Bura Zığ şosesidir. Daha doğrusu, keçmiş “AMAY” ticarət mərkəzinin yaxınlığındakı yeraltı keçiddir. “Bulvar” otellə, eləcə də Ağ şəhər bulvarı ilə şəhərin sol hissəsini birləşdirən bu yeraltı keçiddə anti-sanitariya, baxımsızlıq hökm sürür.
Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, Ağ şəhər avtomobil yollarının infrastruktur layihəsi çərçivəsində inşa edilmiş Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin və Süleyman Vəzirov küçəsinin kəsişmələrində 2 yeraltı piyada keçidindən biri baxımsızlıqdan əziyyət çəkir.
Uzunluğu 4 istiqamətə giriş-çıxış hissələr də daxil olmaqla 280 metr, qalereyasının eni 8 metr, hündürlüyü isə 3,2 metr olan keçidin sol hissəsində gördüklərimizdən dəhşətə gəldik. Burada nəzarət kameralarının işləmir. Yeraltı keçiddə isə xəzəl, qurumuş yarpaqlar, plastik şüşə qırıntıları... Bir sözlə, hər nə desən var.
Keçidin divarlarındakı rəsm tablolarında nəyin əks olunduğunu toz-torpaqdan, natəmizlikdən görmək mümkün deyil.

Müşahidələrimiz zamanı gördük ki, keçidin “Bulvar” otelə olan hər iki giriş-çıxış hissəsi təmizlənir. Eskalatorların şüşələrinə qədər silinir. Qarşı tərəfdə isə eskolatorlar ümumiyyətlə işləmir. Natəmiz əski parçaları, sellofan torbalar ətrafda iyrənc görüntü yaratmaqdadır. Özü də şəhərin “göbəyi”ndə.
Sakinlərlə söhbətimiz zamanı məlum oldu ki, bu keçiddən istifadə edənlər də az deyil. Yeraltı keçidin baxımsız vəziyyətdə olması onların da ürəyini bulandırır. Amma nəzarətsiz qalmasından şikayət etsələr də baxan yoxdur.

Hətta bəziləri qeyd etdilər ki, gecələr gözdən-könüldən iraq olan bu yerlərdə “könül işləri” görənlər də az deyil. Son vaxtlar sevgililərin “sarmaş-dolaş” məkanına çevrildiyini söyləyirlər.
Ümid edirik ki, məsələyə aidiyyatı qurumlar bir əncam çəkəcək. Yeraltı keçidə diqqət ayrılacaq. Baxımsızlıqdan əziyyət çəkən yeraltı keçidin tez bir zamanda divarları da, döşəməsi də par-par işıldayacaq.
