“Ukraynadakı hərbi əməliyyatlar ABŞ-dəki seçkilərdən çox asılıdır”

18:37 23.05.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Təbii ki, ABŞ-də payızda gözlənilən Prezident seçkiləri Rusiya-Ukrayna savaşına da təsir göstərəcək. İstənilən halda Ağ Ev və Pentaqonla müəyyən danışıqlar gedir və gedəcək. Onu da deyim ki, bu gün  Avropa Birliyi, kontinental Avropa ölkələri də çox yaxşı dərk edirlər ki, onların taleyi öz əllərindədir. Ona görə də Ukraynaya ciddi kömək etmək gərəkdir. Çünki Avropada Ukraynadan başqa Rusiya ilə belə dirəniş apara bilən ikinci bir dövlət yoxdur”.

Bu fikirləri hafta.az-a açıqlamasında noyabr ayında Birləşmiş Ştatlarda gözlənilən prezident seçkilərinin nəticələrinin Rusiya-Ukrayna savaşına mümkün təsirindən danışan Ukraynada fəaliyyət göstərən azərbaycanlı hərbi ekspert Elxan Nuriyev ifadə edib.

“Bütün bunları təhlil edən Avropa ölkələri Amerikasız Avropanın təhlükəsizliyi məsələsini də nəzərə alırlar. Bu baxımdan Avropa Birliyi ölkələri də Ukraynaya yardım məsələsində ABŞ-dən geridə qalmaq istəmirlər. Bu sırada Rusiyanın dondurulmuş fondlarının Ukraynaya verilməsi, 50 milyard dollarlıq 4 illik yardımın təşkili, ayrı-ayrı Avropa ölkələrinin birbaşa yardımları, eyni zamanda Ukraynaya yardımla bağlı koalisiyaların qurulması və s. kimi işlər görülür”, -deyə davamında həmsöhbətimiz bildirib.

“Konkret ABŞ-də gözlənilən seçkilərə gəldikdə, bu seçkilər, sözsüz ki, yalnız Ukraynaya deyil, bütün dünyadakı proseslərə təsirsiz ötüşməyəcək. Hazırda Rusiya ilə savaşda Ukraynanın ən yaxın tərəfdaşı Birləşmiş Ştatlar olduğundan, təbii ki, burada gedən proseslər, o cümlədən Rusiya ilə davam edən savaş həmin seçkilərin nəticələrindən çox asılı olacaq”,- deyə hərbi ekspert vurğulayıb.

Oxunma sayı 63