"Fələstin məsələsi iki dövlətli həll yolu ilə çözülə bilər" - Feysəl bin Fərhan

10:52 19.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan bildirib ki, Fələstin-İsrail münaqişəsi müstəqil Fələstin dövləti olmadan həll edilə bilməz.

Hafta.az-ın yazdığına görə, Səudiyyə Ərəbistanı dövlət televiziyasına verdiyi açıqlamada Fərhan, "İki dövlətli həll təklifi yenidən gündəmə gətirilməlidir" deyib. 

Bir müddətdir ki, ABŞ-ın rəhbərliyi ilə İsraillə Səudiyyə Ərəbistanı arasında normallaşma danışıqları aparılsa da, Səudiyyə Ərəbistanının diqqəti çəkən müzakirələrindən biri də “iki dövlətli həll” ideyası olub. İsraillə normallaşma müqabilində Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlardan nüvə proqramına kömək etməyi, təhlükəsizlik zəmanəti verməsini və ABŞ silahlarına giriş məhdudiyyətlərini azaltmağı tələb edir.

Digər tərəfdən, son zamanlar ərəb mətbuatında Səudiyyə Ərəbistanının İsraildəki ifrat sağçı hökumətə görə İsraillə danışıqları dayandırdığına dair xəbərlər yayılıb. Lakin ABŞ Dövlət Departamenti bu xəbərləri təkzib edib və danışıqların davam etdiyini bildirib.