Xocalı qatili Sərkisyanın adamı Xankəndində növbəti “prezident” “seçildi”

13:58 09.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikası ərazisində Kreml tərəfindən  32 il öncə qondarılmış separatçı-terrorçu rejimin qanunsuz “parlament”ində növbəti qondarma “prezident” “seçkisi” keçirilib.

Hafta.az xəbər verir ki, Xankəndindəki mənbələrin yaydığı məlumata görə, artıq  “yeganə namizəd” Samvel Şahramanyan kriminal xuntanın yeni üzdəniraq “prezidenti” seçilib

“Qapalı gizli səsvermədə 23 deputat iştirak edib, onlardan 22-si lehinə, 1-i əleyhinə səs verib”- xəbərdə belə deyilir.

Xatırladaq ki, Yuxarı Qarabağdakı qondarma “eks-prezident” Bako Saakyanın dövründən “milli təhlükəsizlik xidməti”nin direktoru, “təhlükəsizlik şurası”nın katibi kimi yüksək “vəzifə”lərdə çalışan və avqustun 31-də istefa verməmişdən öncə sonuncu “prezident” Araik Arutyunyan tərəfindən  “dövlət naziri” təyin olunmuş  Samvel Şahramanyan Ermənistanın terrorçu eks-prezidenti Serjik Sərkisyanın adamı sayılır. Putinin milyarder desantı Ruben Vardanyan da “seçki”yə hazırlıq günlərində onu açıq şəkildə dəstəkləyib... O, martın 1-də Xocalıda rəsmi Bakının nümayəndələri ilə görüşdə Qarabadakı erməni icmasının əsas nümayəndəsi kimi iştirak edib...