Vətən müharibəsində yəhudi gənclər də fəal iştirak ediblər - Yəhudi deputat

12:51 04.05.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Yəhudi qadın dünyasını dəyişmiş həyat yoldaşının gözünün buynuz təbəqəsini İkinci Qarabağ müharibəsinin qazisi Arif Hacıyevə hədiyyə etdi

Milli Məclisin yəhudi deputatı Anatoli Rafailov “Həftə içi”nə  müsahibə verib. O, ixtisasca həkimdir.  Birinci Qarabağ savaşında həkim kimi iştirak edib. 40 ildən çoxdur ki, cərrah kimi yüzlərlə xəstənin, o cümlədən onlarla hərbçinin, qazinin həyatını xilas edib.

2020-ci ildə 53 saylı Quba-Qusar seçki dairəsindən Milli Məclisin deputatı seçilib. MM-nin Səhiyyə komitəsinin üzvü, Azərbaycan–İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

- Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Komissiyasının rəhbəri kimi Qarabağdakı 44 günlük müzəffər savaşımızdan sonrakı dövrdə İsrail-Azərbaycan əməkdaşlığında hansı yeni önəmli faktları qeyd edə bilərsiniz?

- Bildiyiniz kimi, İsrail dövləti hər zaman Azərbaycanı dəstəkləyib. İkinci Qarabağ müharibəsində də İsrail Azərbaycanı dəstəkləyən dövlətlər arasında oldu. İsrailin ölkəmizə verdiyi ən müasir texnologiyalarla təchiz olunmuş müxtəlif silahların Milli Ordumuzun Qarabağdakı qələbəsindəki rolu haqda kifayət qədər danışılıb. Təqdirəlayiqdir ki,  İsrail dövləti  44 günlük müharibədə Azərbaycanın qələbəsindən sonra da  müxtəlif sahələrdə dəstəyini Azərbaycandan əsirgəmədi. Müxtəlif humanitar aksiyalar da icra olundu. Bildiyiniz kimi, YAŞAT Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin dəstəyi ilə Azərbaycana gələn israilli oftalmoloqlar yüzlərlə hərbçinin gözlərini müayinə edib və bəziləri üzərində ən ağır göz əməliyyatlarını həyata keçiriblər.

Bu məqamda bir israilli qadının çox xeyirxah addımını dilə gətirməmək olmur. Belə ki, həmin qadın dünyasını dəyişmiş həyat yoldaşının gözünün buynuz təbəqəsini azərbaycanlı əlil əsgərə - İkinci Qarabağ müharibəsinin qazisi Arif Hacıyevə hədiyyə edib. Nəticədə hazırda həmin Qarabağ qazisinin gözlərinin nuru bərpa olunub.

Bilirik ki, müharibədə insanlar yalnız fiziki deyil, psixoloji travmalar da alırlar. Bunu nəzərə alaraq  mən bu il martın 18-də İsrailin “Briut” klinikasının yüksək kateqoriyalı psixoloq-həkimləri Qusar rayonunda olduq, şəhidlərimizin ailə üzvləri və qazilərimiz üçün tibbi konsultasiya keçirdik. Bunun da sözsüz ki, həmin insanların psixoloji durumunun normallaşmasında xeyli rol oynadı...

İsraillə Azərbaycan arasında dostluq əlaqələrinin tarixi çox qədimdir. Dostluq münasibətləri qarşılıqlı maraqlara söykənir. Azərbaycan-İsrail arasındakı qarşılıqlı faydalı münasibətlər dünyada və regionda sülhün və əminamanlığın möhkəmlənməsinə xidmət edir. Bilirsiniz ki, Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra onu tanıyan ilk dövlətlərdən biri də İsrail olub. 1992-ci il 7 aprel tarixindən etibarən Azərbaycanla diplomatik əlaqələr qurulub. İkitərəfli əlaqələr xüsusi olaraq təhlükəsizlik məsələləri, enerji ticarəti, eləcə də mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlıq fonunda ilbəil genişlənir.

Öncə dediyimiz kimi, bu gün İsrail Azərbaycanın silah və yüksək texnologiyalarla bağlı əsas təchizatçısına çevrilib. Eyni zamanda, Azərbaycan İsrail dövlətinə dəstək verən bir neçə müsəlman ölkəsi sırasındadır. Azərbaycanın İsrailə, ölkəmizdə yaşayan digər xalqlara, o cümlədən  yəhudi icmasına qarşı olan dost münasibəti bütün dünyada tolerantlığın ən gözəl nümunəsinə çevrilib.

Bu il fevralın 23-də Milli Məclisin Azərbaycan–İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi mən İsrailin Azərbaycandakı səfiri cənab Corc Dik ilə görüşdüm. Hörmətli səfir iki ölkə arasında mövcud olan sıx əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə dərin inamını ifadə etdi.

Bu günlərdə Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 28-ci ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilib. Mən tədbirdə çıxış edərək vurğuladım ki, Azərbaycan bu gün dünyada İsraildən sonra yəhudilərin kompakt yaşadığı yeganə ölkədir.

Bilirsiniz ki, yəhudilərlə azərbaycanlıların dostluq əlaqələri də böyük tarixi köklərə söykənir. Yəhudilərin İsraildən sonra kompakt şəkildə yaşadıqları yerlərdən biri də Azərbaycan, o cümlədən Quba rayonudur. Bu insanlar bir-birinin xeyrində-şərində yaxından iştirak edirlər. Kədərli günlərində bir-birinə həyan olur, şad günlərində sevinclərini  bölüşürlər. Qarabağın azadlığı uğrunda döyüşlərdə digər xalqların nümayəndələri kimi, yəhudi gənclər də fəal iştirak ediblər. Lazım olanda canlarından belə keçiblər. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adı bu gün hər evdə, ailədə hörmətlə çəkilir...

- Azərbaycan-İsrail dostluğu və strateji əməkdaşlığının gücləndirilməsi üçün hansı yeni işlər görülməkdədir?

- Hazırda Azərbaycan-İsrail əlaqələrinin daha da möhkəmlənməsi üçün bütün mümkün işlər görülür. İsraildə əvvəllər olmuş Azərbaycan Ticarət Palatası bərpa edilir. Turizmlə bağlı yeni təşkilat qurulur. Əvvəllər Azərbaycan və İsrail turistləri qarşılıqlı olaraq Türkiyənin turist təşkilatı vasitəsilə səyahət edirdilər. İndi, təəssüf ki, rəsmi Təl-Əvivlə Ankara arasındakı münasibətlərdə müəyyən gərginlik yarandığından İsrail turistləri əsasən Azərbaycana gəlməkdədirlər.

- Azərbaycanın İsraildə səfirliyinin olmaması, yəqin ki, müəyyən problemlər yaradır?

- Səfirlikdən söhbət düşmüşkən deyim ki,  bu gün Azərbaycan beynəlxalq aləmdə elə böyük nüfuz sahibidir ki, ən böyük super dövlətlər də müəyyən məsələlərin həllində Azərbaycanla hesablaşmağa məcbur olurlar. Doğrudur,  bir çox dövlətlərdə bizim səfirliyimiz yoxdur. Düşünürəm yaxın gələcəkdə bu kimi məsələlər öz həllini tapacaq. Azərbaycanın İsraildə səfirliyi olmasa da İsrail dövləti ilə Azərbaycan dövləti arasındakı dostluq çox yüksək səviyyədədir. Hər il İsrailin 40 milyon barel  və ya 1,5 milyard dollar dəyərində illik neft  idxalı Azərbaycandan tədarük olunur. Onu da deyim ki, öncə haqqında danışdığımız Azərbaycan-İsrail Ticarət Palatası bir az da dipllomatik funksiyalar daşıyacaq. Çünki bizim İsraildə böyük diasporumuz var. Azərbaycandan vaxtilə köçmüş 80 minə yaxın yəhudi əsilli azərbaycanlı yaşayır İsraildə...

- İsraildə təcavüzkar Ermənistanı dəstəkləyən və Azərbaycan-İsrail dostluğuna qarşı çıxan bəzi qruplarların fəaliyyəti ilə bağlı hansısa işlər görülürmü?

- Təbii ki, belə işlər görülür.  İsrail dövlətinin Azərbaycana olan rəğbəti ilə yanaşı, orada yaşayan azərbaycanlı yəhudilər də  Azərbaycanla qəlbən çox yaxındırlar. Onlar İsraildə Azərbaycanla bağlı bütün tədbirlərdə iştirak etməyə çalışırlar. Biz bunların hamısını izləyir, mütəmadi müzakirələr aparırıq. Azərbaycanlıların İsraildə müxtəlif təşkilatları da var. Məsələn, Akkuda “Şirinnixiya”-“Azərbaycan evi” adlı qurum fəaliyyət göstərir. Həmin təşkilatın üzvü olan  azərbaycanlı yəhudilər Ermənistanın Azərbaycana qarşı hər hansı addımlarına qarşı müxtəlif tədbirlər keçirirlər. Məsələn,  İsraildəki erməni kilsələri qarşısında aksiyalar keçirirlər. Bundan başqa “Bakı” multikultural mərkəzinin direktoru Arie Qut da aktiv fəaliyyət göstərir. “AZİZ” adlı mədəni təşkilat da mövcuddur. Azərbaycan təşkilatları Xocalı soyqırımının anım günlərində də tədbirlər keçirirlər. Qarşılıqlı olaraq Azərbaycanda da yəhudi Xolokost soyqırımının anım günləri qeyd edilir. Yəhudilər ölkəmizdə sərbəst şəkildə özlərinin bütün bayram və tarixi günlərini qeyd edirlər. Ümumiyyətlə, İsraildən və digər ölkələrdən gələn yəhudilər deyir ki, biz heç yerdə Azərbaycanda olduğu kimi, özümüzü sərbəst hiss etmirik. Hətta Avropada yəhudilər öz milli baş örtükləri –kipa ilə gəzən zaman problem yaşayırlar, ancaq Azərbaycanda həmin örtüklə sərbəst gəzirlər. Unutmaq olmaz ki, İkinci Dünya müharibəsi zamanı 50 minə yaxın yəhudi Avropanın müharibə gedən ölkələrindən qaçaraq  məhz Azərbaycanda sığınacaq tapıblar...

- Deputat seçildiyinizdən bəri keçən müddətdə Quba və Qusar rayonlarından olan seçicilərinizin hansı problemlərini həll etmisiz?

- Təəssüf ki, ötən il koronavirusun ortaya çıxması və yayılması ilə də yadda qaldı. Onu qeyd edim ki, bütün dünyada koronavirus xəstəliyi  geniş yayıldığından  bir çox insanların həyatına son qoymaqla yanaşı, həm də dövlətlərin iqtisadiyyatına böyük ziyan vurdu. Bütün bunlarla yanaşı, həyat davam edir və Milli Məclisin Səhiyyə komitəsinin üzvü, bir həkim kimi mən də Vətənimiz üçün əlimdən gələni etməyə çalışmışam və çalışıram. Vaxtaşırı KİV-də və sosial şəbəkələrədə müxtəlif mövzulara dair, o cümlədən səhiyyə ilə bağlı  çıxışlar etmişəm, müsahibələr vermişəm.

O ki qaldı problemlərə, bizim üçün əsas xalqın yanında olmaqdır, onların problemlərini, qayğılarını öyrənmək və qanun çərçivəsində bu problemlərin həlli üçün çalışmaqdır. Biz də bunu edirik...

Son vaxtlar ən çox şəhid ailələri, qazilərlə görüşlərim olur. Şəhid ailələri, əsasən, səhidlərimizin adlarının əbədiləşdirilməsi ilə əlaqədar müraciət edirlər. Bir çox müraciətlər isə əlillik poblemləri ilə bağlı olur. Kəndlərdə yol, içməli su çatışmazlığı və başqa problemləri də dilə gətirənlər olur.

Seçicilərin məni axtarıb-aralamalarını gözləmirəm. Özüm vaxtaşırı onların yanına getməyə, qayğı və problemləri ilə yaxından maraqlanmağa çalışıram. Bir müddət əvvəl Quba şəhərindən 75 kilometr aralı məsafədə, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Xaltan kəndində olmuşam.

Əvvəllər Qubadan Xaltana gedib-çıxmaq üçün hətta səhərdən-axşama qədər yol getmək lazım gəlirdi. İndi isə vəziyyət tamamilə dəyişib. Belə ki, ötən ilin sonlarında uzunluğu 50 kilometrdən Quba–Qonaqkənd yolunun asfaltlanmasından sonra o ətrafdakı kəndlərə gediş-gəliş çox asanlaşıb.

Xaltan camaatı da indi bu rahat və gözəl yoldan istifadə edir. Ümid edirlər ki, Qonaqkənddən Xaltana kimi yolun asfaltlanması da tezliklə mümkün olacaq. İnsafən, son illər cənab Prezidentin diqqət və qayğısı sayəsində Qubanın, Qusarın kəndlərində yol tikintisi çox sürətlə gedir.

Deputat seçildiyim Quba və  Qusar  rayonlarında hamı məni əvvəllər  bir həkim kimi tanıyıb. Bu gün bir deputat kimi görüşə gedərkən vətəndaşlar digər məsələlər ilə yanaşı, səhhətləri ilə də bağlı mənə çox müraciət edirlər. Məsuliyyətim ikiqat artıb. Əgər əvvəllər yalnız xəstələri bir həkim-travmatoloq kimi müalicə edirdimsə, bu gün yaxın dostlarıma, müxtəlif xəstəxanalara müraciət  edərək  xəstələrin müalicələri üçün onlara kömək etməyi xahiş edirəm.  Mənim ailəmdə hamı həkimdir. Görünür, taleyimə belə yazılıb ki, həmişə insanların qayğısını çəkməliyik. Həkimlik çox ülvi peşədir. Gərək həmişə kiminsə qayğısını çəkəsən. Uzun illər mən travmatoloq-cərrah işləmişəm. Deputatlıqla həkimlik arasında bir növ yaxın sıx bağlılıq var. Həkim işləyəndə də daim kiminsə qayğısını çəkmişəm. Bu gün deputat olaraq yenə də insanların, seçicilərin qayğı və problemlərini çəkir,  hər bir seçicinin üzləşdiyi problemi  öz problemim, qayğım sayıram.

- Anatoli müəllim, yəqin ki, Birinci Qarabağ müharibəsində həkim kimi iştirak etdiyiniz zaman qazandığınız böyük təcrübədə  bu gün həm adi seçiciləriniz, həm də Qarabağ qazilərinin sağlamlıq problemlərinin həllində böyük rol oynayır?.

- Bəli. Tale elə gətirdi ki,  1990-cı illərin əvvəllərində gənc həkim kimi Birinci Qarabağ müharibəsinə qatıldım və bir cərrah kimi yüzlərlə yaralının həyatını xilas etməli oldum. Yadımdadır, elə gün olurdu ki, gün ərzində 10-12 saat fasiləsiz cərrahiyyə əməliyyatları aparmalı olurdum. Qarabağda ağır döyüşlər gedirdi, cəbhədən çox sayda yaralı gətirirdilər. Mən hələ o zaman müharibənin insan taleyinə vurduğu ağır zərbələrin şahidi olmuşam. Bəzən bütün günü ayaq üstə qaldığım üçün iş gününün sonuna yaxın ayaqlarım şişirdi. Başa düşürdüm ki, dayanmaq olmaz. Hər dəqiqə, hər saat çox qiymətliydi, hər bir an kiminsə həyatı demək idi. O vaxtdan 30 ilə yaxın vaxt ötüb. Hazırda deputat seçilsəm də, sevimli və şərəfli peşəmdən ayrılmamışam. Bu gün də Vətən müharibəsində yaralanan əsgərlərimizin, qazilərimizin öz sağlamlıqlarını bərpa etmələri üçün əlimdən gələni edirəm...

Sultan Laçın

Oxunma sayı 203