"Türkiyə - Ermənistan sərhədlərinin açılmasından erməni xalqı ilə yanaşı qonşu ölkələr də faydalanacaqlar".
Hafta.az-ın yazdığına görə, bu sözləri Ankarada səfərdə olan, Yaponiya vətəndaşı, "Yaponiyadan bir məktub-Strateji Sakitlik: ermənilərin səssizliyi" əsərinin müəllifi İver Torikyan deyib. Əvvəllər bir müddət İstanbulda yaşayan erməni alim, "Türk-Erməni münasibətlərində yanlış bilinənləri" araşdırdığı əsərinin yaratdığı əks-səda ilə Türkiyə-Ermənistan münasibətlərinin yenidən inkişafına dair bəzi məqamlara aydınlıq gətirib. Deyib ki, Ankara ilə İrəvan arasında zəif əlaqələr daha çox ermənilərə mənfi təsir edir. Onun fikrincə, dənizə çıxışı olmayan və yeraltı sərvətlər baxımından çox kasıb olan Ermənistanın indiyədək Türkiyə ilə dil tapmaması, Ermənistan dövlətinin və xalqının iqtisadi böhrana düşməsinə səbəb verib.
Torikian deyib ki, iki ölkə arasında birbaşa uçuşların yenidən açılması, xüsusilə də Türkiyədə yaşayan ermənilər üçün çox faydalı olacaq.
"Dünyadakı 8 milyon erməninin yalnız 2 milyon nəfəri Ermənistanda yaşayır. Bu mənada, xaricdə qazandıqları valyutanı ölkəyə göndərən diaspor ermənilərinin ölkədaxili siyasətə təsiri çox böyükdür" deyən Torikyana görə, xaricdəki erməni diasporunun Ankara-İrəvan münasibətlərinə dair mövqeyi Ermənistan əhalisinin mövqeyindən kəskin fərqlənir.
"Bu gün Ermənistan xalqı öz qərarlarını özləri verə bilməyən yazıq vəziyyətindədir. Xaricdəki ermənid diasporu dövlətin bütün strukturlarına təsir göstərir. Bu isə çox acınacaqlıdır. Diaspor erməniləri Ankara ilə İrəvan arasında son vaxtlar qeydə alınan razılaşmalara qarşı çıxırlar" deyən Torikyanın fikrincə, onlar sadəcə təsirindən çıxa bilmədikləri ideoloji basqılar altındadırlar. Hansı ki, ABŞ və Fransadakı ermənilər dolanışıq yollarının Ankara-İrəvan əlaqələrinin düzəlməsindən nəinki mənfi təsirə məruz qalmayacağını, əksinə özlərinin də bu yaxınlıqdan yararlana biləcəklərini başa düşürlər.
"Bu gün Ermənistanda yaşayan xalqın əksər qismi Türkiyə ilə daha yaxşı əlaqələrin olmasını, sərhədlərin açılmasını arzulayır", - deyib erməni alim Torikyan.