərkən kəndləri nəzarətə almağa çalışdığı cənub cəbhəsində rusların mühüm şəhərlərə hücumlarda "ağır itkilər" verdikləri üzə çıxıb.
Malyar bildirib ki, rusların itkiləri onların müdafiə qabiliyyətini itirməsinə səbəb olub.
Ukrayna ordusu cənubda hücuma keçməklə Moskvanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadası ilə ötən ilin fevralında başlayan hərtərəfli işğaldan sonra ərazisi genişlənən şərqdəki nəzarət etdiyi bölgələr arasında Rusiya qüvvələrini parçalamaq məqsədi güdür.