Zəngəzur dəhlizinin açılması Rusiya üçün prioritet olmalıdır - Ayaz Mütəllibov

18:31 22.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-də Prezident Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərinin əhəmiyyəti müxtəlif istiqamətlərdən təhlil olunmaqdadır. Bu görüş Rusiyanın regiondakı davranışlarına və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqla sülh sazişinə imza atmasına hansı təsirlərini göstərə bilər? Rusiyanın Azərbaycana münasibətdə sərgiləyəcəyi yeni münasibət maraqla izlənilir. Moskva görüşü Azərbaycan-Rusiya münasibətlərində hansı yeni mərhələni açdı?

Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov hafta.az-a açıqlamasında söyləyib ki, Azərbaycanın  dövlət başçısı İlham Əliyevin Rusiya paytaxtında həmkarı Vladimir Putinlə növbəti görüşü dövlətimizin 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra Qarabağın yuxarı hissəsində və Zəngəzurda natamam qalmış işlərini yaxın müddətdə tamamlaya biləcəyinə müəyyən ümidlər yaradır. Təbii ki, görüşün mediaya qapalı hissəsində Ermənistan sərhədindəki və Yuxarı Qarabağdakı vəziyyət barədə daha ciddi müzakirələr olub:

 “Rusiya liderinin "Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsi ilə bağlı kompromis qərarlar tapdığı" üçün İlham Əliyevə təşəkkür bildirməsi xüsusi diqqətçəkən məqamlardan biri oldu. Bəli, Putin də,  Kremldəki digər rəhbər şəxslər də Azərbaycanın nəinki 10 Noyabr  üçtərəfli razılaşmasından keçən 8-9 ayda, eləcə də ondan əvvəlki, torpaqlarının 30 illik işğalı dövründə də Ermənistana və Qarabağdakı separatçı rejimə kifayət qədər güzəştlərə getdiyini gözəl bilirlər.  Həmin müddət ərzində Azərbaycanın işğal altındakı rayonlarımızdan, o cümlədən Qarabağdan, Xankəndidən, Xocalıdan  olan onminlərlə  vətəndaşı doğma  yurdlarının həsrəti ilə dünyalarını dəyişiblər. Ermənilər tərəfindən o yurdlardan məcburi köçürülmüş insanların nəvələri, nəticələri dünyaya gəlib. Çox şükür ki, dövlət başçısının siyasəti, şəhid və qazilərimizin canı-qanı hesabına torpaqlarımızın xeyli hissəsi işğaldan azad olundu. Bundansonrakı vəzifəmiz isə sağ qalan məcburi köçkünlərimizin və onların övladlarının, nəsillərinin Qarabağa, Şərqi Zəngəzura  Böyük Qayıdışını və daimi məskunlaşmasını təmin etməkdir. Əslində, bu işdə 30 ildir sülhdən, sabitlikdən dəm vuran həmsədr ölkələr də fəallıq göstərməlidir. Təəssüf ki, xarici diplomatların son Şuşa səfərində onların məsələyə əsl münasibətini gördük. Yenə də ümid edirik ki, ABŞ və Fransadan fərqli olaraq son razılaşmalarda vasitəçi və qarant kimi iştirak etmiş  Rusiya daha konstruktiv mövqe tutacaq və cənab Putinin dediyi kimi, Azərbaycan tərəfinin son dövrdə getdiyi kompromis və güzəştləri də nəzərə alacaqdır. Həmin güzəştlərdən biri də, yəqin ki, 10 Noyabr razılaşmasından keçən dövr ərzində Azərbaycan tərəfinin Qarabağda, eləcə də Laçın dəhlizi ərazisində qalan və son həftələr atəşkəsin mütəmadi pozulmasına şərait yaradan  erməni silahlı birləşmələrinin mövcudluğuna dözməsidir. Halbuki, razılaşmanın müvafiq bəndinə əsasən həmin silahlılar sülhməramlıların olduğu ərazilərdən çıxarılmalıydı. Ümid edirik ki, Rusiyanın sülhməramlı kontingenti bu yaxınlarda ən azı, həmin qanunsuz silahlı birləşmələrin ərazimizdən çıxarılmasını təmin edəcəkdir. Zəngəzur dəhlizinin açılması da Rusiyanın özü üçün prioritet məsələlələrdən olmalıdır. Bunun üçün isə sərhədlərin delimitasiya və demarkasiya məsələləri də tez bir zamanda həllini tapmalıdır”, – deyə eks-prezident bildirib.

“Onu da bir  daha vurğulamaq lazımdır ki, daim təxribatları gözlənilən düşmən güclərə adekvat müqavimət göstərmək  və Qarabağda, Zəngəzurda, eləcə də ölkə daxilində yerdə qalan vacib problemlərimizi həll etmək üçün 44 günlük müharibədə olduğu kimi, bu gün də, bundan sonra da dövlət-xalq, dövlət-ordu-xalq  ümummilli birliyini daha mütəşəkkil formada təmin etməliyik. Son Qarabağ müharibəsi də sübut etdi ki, biz bir olanda ağlagəlməz işlərin də öhdəsindən gələ bilirik”, - deyə  sabiq dövlət  başçısı vurğulayıb.

Oxunma sayı 4975
Siyasət rubrikasından digər xəbərlər