"Ali təhsil müəssisələrində tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var". Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, hökumətə təqdim olunan bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsi texniki xarakter daşıyır.
Nazir qeyd edib ki, hər ölkədə ixtisaslar fərqli olduğu üçün ikili diplomlar məsələsi ilə bağlı qanunvericilik uyğunlaşdırılmalıdır.
Maraqlıdır, görəsən, ali təhsil müəssisələrində hansı ixtisasların ləğv olunmasına ehtiyac var?
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov deyir ki, universitetlərdə tədris olunan ixtisaslar zamanın tələblərinə uyğun olaraq daim yenilənməlidir: “Müşahidələr göstərir ki, Azərbaycanda da bəzi ixtisaslar artıq müasir əmək bazarına uyğun deyil. Bu halda həmin ixtisasların ləğv edilməsi, başqa ixtisaslarla birləşdirilməsi və ya daha aktual sahələr üzrə yenilənməsi zərurəti meydana çıxır. Məsələn, etnoqrafiya və ya arxivçilik kimi sahələrdə fəaliyyət göstərən ixtisaslar əmək bazarında kifayət qədər perspektivli sayılmır. Bu sahələrin yerinə daha geniş profilli fənlər təklif edilə bilər. Azərbaycanın bəzi universitetlərində köhnəlmiş texnologiyalar üzərində qurulmuş mühəndislik ixtisasları mövcuddur. Dünya təcrübəsində artıq bu tip ixtisaslar yeni texnoloji sahələrə inteqrasiya edilib. Bir çox dünya universitetləri, xüsusilə inkişaf etmiş ölkələrin təhsil müəssisələri, tələb və təklif balansına əsaslanaraq ixtisaslarını periodik olaraq yeniləyir və bəzi fənləri ümumi proqramlar çərçivəsində birləşdirir. Bu tendensiya yalnız iqtisadi səbəblərə görə deyil, həm də yeni texnologiyaların inkişafı və əmək bazarının dəyişən tələbləri ilə bağlıdır. Azərbaycanda da bu istiqamətdə düşünmək lazımdır. Bəzi ixtisaslar bir zamanlar vacib hesab olunsa da, artıq cəmiyyətdə və iqtisadiyyatda real qarşılığı qalmayıb. Müasir dövrdə əmək bazarı daha çox texnoloji və multidissiplinar biliklərə malik mütəxəssislərə ehtiyac duyur”.
Ekspert vurğulayıb ki, ixtisasların müasir tələblərə uyğunlaşdırılması gələcəkdə məzunların əmək bazarına daha rahat inteqrasiyasına imkan yaradacaq: “Məsələn, müasir dövrdə mexaniki mühəndislik və elektrik mühəndisliyi kimi ixtisaslar bir çox universitetdə "Mühəndislik və Robot Texnologiyaları" və ya "İnnovativ Texnologiyalar" adı altında birləşdirilib. Bu yanaşma tələbələrin həm nəzəri, həm də praktiki biliklər qazanaraq müasir texnologiyaları mənimsəmələrinə imkan verir. Azərbaycanda da köhnəlmiş texniki ixtisasların ləğv edilməsi və yeni texnoloji sahələrə uyğunlaşma zərurəti artıq özünü göstərir. Dünya təcrübəsindən daha bir nümunə olaraq, İsveçdə bəzi universitetlər bir zamanlar populyar olan fərdi menecment və inzibati idarəetmə ixtisaslarını ləğv edərək, onları daha geniş "Biznes və İnnovasiya" proqramları ilə birləşdirib. Bu yolla tələbələr yalnız klassik idarəetmə bilikləri ilə məhdudlaşmır, həm də yeni işgüzar modellər və texnoloji yeniliklərlə tanış olurlar. Azərbaycan universitetlərində də bəzi biznes ixtisaslarının yenilənməsi və daha müasir mövzularla əvəzlənməsi tələb olunur. Məsələn, yalnız kommersiya yönümlü menecment proqramları yerinə startaplar və innovasiya menecmenti üzrə proqramlar təklif oluna bilər. Bundan başqa, xarici təcrübələr göstərir ki, qlobal universitetlər artıq bir çox ənənəvi fənləri ləğv edərək daha çox multidissiplinar proqramlara üstünlük verir. Məsələn, ABŞ və Böyük Britaniyanın aparıcı universitetlərində "Data Science" (Məlumat Elmləri) kimi sahələr artıq geniş yayılan ixtisaslar sırasına daxildir. Azərbaycanda da oxşar multidissiplinar ixtisaslar inkişaf etdirilməli və köhnəlmiş ixtisasların yerini almalıdır. Nəticə etibarilə, Azərbaycan universitetlərində tədris olunan bəzi ixtisaslar yenilənməli, əmək bazarına uyğun olmayan ixtisaslar ləğv edilməli və ya birləşdirilməlidir. Dünya təcrübəsi göstərir ki, təhsildə çeviklik və əmək bazarının tələblərinə uyğunlaşma müasir universitetlərin uğurunun əsas göstəricilərindən biridir. Azərbaycan təhsil sistemi də bu istiqamətdə addımlar ataraq tələbələrə daha perspektivli və müasir ixtisaslar təklif etməlidir".
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi də qeyd edib ki, hazırda universitetlərdəki ixtisasların bir neçəsi mövcud dövrün tələblərinə uyğun deyil: “Bu gün həmin ixtixsaslara əmək bazarında tələbat qalmayıb. Yeni ixtisasların yaradılması daha çox informasiya texnologiyaları yönümlü olmalıdır. Dünya praktikasına nəzər yetirsək, görərik ki, universitetlərdə müasir dövrün tələblərinə uyğun ixtisaslara daha çox yer ayrılır. Nəticələr də uğurludur. Bunlara daha çox yeniliklər etmiş ölkələri – Yaponiya, Cənubi Koreyanı misal göstərmək olar. Ölkəmizdə isə təzə-təzə texnologiyaya yönümlü ixtisaslar yaradılır. Məsələn, kosmik texnologiya ilə bağlı ötən il bir neçə ixtisas yaradılıb. Halbuki bu vaxta qədər yaradılmalı idi. Tələbələrin az sayda müraciət etdiyi ixtisaslar mövcuddur. Düzdür, həmin ixtisaslara ehtiyac var, amma çox deyil. Belə ixtisasların plan yerlərini azaldıb, yerinə digərlərinin plan yerlərini artırmaq daha məqsədəuyğundur. Məsələn, dağ mədən mühəndisliyi, materiallar mühəndisliyi ixtisaslarında 150-200 nəfər yox, cəmi 35-40 qəbul etmək olar. Qalanlarında isə 100 yox, 200 plan yeri yaratmaq məqbuldur. Bu sahədə görünür ki, islahatlara böyük ehtiyac var”.
Ekspert vurğulayır ki, təhsil müəssisələrində əmək bazarında tələbat olmayan ixtisaslara daha çox yer ayrılır. O, bunun dəyişməli olduğunu deyir: “Elə ixtisaslar var ki, ora qəbul planı çoxdur. Yəni o ixtisasa hazırda bir o qədər tələbat yoxdur. Məsələn, turizm işinin təşkili istiqamətində ölkədə kifayət qədər kadr var. Hər il də bu istiqamətdə 3000-4000 tələbə qəbulu aparılır. Bunun sayı azalmalıdır. Əmək bazarında tələbatı daha az olan ixtisaslar var, həmin ixtisaslarda plan yeri azaldılmalı, onun əvəzinə isə daha çox tələbatı olan ixtisaslara yer arılmalıdır. Həmin o tələbat olan ixtisaslar da pedoqoji, İT, maliyyə yönümlü, dizayn, tibb və s. ixtisaslarıdır. Bununla yanaşı qeyd etməliyəm ki, son illər bir çox yeni ixtisasların tədrisinə başlanılıb. Əsasən, İT yönümlü ixtisaslar, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları ixtisası var. Magistratura pilləsində kiber təhlükəsizlik var. Eyni zamanda, 56-cı MBA proqramında “blockchain” ixtisası var. Məncə, bununla paralel biz artıq bakalavr pilləsinə gen mühəndisliyi ixtisası da gətirməliyik. Bundan başqa, uçuş aparatları üzrə mühəndis, həmçinin maliyyə yönümlü ixtisasları universitetlərə gətirmək lazımdır. Əsasən də maliyyə və İT sintezindən yaranan ixtisasları tətbiq etməliyik. Bakalavr və magistr pilləsində bu ixitisaslara tələbat yüksəkdir”.