Yerli hərbi istehsalın yeni hədəfləri - MÜZAKİRƏ

15:55 13.01.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan bu il yerli müdafiə sənayesinin inkişafı və silah istehsalına 600 milyon dollar, təxminən 1 milyard manat vəsait ayıracaq. Müdafiə sənayesinin inkişafı prosesində ölkəmizin hansı xətti götürəcəyi diqqət mərkəzindədir. Yeni geosiyasi, geoiqtisadi, hərbi reallıqlar müstəvisində daxili silah istehsalına tələbat və təminatın neçə faiz təşkil etdiyi təhlil edilir, yeni hədəflər müəyyənləşdirilir. Əsas kurs dünyanın silah bazarında müşahidə olunan mövcud şəraitə uyğun hərəkət edərək, Azərbaycan məhsullarının da dünya silah bazarında yer almasını, ixracatçısı olmaq şansını, imkanlarını genişləndirməkdir. Bu müstəvidə istənilən nəticəyə nail olmaq üçün hansı addımlar atılmalı, hansı məqamlara diqqət yetirilməlidir?

Deputat Arzu Nağıyev bildirir ki, Azərbaycanın İsrail, Türkiyə kimi dövlətlərlə, eləcə də dünyanın bir sıra aparıcı şirkətləri ilə müvafiq müqavilələri var. Onun sözlərinə görə, Azərbaycan hərbi sənaye kompleksini artırmaqla yanaşı, silah ixracatında da mövqeyini gücləndirmək iqtidarındadır.

“Biz istehsal etdiyimiz silahlarla özümüzü təmin etməliyik. Daxili imkanlarımz hesabına silahlanmaq bizə daha münbit imkanlar yaradacaq”.

Deputat dünyada silah ixracatında müəyyən bir boşluğun yarandığını da qeyd edib. O, bunu ilk növbədə, dünyanın bir sıra ölkələrinə silah ixrac edən Rusiyanın bu bazarı dayandırması ilə əlaqələndirib:

“Rusiya özü-özünü təmin etmək üçün bir sıra ölkələrə olan silah ixracını dayandırıb. İstər ABŞ, istər digər Qərb dövlətləri birmənalı şəkildə istehsal etdiyi silahları əsasən Ukraynaya, son zamanlar da İsrailə yönəltməkdədir. Ona görə də, bazarda silah ixracı ilə bağlı boşluq yaranıb. Belə bir vəziyyətdə Azərbaycan yaranan boşluğun müəyyən bir hissəsini doldura bilər. Buna potensialımız var və düşünürəm, qoyulan sərmayə də bu sahənin inkişafı üçün nəzərdə tutulmuşdur”.

A.Nağıyev Azərbaycanın öz məhsulları ilə dünya silah bazarına çıxaraq, getdikcə ixracatçı dövlətə çevrildiyini deyir. Bu, böyük silah satışı ilə məşğul olan dövlətlərlə müqayisədə böyükhəcmli olmasa da, bütün hallarda bu bazarın bir oyunçusuna çevrilmək mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bunun öhdəsindən gəlmək iqtidarındadır və gələcək.

Hərbi ekspert Şair Ramaldanov yerli müdafiə sənayesinin inkişafını hər bir ölkənin iqtisadi potensialı və imkanları ilə əlaqələndirib. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafı və perspektivləri yerli müdafiə sənayesinin imkanlarının genişlənməsini təmin edən əsas faktordur.  

Ekspert bildirir ki, Azərbaycanın yerli müdafiə sənayesinin inkişaf prosesi daim gündəmdədir. Azərbaycanda müdafiə sənayesinin müəssisələri və orada istehsal olunan məhsulların çeşidləri artırılır. Ölkənin hərb sənayesində silah-sursatın və hərbi təyinatlı məhsulların istehsalı müasir tələblərə cavab verəcək şəkildə təmin olunur.

“İkinci Qarabağ savaşı zamanı Azərbaycanın müdafiə sənayesi ordumuzu təmin etdi. Ordumuz qələbədən sonra döyüşlərdə istifadə olunan yerli məhsulların keyfiyyəti, təkmilləşdirilməsi baxımından böyük təcrübə qazanıb. Bu amil müdafiə sənayesinin bundan sonra hansı istiqamət üzrə inkişaf etdirilməsi ilə bağlı kursu bir daha müəyyən edib. Məhsulların keyfiyyəti, döyüşlər zamanı üzə çıxan nöqsanlar bir daha nəzərdən keçirilib və müdafiə sənayesinin gələcək fəaliyyətində öz əksini tapa biləcək qərarlar qəbul olunub”.

Ş.Ramaldanov qeyd edir ki, Azərbaycanın müdafiə sənayesi ildən-ilə xaricdə və ölkəmizin özündə keçirilən satış pavilyonlarında məhsulların çeşidlərinin sayının artması ilə diqqət çəkir: “Respublikamızın müdafiə sənayesi gəlir gətirir. Ali Baş Komandanı, Prezident İlham Əliyevin bu il üçün 1 milyard manat vəsait ayıracağı haqqında qərarı həm də Azərbaycan Ordusunun hərbi məhsullarla təminatında müstəqilliyini artırır”.

Ekspert hesab edir ki, dünyada gedən proseslər, müharibələr hər bir dövlətin öz müdafiə sənayesinin inkişafını ordu quruculuğu ilə paralel inkişaf etdirilməsi faktorunu ortaya qoyur: “Azərbaycanın müdafiə sənayesi inkişaf etmiş ölkələrlə birgə hərbi məhsulların istehsalı ilə bağlı müəyyən qərarlar və sazişlər imzalayır. Ölkəmiz qardaş Türkiyənin hərbi sənayesi ilə birlikdə müəyyən məhsulların istehsalında iştirak edir. Respublikamız illərdir İsrail kimi hərbi sənaye kompleksi ilə birgə məhsullar istehsal edir”.

Ekspert qeyd edir ki, dünyada gedən geosiyasi proseslər, müharibələr fonunda silaha və hərbitəyinatlı məhsullara olan tələbat öyrənilir. Onun fikrincə, bu gün dünya silah bazarında müəyyən boşluqların olması Azərbaycanın hərbi məhsullarının həmin bazarda yer tutması üçün fürsət yaradır və lazım olan tədbirlər görülür: “Ümumilikdə, Azərbaycanın müdafiə sənayesi bütün istiqamətlərdə inkişaf edir. Hərbi müdafiə sənayesində çalışan kadrlarımızın hazırlığına böyük diqqət yetirilir. Hərbi sənayedə intellektual yanaşma tələb edən müasir elektron, optik, pilotsuz uçuş aparatları və radio-elektron mübarizə vasitələrinin hazırlanması istiqaməti əsas götürülür. Biz hansısa ağır texnika istehsal etmirik, lakin təyyarələrin istehsalında Türkiyə ilə Azərbaycanın birgə layihələri var. Azərbaycanın başqa ölkələrdən aldığı təyyarələrdə, zirehli texnikalarda, digər texniki vasitələrdə ölkəmizdə istehsal olunmuş müasir cihazların qurulması həmin o texnikanın imkanlarını və potensialını qat-qat artırmağa imkan verir. Bunu İkinci Qarabağ savaşında real şəkildə sınaqdan keçirmişik. Azərbaycanın müdafiə sənayesi Ali Baş Komandanın daimi qayğı və diqqəti altında ildən-ilə artır. Hərbi müdafiə sənayesinin inkişafına ayrılan vəsait bu sahənin gələcək perspektivi, daha da inkişaf etməsi, dünyanın satış bazarında öz yerini tutması və genişləndirməsi baxımından böyük imkanlar açacaq. İqtisadi və maliyyə imkanlarımız inkişaf etdikcə, müdafiə sənayesinə olan diqqət də artacaq”.

Hərbi ekspert Ədalət Vəliyev bildirir ki, hazırda dünya silah bazarında daha çox idarə olunan artilleriya sursatlarına zərurət yaranıb: “Bu, daha çox Rusiya-Ukrayna müharibəsi ilə əlaqədardır. Digər tərəfdən, Avropa ölkələrinin bir çoxu özündə olan ehtiyatların böyük bir hissəsini Ukraynaya ötürüb. Ona görə də sursat arsenalında ciddi qıtlıq yaşanır. Bu qıtlığın aradan qaldırılmasında Azərbaycan şirkətləri aktiv olmalıdırlar.  Yerli istehsalımızı beynəlxalq və NATO standartları ilə uyğunlaşdırmaq, eyni zamanda, dünyanın silah bazarında mövcud olan 600 milyard dollarlıq böyük bir bazardan öz nəsibimizi götürməliyik”.

Ekspert Azərbaycanın  müdafiə sənayesinin inkişafı üçün hər il böyük məbləğlər ayrıldığını qeyd edir. Onun fikrincə, artıq bir çox silah sistemlərinin sursatları, mərmi və patronları yerli imkanlarla istehsal olunur.  Digər tərəfdən, Azərbaycan yerli sənayenin Türkiyə ilə birgə müdafiə sənayesi məhsulları istehsalında da maraqlıdır: “Bu istiqamətdə bir neçə müəssisə qurulub. Son qurulan müəssisə partlayıcı maddələrin istehsalı ilə məşğul olacaq ki, bu da azad etdiyimiz ərazilərdə inşaat işlərində istifadə olunacaq qurğuların, partladıcıların yerli imkanlarla istehsalını təmin edəcək”. 

Hərbi ekspert Ramin Məmmədov bildirib ki, 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi yaranıb. Həmin vaxta qədər  Azərbaycanda müdafiə sənayesi müəssisələri olub. İkinci Dünya müharibəsi dövründə və ondan sonra da həmin müəssisələr fəaliyyət gösərib. Ekspert sistemli, bir mərkəzdən idarə olunan və dünya bazarında mövqe tutmaq üçün yaradılan müdafiə sənayesi sektorunun olmadığını və 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin dağınıq şəkildə fəaliyyət göstərən hərbi müəssisələrin inkişafına stimul verdiyini xüsusilə vurğulayıb. Qeyd edir ki, ötən dövr ərzində Azərbaycan müdafiə sənayesi müəssisələrində ölkəmizin tələbatına uyğun olan məhsullar istehsal olunur: “Bu müddət ərzində Azərbaycan məhdud imkanlarla böyük layihələrin həyata keçirilməsini reallaşdırıb. Bu layihələrdə kiçikçaplı atıcı silahların yaradılması, modernləşdirilməsi, konstruksiya edilməsi təşkil edilib. Yəni, tapança, avtomat, snayper tüfəngləri, müxtəlif formada pulemyotların istehsalı həyata keçirilib.  Bu silahlar üçün patronların, mərmilərin istehsal xətti qurulub, reallaşdırılıb. Eyni zamanda, iriçaplı mərmilərin də istehsalı həyata keçirilib. 120, 122, 125 152, 155 millimetrlik top mərmiləri, minaatan mərmilərinin istehsalı reallaşdırılıb. Bununla yanaşı, zirehli texnikaların istehsalı və əsaslı təmiri, modernləşdirilməsi, istehsal xətləri də yaradılıb. Paralel olaraq döyüş aviasiya vasitələrinin əsaslı təmiri və modernləşdirilməsi müəssisələri yaradılıb. Həmçinin pilotsuz uçuş aparatlarının yaradılması istiqamətində fundamental addımar atılıb ki, Azərbaycan bu sahədə postsovet ölkələri sırasında ilk üçlükdə dayanır”.

R.Məmmədov hesab edir ki, bugünkü şərtlər, çağırışlar fərqlidir. Onun fikrincə, Azərbaycan Ordusunun sadalanan  məhsullarla təmin edilməsi mühüm faktor olsa da, əsas problem bu məhsulların yaradılması prosesində xammalla bağlı ola bilər.

Ekspert “məhdud imkanlar” dedikdə xammalla bağlı müəyyən problemlərin olduğunu nəzərdə tutduğunu bildirib. Bununla belə hesab edir ki, bu, təbiidir. Dünyanın ən inkişaf etmiş ölkələrində belə, xammalın alınmasında problemlər var.

“Azərbaycanın müdafiə sənayesi bunun da öhdəsindən gələ bilir. Ordunun istifadəsində olan silahların neçə faizi yerli istehsala bağlıdır. Bununla bağlı birmənalı fikir söyləmək mümkün deyil. Ordumuz müxtəlif təyinatlı silahlardan istifadə edir – zenit-raket kompleksləri, taktik raket kompleksləri, reaktiv yaylım sistemləri, müasir, modern texnologiyalar... Bunların böyük əksəriyyətinin Azərbaycanda istehsalından danışmaq çox tezdir. Bunun üçün böyük addımlar atılmalıdır”.

R.Məmmədov müşahidə və təhlillərə istinad edərək,   müdafiə sənayesi sektorunda əsas gücün müasir, rəqəmsal texnologiyalar əsasında yaradılan məhsullara verildiyini deyir. O, həmçininn həmin məhsulların yaradılması ilə bağlı xammal müəssisələrinin formalaşmasına diqqət veriləcəyini bildirir:

“Əsas odur ki, Azərbaycan istehsal potensialını artırdıqca, ixrac potensialını da artıracaq.  

Dünyada baş verən proseslər bunu deməyə imkan verir ki, ən güclü oyunçulardan olan Rusiya bu sahəyə müəyyən məhdudiyyətlər tətbiq edib, silah bazarına məhsulların ixracını dayandırıb.  ABŞ bu istiqamətdə bütün tələbatları ödəyə bilməz. Hər bir halda Azərbaycan müdafiə sənayesi var və yeni məhsullar yaradılır, mövcud məhsulların istehsal xətti genişlənir. Bu, müdafiə sənayesində imkanların genişlənməsinə gətirəcək”.

Siyasət rubrikasından digər xəbərlər