Ramazan ayının ilk 10 günündə Məkkədə ümrə ziyarətçilərinin sayının 9 milyonu keçdiyi bir vaxtda ticarətdə də sıx bir hərəkətlilik yaşanır - alış-satış rekord həddə çatıb. Digər tərəfdən, Məscidül-Haramı ziyarət edənlərin sayının təxminən 15 milyona çatması ilə ilk günlərə nisbətən alğı-satqı əməliyyatlarında daha çox artım olacağı gözlənilir.
Hafta.az-ın yazdığına görə, Məkkə təqribən 168 milyard riyal ümumdaxili məhsul (ÜDM) qeyd edib ki, bu da təxminləri üstələyir. Həcc və ümrə xərcləri 87 milyard riala çatıb. Bu, ÜDM-in 51 faizini təşkil edir. Mütəxəssislər bu rəqəmlərin Kovid-19 epidemiyasından əvvəlki səviyyələrdə olduğunu bildiriblər. Onlar həmçinin rəqəmlərin Məkkənin yaşadığı inkişaf hərəkatını ikiqat artırdığını söyləyirlər.

Məscidül-Haramı əhatə edən yerli məhsullar, hədiyyələr və qızıllarla dolu satış məntəqələri onlara olan tələbatın həcmini üzə çıxarıb. Geyim mağazaları, restoran və yeməkxanalarda iftardan əvvəl və sonra böyük bir izdiham qeydə alınarkən, təxminən 1100 otel olduğu təxmin edilən otel sektoru, yüz faiz doluluq nisbəti ilə Kovid-19 epidemiyasından sonra ən yüksək əddə çatıb.
Səudiyyə Ərəbistanı Palatalar Şurasının Həcc və Ümrə üzrə Milli Komitəsinin müşaviri Səad əl-Qureyşi yerli mətbuata deyib ki, Məkkədə ticarət həyatı çox yaxşı vəziyyətdədir. O, xüsusilə, otel otaqlarının sayının təqribən 11 minə çatdığını, mehmanxanalarda doluluq nisbətinin isə yüz faizi ötdüyünü bildirib.

Satışlardan danışan əl-Qureyşi, Ramazan ayının başlaması ilə satış və kommersiya trafikinin əvvəlki mövsümlərlə müqayisədə əhəmiyyətli dərəcədə aktivləşdiyini və beləliklə, bir çox marketinq və satış təşkilatlarının ənənəvi satışlarını artırdığını bildirib. Bunlara şirniyyat mağazaları və bərbərxanalar daxildir. Əl-Qüreyşi sözlərinə belə davam edib: “Əvvəllər bu qədər populyar deyildilər. Ancaq indi ən yüksək satışlarını qeyd edirlər, o qədər ki, sifarişinizin gəlməsini uzun müddət gözləməli olursunuz, xüsusən də restoranlarda. Biznesdəki bu canlılıq, əsasən, Covid-19 pandemiyasından sonra çətin bir dövr keçirən və indi görünməmiş artım yaşayan Məkkə və Mədinənin müxtəlif iqtisadi sektorlarında özünü göstərir. Xaricdən gələn ümrə zəvvarlarının əksəriyyəti suvenirlər, qızıl, geyim və ümrəni cəlb edən digər əşyalara diqqət yetirir. Kovid-19 epidemiyası zamanı bütün dünya kimi misli görünməmiş bir vəziyyətdən keçən Məkkə, xalqının və ziyarətçilərinin insan həyatının keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verən “Məkkə Yolu” təşəbbüsü ilə müxtəlif həyat fəaliyyətlərində yeni mərhələyə hazırlaşır”.
Əl-Qüreyşinin qeyd etdiyi “Məkkə Yolu” təşəbbüsü növbəti əsr üçün ruhlandırıcı proqram olmağa hazırlaşır. Bütün sektorlarda böyük genişlənmə var və müxtəlif sahələrdə xidmət göstərmək üçün yeni şirkətlər formalaşır.
Bu ilin əvvəlində Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Dr. Tevfik ər-Rabianın başçılıq etdiyi bir sıra nazirlər “Expo Hajj 2023” yarmarkası və konfransı zamanı “Ən mərhəmətlilərin qonaqları” xidmət sisteminin inkişaf mərhələsində olduğunu və böyük dəyişikliklərə məruz qaldığını təsdiqləyiblər. Səudiyyə Ərəbistanının Sənaye və Mineral Ehtiyatlar Naziri Bəndər əl-Harif bunu bütün dövlət sektorlarının nəzarəti altında inteqrasiya olunmuş bir sistem olaraq xarakterizə edib və "Məkkədə istehsal" və ya "Mədinədə istehsal" kimi detalların olacağını bildirib.
Səudiyyə Ərəbistanının Nəqliyyat və Logistika naziri Mühəndis Saleh bin Nasser əl-Casirin sözlərinə görə, Krallıq bir sıra infrastruktur xidmətlərindən əlavə, zəvvarlara xidmət göstərmək üçün, məsələn, 8 min kilometrdən artıq olan yol şəbəkəsi inşa edib. Məkkə-Mədinə yolunda “Haramayn” Yüksək Sürətli Qatar, Ciddə Kral Əbdüləziz Hava Limanı və Mədinədə Şahzadə Məhəmməd bin Əbdüləziz Hava Limanı kimi sərmayələrlə nəqliyyata da töhfə verib.
Bu addım Səudiyyə Ərəbistanının iki müqəddəs məscidin qurulmasından bəri göstərdiyi ən yüksək diqqəti təmsil edir. Səudiyyə Ərəbistanının “Hədəf 2030” strategiyasının bir hissəsi olaraq, Məkkə iqtisadiyyatı qlobal səviyyədə irəliləyiş əldə edəcək və yaxın bir neçə ildə ümrəyə gələnlərin sayı 30 milyon nəfərə çatacaq.