Yaxşı olar ki, Azərbaycan qanunlarını pozmağa cəhd etməsinlər, əks halda... - Politoloq

09:53 08.09.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Biz məhvə məhkumuq” -ifadəsi  separatçı Babayanın yeganə doğru sözüdür. Həqiqətən də onlar məhvə məkumdur və bu çox da uzaqda deyil. Yaxın zamanlarda bunun şahidi olacağıq”.

Bunu hafta.az-a Yeni Xətt Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov separatçı Samvel Babayanın -“əhali Xankəndidə meydana çıxıb, etiraz edib özünə yeni lider seçməlidir; əgər Qarabağdakı ermənilər sentyabrın 8-də küçələrə çıxmasa, deməli, biz məhvə məhkumuq” -fikirlərinə cavabında bildirib.

R.Hüseynov separatçılara səslənib: “Başqasının torpağına iddia edib, təxribat yaratmaları onlara yaxşı heç nə vəd etmir. Biz çox humanistik və erməni vətəndaşlarımıza həmişə öz köməyimizi təklif edirik. Bizi adekvat addımlar atmağa məcbur etməyin. Yaxşı olar ki, erməni separatçılar və onları dəstəkləyənlər nə 8 sentyabr, nə ondan sonra bir daha Azərbaycan qanunlarını pozmağa cəhd etməsinlər, revanşit iddialarını bir kənara qoysunlar. Yaxşı olar ki, Azərbaycan torpaqlarında apardıqları müharibə və 27 sentyabrda başlayan əks -hücum əməliyyatının 44 günlük savaşını bir daha yadlarına salsınlar”.

R.Hüseynov bildirib ki, erməni separatçıların torpağımızda oturub oradan da oğurluq “artsax”ı irəli sürmələri cəfəngiyyat olmaqla yanaşı, bir həqiqəti ortaya qoyur:

“Ermənilər öz xain xislətindən əl çəkən deyil. Onların başının üzərində Dəmir yumruq dayanmalıdır. Çünki biz bütün xalqlar kimi ermənilərə də ən gözəl ərazilərimizdə yaşamaq imkanı yaratmışıq. Amma erməni Azərbaycanın bu cür tolerant, humanist yanaşmasından sui-istifadə edir, hətta Xankəndidə “ağalıq” etmək istəyir. Təbii ki, bu, təxribatçı insanların xulya və xəyallarıdır.   Azərbaycan tərəfi bir daha erməniləri bu xəyallarından ayıltmalıdır. Hərbçilərimiz və polisimiz səsgücləndirici vasitələrlə onlara xəbərdarlıq etməlidir ki, ərazimizdə qanunsuz kutləvi tədbirlər keçirənlər, cinayət məsuliyyəti daşıyır. Aksiya keçirmək istəyirlərsə, bunun üçün Azərbaycanın müvafiq qurumlarından icazə almalıdırlar. Əks təqdirdə qısa zaman kəsiyində Xankəndidə qanunsuz aksiya keçirənlər inzibati xətalarla cəzalandırılacaq”.

R.Hüseynov bəyan edib ki, hər kəs bilməlidir: “Azərbaycanın tərəfdaş ölkələr və beynəlxalq əlaqələr sistemində yeni münasibətlərin tənzimləməsi  prosesində diplomatik uğurları  gələcək qələbələrimizin, ölkəmizin ərazi bütövlüyünün qarantıdır. 

Azərbaycan hakimiyyətinin atdığı addımlara uyğun olaraq ictimai-siyasi elitamız dövlətimizin hüquqlarının qorunması uğrunda öz prinsipiallığını  numayiş etdirməlidir. Separatçılara mesajımız budur: bu gün hər bir qanunsuz addımınızın cəzasını mütləq Azərbaycanın qanunları qarşısında alacaqsınız”