Yunanıstan, Kipr və Fransa Ukraynanı “Bayraktar” almağa qoymadılar

10:24 19.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna rəhbərliyinin “Bayraktar TB2” pilotsuz uçuş aparatları almaq planının Yunanıstan, Cənubi Kipr və Fransa tərəfindən əngəlləndiyi iddia edilib.

Hafta.az-ın “Kathimerini”yə istinadən yazdığına görə, məsələ ötən həftə keçirilən Avropa İttifaqı Siyasət və Təhlükəsizlik Komitəsinin iclasında gündəmə gətirilib.

İclasda adıçəkilən üç ölkənin rəsmilərinin Kiyevin “Bayraktar TB2” pilotsuz təyyarələri almaq planlarına qarşı çıxdığı və üzv ölkələrin əksəriyyətinin bunu dəstəklədiyi bildirilib.

Brüsseldən olan diplomatik mənbə Yunanıstanın və Cənubi Kiprin Avropa İttifaqındakı daimi nümayəndəliklərinin bir müddətdir ki, məsələ üzərində işlədiyini bildirib. İddiaya görə, Yunanıstan və Cənubi Kipr diplomatları Kiyevin “Bayraktar” istehsalçısı “Baykar”a böyük bir sifariş verməyə hazırlaşdığını və bu sifarişin Aİ-dən alınacaq pulla maliyyələşdiriləcəyini gündəmə gətiriblər.

Qəzet “Bayraktar TB2” pilotsuz təyyarələrinin Aİ-nin dəstəyi ilə maliyyələşdiriləcəyi təsdiqləndikdən sonra prosesin Yunanıstan, Cənubi Kipr və Fransa tərəfindən dayandırıldığını yazıb.

24 fevral 2022-ci ildə başlayan Ukrayna müharibəsinin ilk aylarında cəbhədə diqqət çəkən silahlardan biri də məhz “Bayraktar TB2” tipli pilotsuz təyyarələr olub. Ukrayna ordusu müharibənin ilk günlərində Rusiya hədəflərini vuran pilotsuz təyyarələrin görüntülərini tez-tez paylaşırdı.

Lakin müharibənin sonrakı mərhələlərində Rusiya tərəfindən vurulan bir çox pilotsuz təyyarənin görüntüləri sosial mediada yayılmağa başlayıb. O dövrdə Amerika mətbuatında çıxan xəbərlərdə “Bayraktar TB2”lərin demək olar ki, hamısının vurulduğu, qalanlarının isə kəşfiyyat məqsədilə istifadə edildiyi bildirilmişdi.

“Baykar”ın CEO-su Haluk Bayraktar fevralın 7-də verdiyi açıqlamada Kiyev yaxınlığında yeni bir fabrik quracaqlarını və burada ildə 120 TB2 istehsal gücünə sahib olacağını deyib.